Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-976/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə,Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqaviləyə əsasən 450 manat məbləğində kredit xətti (overdraft) limiti açılmışdır. Həmin məbləğ kredit xəttinin (overdraftın) limiti kimi müəyyən edilir. Kredit xətti (overdraft) limitinin bu müqavilənin 1-ci bəndində qeyd olunan Müştərinin əmək haqqı köçürülən hesab üzrə plastik kartın müddəti bitənədək yəni xx.xx.2017-ci il tarixədək açılır. Kredit xəttinin (overdraft) limitinin müddəti əmək haqqı köçürülən hesab üzrə plastik kartın müddətindən çox olmamalıdır. Müqavilənin bitmə tarixi xx xxxxxxxx 2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinə dək cavabdehin iddiaçıya 258,29 manat əsas, 124,34 manat faiz, 124,34 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,76 manat borc, ümumilikdə 549,73 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 258,29 manat əsas, 124,34 manat faiz, 124,34 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,76 manat borc, ümumilikdə 549,73 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 200 manat olmuş və iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. İddia ərizəsinin məhkəməyə xx.xx.2020-ci il tarixdə verilməsini nəzərə aldıqda iddia müddəti keçməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıdan xx xxxxxxxx 2016-cı il tarixli 51-70192810-11 saylı hesabından kredit (overdraft) götürmüş və xx xxxxxxx 2016-cı il tarixində həmin krediti (overdraft) tam olaraq ödəmişdir. bu fakt Azərbaycan Kredit Bürosunun xx xxxxxx 2020-ci il tarixli SF-13044 saylı çıxarışının 4.10-cu bəndində qeyd edilmişdir. İddiaçı tərəfindən hər hansı rəsmi müraciətlər ünvanına və yaxud yaşayış yerinə göndərilməmişdir. Bundan əlavə, iddiaçının, onun iş yeri Azərbaycan Respublikası Mərkəzi Bankı barədə məlumatı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı olaraq 2008-ci ildən 2016-cı ilədək iddiaçıda olan kart hesabı vasitəsi ilə əmək haqqı almışdır. Eyni zamanda iddia tələbini iddia müddətinin keçməsi ilə əlaqədar olaraq əsassız hesab edir. Sonda cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 18 faiz olmaqla 450 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli SF-13044 saylı Azərbaycan Kredit Bürosundan çıxarışın 4.10-cu bəndindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 51-70192810-11 hesab nömrəli 450 manat məbləğində kredit xətti müqaviləsi üzrə borcu tam ödənilmiş, əsas və faiz borcları üzrə gecikdirilmiş günlər olmamışdır. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının kredit xətti üzrə xx.xx.2017-ci il tarixdə 200 manat məbləğində ödəniş olmuş, dövrün sonuna qalıq borcu olmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli **********378 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixinə cavabdehin borcu 258,29 manat əsas, 124,34 manat faiz, 124,34 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 42,76 manat faiz olmaqla, ümumilikdə 549,73 manat məbləğində borc təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 faiz olmaqla 450 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqavilə üzrə borc 2017-ci ildə tam ödənilməklə öhdəlik icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli SF-13044 saylı Azərbaycan Kredit Bürosundan çıxarışın 4.10-cu bəndindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 51-70192810-11 hesab nömrəli 450 manat məbləğində kredit xətti müqaviləsi üzrə borcu tam ödənilmiş, əsas və faiz borcları üzrə gecikdirilmiş günlər olmamışdır. Bundan əlavə, məhkəmə iddia tələbinin cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla borca münasibətdə hesab edir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya borcunun, həmçinin əsas və faiz borcları üzrə gecikdirilmiş günlərin olmaması müəyyən olunduğundan iddia həmin hissələrdə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, KM051t09160078S01 saylı kredit xətti (overdraft) limitinin ayrılmasına dair müqavilədən göründüyü kimi müqavilə xx xxxxxxxx 2017-ci il tarixədək bağlanmışdır ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Lakin iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh müqavilə üzrə iddiaçının hesabına xx.xx.2017-ci il tarixdə ödəniş etməklə borcu etiraf etməsini göstərən hərəkət etmişdir ki, bununla da iddia müddətinin axımı xx.xx.2017ci il tarixdən yenidən başlanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia müddəti keçmədiyindən hazırki iddia üzrə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-976/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-976/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver