Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-964/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili X5, tərcüməçi kimi məhkəməyə dəvət edilmiş X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2019-cu ilin sentyabr ayından mülki nikahda olmaqla, birgə təsərüffat apararaq, ər-arvad kimi faktiki olaraq yaşamışlar. Bu zaman bir övladları dünyaya gəlmişdir. xx.xx.2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdeh ilə bir müddət birgə yaşadıqdan sonra aralarında ailə həyatı faktiki olaraq pozulmuşdur. Belə ki, dəfələrlə ailə problemləri yaranmış və hazırki dövrə qədər də acınacaqlı şəkil almışdır. Evlərində tez-tez söz-söhbətlər baş vermiş, ümumiyyətlə evin problemlərinə biganə qalmış, qadın kimi ona hörmət etməmişdir. Onların artıq ər-arvad münasibətləri artıq kəsilmişdir, birgə təsərrüfat aparmırlar. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay üçün cavabdehdən stabil olaraq 220 manat, həmçinin övladlarının 3 yaşına çatana kimi əlavə olaraq 100 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və alimentin artırılmasına birmənalı olaraq razı olmadığını bildirmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin vəkili X9 iddia tələbini qəbul etməyərək və verilmiş etirazı müdafiə edərək bildirmişdir ki, cavabdeh aylıq 700 manat əmək haqqı alır, aylıq 220 manat aliment ödəmək onu maddi cəhətdən çətinə salacaqdır. Həmçinin iddia tələbində əlavə olaraq uşaq üçün 3 yaına çatanadək aylıq 100 manat tutulması xahiş olunmuşdur. Lakin tərəflərin övladı xx.xx.2020-ci il təvəllüdlü X6 tam sağlamdır, heç bir xəstəliyi yoxdur, əlavə müalicə və təhsil xərci yoxdur. Buna görə də belə bir tələbin qoyulması tam əsassızdır. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
6. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-167/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilməsi, 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı 501010 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında dəyişiklik edilərək X3 atası X7 (milliyəti – ukraynalı) qeyd olunması və buna müvafiq olaraq doğum haqqında şəhadətnamədə dəyişikliklərin aparılması Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, Cavabdeh 23 fevral 2021-ci il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
8. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/3-01960 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər arasında mövcud mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmiş, yəni tam mediasiya sessiyasında keçid baş verməmiş və barışıq sazişi əldə edilməmişdir.
9. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş AZ-İ № 418858 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin 04 ayının 07 günündə 112 № ilə qeyd edilmişdir.
10. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 722921 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
11. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda bildirilmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, 700 manat əmək haqqı alır, 220 manat aliment tutulması onu maddi çətinliyə salır və yaşamağı üçün vəsait ona çatmır. Onunla əlavə olaraq anası, xalası və nənəsi yaşayırlar. Onlar yaşlı şəxslərdir, nənəsi və anası təqaüd alırlar, xalası isə işləmir. Onları saxlamağa məcburdur. Anası ikinci qrup əlildir. Əlavə uşağın 3 yaşına qədər hər ay 100 manat alimentin tutulması hissəsinə də etiraz edir. Uşaq sağlamdır, xəstə deyil, əlavə hər hansı müalicə və təhsil haqqı yoxdur.
12. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" MMC firmasında işləyir. Firmanın administrator vəzifəsində işləyir və onun vəzifə maaşı 700 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikahdan kənar münasibətlərindən bir övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-167/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq hər uşaq 220 manat sabit pul məbləğində alimentin və 3 yaşına çatandək 100 manat məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
15. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
16. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
17. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
22. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh işləyir, əmək haqqı məbləği 700 manat təşkil edir.
27. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
29. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment (rəsmi iş yeri mövcud olduğu üçün), habelə 45 manat sabit pul məbləğində aliment (geriyə qalan minimumum 220 manat aliment məbləğini tamamlamaq üçün) tutularaq İddiaçı ödənilməlidir.
30. Həmçinin, iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır.
31. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
32. Məhkəmə, cavabdehin əmək haqqısının yetəri qədər olmamasını və övladının saxlanılması üçün alimentin ödənilməsinə cəlb olunduğunu nəzərə alaraq, hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin “üç yaşına çatanadək vəsaitin tutulması” hissəsi ilə bağlı iddia tələbi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Alimentin tutulması həmin tarixdən hesablanmalıdır.
35. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
37. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
38. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (270-175=95 AZN. 95 x 12 = 1140 AZN. 140 x 1% = 1,4 AZN. 30+1,4= 31,4 AZN)
39. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
40. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 31,4 AZN məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
41. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 31,4 AZN məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-167/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləği artırılaraq hər ay qazancının 1/4 hissəsi miqdarda aliment, habelə 45 AZN (qırx beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 50 AZN (əlli manat) məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamənin “uşaq üç yaşına çatanadək alimentin tutulması” tələbi ilə bağlı hissəsi dərhal icra edilsin. Cavabdeh 31,4 AZN (otuz bir manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov