Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-97/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mərkəzi Bank mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına əsassız olaraq hesablanmış 3878,39 ABŞ dolları borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” ASC arasında bağlanmış 27.11.2015-ci il tarixli, 0444/15/PB saylı kredit müqaviləsinə əsasən Bank ona illik 26 faiz olmaqla, 36 ay müddətinə, 25000 ABŞ dolları pul vəsaiti vermişdir. Sözügedən kredit müqaviləsinin təminatı olaraq onunla cavabdeh hüquqi şəxs arasında bağlanmış 27.11.2015-ci il tarixli, 0444/15/PB İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan 2007ci il buraxılışlı, WDD2211711 Al60148 bank nömrəli “Mercedes-Benz” S 500 minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmçinin onunla “xxxx” ASC arasında bağlanmış 0444/15/PB saylı ödəniş cədvəlinə əsasən o, 27.12.2015-ci il tarixindən hər növbəti ayın 27-si tarixində aylıq 1008 ABŞ dolları məbləğində pul vəsaitini hazırki iş üzrə cavabdehə ödəməli idi. Məlum olduğu kimi ölkə ərazisində baş verən iki ardıcıl devalvasiyalardan sonra ölkə vətəndaşlarının əksər hissəsində qeydə alınan maddi sıxıntılar ondan da yan ötməmişdir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn tələbləri pozmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən Bankla yenidən danışıqlar aparmaq məcburiyyətində qalmışdır. Lakin “xxxx” ASC ona heç bir güzəşt etmədi. Azərbaycan Respublikası Maliyyə X4 ünvan 1 ünvanladığı ərizəyə əsasən “xxxx” ASC-nin lisenziyası 21.07.2016-ci il tarixində ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Maliyyə X3 (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “xxxx” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və Məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. “xxxx” ASC-nin nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Onun Banka dəfələrlə şifahi olaraq yaxınlaşmağına və ölkə iqtisadiyyatının tənəzzülünə əhəmiyyət verməyən sözügedən təşkilat eyni zamanda da hal-hazıradək Banka etdiyi ödənişləri nəzərə almamışdır. Bu ona maddi və mənəvi cəhətdən çox iztirablar vermişdir. Belə ki, o, sonuncu dəfə Banka yaxınlaşdığında borc məbləğinin həddindən artıq çox şişirdilməsi ilə bağlı ona şifahi məlumat verilmişdir. Bu səbəbdən o, məcbur olub cababdeh təşkilata 27.03.2019-cu il tarixli məktubla müraciət edərək həmin günə olan borc məbləğinin miqdarı barədə yazılı məlumat verilməsini xahiş etmişdir. “xxxx” ASC-nin ona ünvanladığı 724/pB saylı, 03.04.2019-cu il tarixli arayışa əsasən onun Banka 03.04.2019-cu il tarixə 16488,01 ABŞ dolları əsas borcu, 2391,93 ABŞ dolları faiz borcu, 48746,31 ABŞ dolları cərimə borcunun olduğu barədə məlumat vermişlər. Bütün bunlardan belə nəticəyə gəlmək olmaq olar ki, Bank onun ödənişlərini nəzərə almamış və ya ödəniş etdiyi pul vəsaitlərindən qanunamüvafıq silinmə aparmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya illik 26 faiz olmaqla, 36 ay müddətinə, 25000 ABŞ dolları pul vəsaiti vermişdir. İddiaçının ödənişdə gecikmələri olub deyə ödədiyi məbləğlərin bir hissəsi faizə silinmiş, sonuncu ödəniş 2019-cu ilin mart ayında 700 ABŞ dolları olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank (kreditor) İddiaçı (borc alan) illik 26 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 724/PB saylı, 03.04.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı 27.11.2015-ci il tarixli, 0444/15/PB saylı kredit müqaviləsi üzrə 03 aprel 2019-cu il tarixə “xxxx” ASC-yə 16488,01 ABŞ dolları məbləğində əsas borc, 2391,93 ABŞ dolları faiz borcu, 48802,31 ABŞ dolları məbləğində cərimə borcu hesablanmış, 56 ABŞ dolları ödənilmiş, 48746,31 ABŞ dolları cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “X6” MMC-nin 25.01.2021ci il tarixli, 41 saylı rəyindən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 03 aprel 2019-cu il tarixə “xxxx” ASC-yə 12609,62 ABŞ dolları əsas borc, 2661,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15271,28 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC İddiaçı illik 26 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd edilən müqavilə üzrə ödəniş etdiyi pul vəsaitlərindən əsas borc üzrə qanunamüvafıq silinmə aparılmadığını bildirmiş və artıq hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş maliyyə arayışına əsasən “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə sonuncunun 03 aprel 2019-cu il tarixə banka olan əsas borc məbləğinin 16488,01 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində təqdim olunmuş ekspert rəyinə əsasən isə tərəflər arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 03 aprel 2019-cu il tarixə “xxxx” ASCyə 12609,62 ABŞ dolları əsas borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya hesabladığı 16488,01 ABŞ dolları əsas borc məbləği ekspert tərəfindən verilmiş rəy ilə təkzib olunur. Məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli və cavabdehin iddiaçıya hesabladığı 16488,01 ABŞ dolları əsas borc məbləğinin 3878,39 ABŞ dolları hissəsi (16488,01 ABŞ dolları - 12609,62 ABŞ dolları) əsas borcdan silinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından sonuncunun pozulmuş hüquqları və qanunla qorunan mənafelərinin real bərpasının təmin olunması baxımından iddia tələbi təmin olunmalı, 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı hesablanmış əsas borc məbləğinin 3878,39 ABŞ dolları hissəsi əsas borcdan silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı hesablanmış əsas borcun 3878,39 ABŞ dollar hissəsi silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-97/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-97/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver