Məhkəmə qərarları › İş №2(006)-975/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-975/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-975/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “artıq tutulmuş valyutanın geri qaytarılması və təzminat tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “artıq tutulmuş valyutanın geri qaytarılması və təzminat tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankın aldadıcı və təzyiqedici təklifi ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilərək, əvəzində "hüquqi don" geyindirilmiş, iddiaçını da onun iştirakçısına çevirmiş, 11 iyun 2015-ci il tarixli yeni kredit müqaviləsi bağlanmışdır. Həmin iki müqavilə arasında ödəniş edilmiş 827,27 ABŞ dollarının 512,27 ABŞ dolları yoxa çıxmışdır və yaxud mənimsənilmişdir. 11 iyun 2015-ci il tarixli müqaviləyə görə iddiaçı 30 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, yenidən 923,27 ABŞ dolları faiz ödəməklə ödəniş etməli idi. 27 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla 810 ABŞ dolları ödəməli idi. Devalvasiya zamanı kredit ödənilməsində çətinliklər yaranmış və hazırkı iş üzrə cavabdeh "X4" ASC kredit borcunun ödənilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi də iddiaçıdan 2615 ABŞ dolları borcun ödənilməsini qət etmişdir. Məhkəmənin 2(075)- 5983/2015 saylı qətnaməsinə qədər 219,98 ABŞ dolları, məhkəmənin qərarından sonra 28 fevral Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına qədər olan müddətdə 1534,72 ABŞ dolları pulu məhkəmə qərarına əsasən ödəniş etmişdir. Borc məbləği bitməyinə baxmayaraq, hələ də iddiaçının pensiyasından tutulmalar davam edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 saylı Fərman imzalanmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklara 1 (bir) ay müddətində həmin kreditlərə hesablanmış cərimə və faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Buna baxmayaraq, faiz borcları və cərimələr silinməmiş və nəticədə kredit məbləği düzgün hesablanmamışdır. Həmin fərmana görə iddiaçının da problemli krediti həll olunmalı idi. Lakin onun krediti həmin Fərmanla tənzimlənməmiş, ümumiyyətlə Maliyyə Bazarına Nəzarət Palatasının yaratdığı informasiya sistemindəki sorğuda heç bir qeydiyyat yoxdur. Yəni, cavabdeh tərəf kredit barədə Maliyyə Bazarına Nəzarət Palatasına heç bir məlumat verməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, bu günədək heç bir tədbir görülməmişdir. Kredit müqaviləsinə uyğun cədvəlləri tələb etsə də, heç birini vermədilər. Bununla da cavabdeh Azərbaycan Respublikasının qanunvericiliyinə laqeyd yanaşmış, iddiaçıya və onun kimi yüzlərlə, bəlkə də daha çox müştəriyə qarşı hörmətsizlik, qərəzli, ziddiyyətli və ədalətsiz mövqe göstərmiş, onun tərəfindən verilmiş ərizə, şikayətlərə baxılmamış, heç bir cavab verilməmişdir. "xxxx" bank qanunları ilə yox, Azərbaycan dövlətinin qanunları ilə işləməlidir. Bu səbəbdən də cavabdehdən 3000 manat təzminat tələb edir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün Fərmanın bütün tələbləri onun problemlərinə uyğun gəldiyi üçün problem həllini tapmalı və ona da qanunla müəyyən edilmiş qaydada kompensasiya hesablanmalıdır. Cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179, 308 və 309- cu maddələrinin tərkib əlamətləri vardır. Bu səbəbdən də cavabdehin barəsində xüsusi qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 555 nömrəli Fərmanı ilə əlaqədar, həmin Fərmanın 6.2-ci bəndinə əsasən vaxtı keçmiş kredit borclarının restrukturizasiyasının iddiaçıya aid edilməsi, faiz və cərimələrin silinməsi və bundan sonra kredit müqaviləsinin yenidən hesablanması barədə; "X4"nın Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozması, Azərbaycan Respublikasının qanunlarına qarşı kobud və ziddiyyətli münasibəti, müştərilərin aldadılması və hüquqlarının pozulması, onların pul vəsaitinin dolayı yollarla mənimsənilməsi, ərizə və şikayətlərə baxılmaması nəticəsində artıq tutulmuş valyutanın geri qaytarılması və bunun müqabilində 3000 manat təzminat ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. 31 dekabr 2019-cu il tarixdən sonra restrukturizasiyanın müddəti bitir. Həmin tarixdən sonra kredit müqavilələrinin restrukturizasiyası bankın öz səlahiyyəti daxilində idi. Bu da o deməkdir ki, bankın restrukturizasiyadan imtina etmək səlahiyyəti var idi. Vətəndaş müddəti ötürüb. İddiaçının hal hazırda banka borcu vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 11 iyun 2015-ci il tarixli, 2514nkSHEK/15 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, Bank borcluya 30 ay müddətinə illik 25% ödəmək şərti ilə 2615 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hesablanmış kompensasiya məbləği Palata tərəfindən xx.xx.2014-cü il tarixli, 6911tkSHEK/14 saylı müqaviləyə yönləndirilmiş və bu müqavilə üzrə qalıq borc fərman çərçivəsində, xx.xx.2019-cu il tarixində, 242,43 manat məbləğində restrukturizasiya edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı devalvasiyadan əvvəl qalıq borcu 342,40 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 314,01 ABŞ dolları manat əsas borcu mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2685 saylı, 25 may 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, PK-2012-02 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı 29 mart 2022-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) banka olan borcu 2427,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 297,77 ABŞ dolları, faiz borcu üzrə 2129,80 ABŞ dolları. Qeyd edilir ki, iddia olunan faiz borcu ilə ekspertiza tədqiqatının gəldiyi nəticə arasındakı kəskin fərqə səbəb iş materiallarında xx.xx.2015-ci il tarixli, PK-2012-02 saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 555 nömrəli Fərmanı ilə əlaqədar, həmin Fərmanın 6.2-ci bəndinə əsasən vaxtı keçmiş kredit borclarının restrukturizasiyasının iddiaçıya aid edilməsi” hissəsi ilə bağlı qeyd ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Göründüyü kimi İddiaçı cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi məlum Fərmanın təsiri dairəsinə düşmüş, kompensasiya məbləği xx.xx.2014-cü il tarixli, 6911tkSHEK/14 saylı müqaviləyə yönləndirilmiş və bu müqavilə üzrə qalıq borc fərman çərçivəsində, xx.xx.2019-cu il tarixində, 242,43 manat məbləğində restrukturizasiya edilmişdir. Məhkəmə iddia tələbinin “faiz və cərimələrin silinməsi və bundan sonra kredit müqaviləsinin yenidən hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı 29 mart 2022-ci il tarixədək banka olan borcu (o cümlədən əsas borc üzrə 297,77 ABŞ dolları, faiz borcu üzrə 2129,80 ABŞ dolları) 2427,57 ABŞ dolları məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin "X4"nın Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozması, Azərbaycan Respublikasının qanunlarına qarşı kobud və ziddiyyətli münasibəti, müştərilərin aldadılması və hüquqlarının pozulması, onların pul vəsaitinin dolayı yollarla mənimsənilməsi, ərizə və şikayətlərə baxılmaması nəticəsində artıq tutulmuş valyutanın geri qaytarılması və bunun müqabilində 3000 manat təzminat ödənilməsi” hissələri ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASCyə qarşı “artıq tutulmuş valyutanın geri qaytarılması və təzminat tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “artıq tutulmuş valyutanın geri qaytarılması və təzminat tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar