Məhkəmə qərarları › İş №2(006)-977/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-977/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-977/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X12, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X1, Üçüncü şəxs «X10» MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya şöbəsinə və «X10» MMC-yə qarşı «protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması, əsas borc, əldən çıxmış fayda, hüquqi xidmətə görə ödənilmiş və ödəniləcək pulun və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı «əsas borc, əldən çıxmış fayda, hüquqi xidmətə görə ödənilmiş və ödəniləcək pulun və dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat vəsaitini qaytarmadığına görə 40.000 manat əsas borc, 13.333 manat əldən çıxmış fayda, 3.333 faiz, vəkilə ödədiyi 210 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1.000 manat, eləcə də 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «X10» MMC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işə cəlb etməklə, «X10» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli 013 saylı protokolun etibarsız hesab edilməsi; 40.000 manat vəsaitini qaytarmadığına görə 40.000 manat əsas borc, 13.333 manat əldən çıxmış fayda, 3.333 faiz, vəkilə ödədiyi 210 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1.000 manat, eləcə də 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «X10» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli 013 saylı protokolun etibarsız hesab edilməsi; protokol əsasında bağlanmış alğı-satqı müqavləsinin ləğv edilməsi; 40.000 manat vəsaitini qaytarmadığına görə 40.000 manat əsas borc, 13.333 manat əldən çıxmış fayda, 3.333 faiz, vəkilə ödədiyi 210 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1.000 manat, eləcə də 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X10» MMC 11.01.2019-cu il tarixə hərrac elanı vermişdir. Həmin hərracda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli 2(004)- 7886/2017 saylı qətnaməsinin icrası olaraq Yasamal rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında borclu X7 məxsus Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 203 A saylı evin 20 saylı mənzili satışa çıxarılmışdır. «X10» MMC tərəfindən keçirilən 11.01.2019-cu il tarixli hərracda iştirak edərək, 40.000 manata Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 203 A saylı evin 20 saylı mənzilini hərrac yolu ilə almışdır. Hərracın tələbi üzrə 40.000 manat vəsaiti Yasamal rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmişdir. «X10» MMC hərracın yekunu barədə 11.01.2019-cu il tarixli 13 saylı protokol tərtib edərək və onunla 11.01.2019-cu il tarixdə «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» müqavilə bağlamışdır. «X10» MMC hərracın yekunu barədə 11.01.2019-cu il tarixli 13 saylı protokol hərrac təşkilatı ilə yanaşı eyni zamanda Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edildi. Yasamal rayon İcra və Probasiya Şöbəsi qeyd olunan vəsaiti bankın hesabına ödəmişdir. Banka yaxınlaşıb əmlakın yüklülüyünün götürülməsi brədə sənədləri Dövlət Reyestr xidmətinə məktub verilməsini tələb etdikdə ona bildirmişlər ki, qeyd olunan əmlak ləğv prosesində olan başqa bir bankda «xxxx» ASC-də yüklü olduğundan verə bilməyəcəklər. Əmanətlərin Sığortalanması Fonduna bildirəndə ki, hər iki bankın ləğvedicisi Fonddur, onun üçün fərqi yoxdur, vəsait hansı banka ödənilir-ödənsin, hər ikisinin də sərəncam verəni Fond olduğundan Fond tənzimləyə bilər. Lakin bir faydası olmamışdır. O, ödədiyi vəsaitin geri qaytarılmasını bankdan və icra şöbəsindən xahiş etmişdir. Bankdan ona Əmanətlərinin Sığortalanması Fonduna müraciət etməsini bildirmişlər. Fondda olmasına baxmayaraq vəsaitin qaytarılmasına nail ola bilməmişdir. Yasamal rayon İcra və Probasiva Şöbəsi də banka müraciət etsə də, vəsait geri qaytarılmamışdır. Hesab edir ki, cavabdeh hüquqa zidd davranışları ilə ona külli miqdarda zərər vurmuşdur. Belə ki, mübahisənin bankla olduğunu nəzərə alaraq qeyd olunan 40.000 manatı depozit kimi hansısa banka, məsələn «xxxx» ASC-yə 10,5 %-lə depozit olaraq qoysa idi, 40.000 manat x 10,5 % = 4.200 manat 1 illik, 4.200 manat :12 ay = 350 manat x 8 = 2.800 manat 8 aylıq. 4.200 manat + 2.800 manat = 7.000 manat gəlir əldə edə bilərdi. Məhkəmənin diqqətinə çatdırır ki, buna passiv gəlir deyilir. Yəni, sahibkarlıqla məşğul olmadan, sahibkarlıqla məşğul olan şəxslərə pulunu verərək onların əldə etdiyi gəlirdən pay almaq. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması 20 faiz səviyyəsində götürülür. 40.000 manat x 20 % = 8.000 manat. 8.000 manat : 12 ay = 666 x 8 ay 5.333,33 manat 8 ay. 8.000 manat + 5.333 manat = 13.333 manat 1 il 8 ayda əldə edəcəyi gəlir ola bilərdi. Unutmaq lazım deyil ki, Nazirlər Kabineti də bu gəliri minimumla götürmüşdür. Fəal biznesdə gəlirlərin dəfələrlə çox olması real olduğu görünməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442 və 449.1 -ci maddələrinə əsasən öhdəliyin icra edilməməsinə görə əsas borc, faiz və əldən çıxmış fayda tələb edilə bilər. Mülki Məcəllənin 443.3-cü maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 443.4, 4435 və 443.7-ci maddələrinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir və borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavillədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilnİş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hesab edir ki, 40.000 manat x 5 % = 2.000 manat illik : 12 = 167 manat x 8 ay = 1.333 manat. 2.000 manat + 1.333 manat = 3.333 manat 1 il 8 ay. Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hesab edir ki, onun 40.000 manat vəsaitini qaytarmadığına görə cavabdehdən 40.000 manat əsas borc, 13.333 manat əldən çıxmış fayda, 3.333 faiz, vəkilə ödədiyi 210 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1000 manat, eləcə də ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edilmiş, Xətai rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli 2(011)-6224/2020 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardada əsasən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Nəsimi rayonu Bül-bül prospekti 40 olduğundan MPM-in 35-ci maddəsinə əsasən iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, təmsil etdiyi bank tərəfindən verilən kredit təminatsız kredit olsa da, burda Bankın hər hansı günahı yoxdur, məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq olaraq hərrac keçirilmiş və həmin hərrac baş tutmuşdur. Hesab edir ki, iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu onlara hesab nömrəsi vermişdir ki, pul vəsaiti həmin hesaba ödənilsin. DƏDRX-yə sorğu vermişlər, lakin Xidmət onlara mənzilin yüklü olmasına dair məlumat verməmişdir. Buna görə də qeyd edilən hərrac keçirilmişdir. Onlar tərəfindən Mərkəzi Banka da yazılı müraciət edilmiş, Mərkəzi Bankdan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Üçüncü şəxs «X10» MMC-nin nümayəndəsi X8 izahatında bildirdi ki, onlara icraçılar tərəfindən sifariş verilmiş, sifariş məktubu göndərilmiş və hərrac baş tutmuşdur. Əmlak 40.000 manata satılmışdır. Alıcı ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Hərracın yekunları üzrə müqavilədə texniki səhv gedərək, 11.01.2019-cu il göstərilməli olduğu halda 2018 göstərilmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli 2(004)-7886/2017 saylı icra sənədinə əsasən X4 22.557 ABŞ dolları 74 sent tutularaq Cavabdeh1 ASC-yə ödənməlidir. İcraat zamanı (Yasamal rayon İcra və Probasiya şöbəsində) borclu X5 mülkiyyətində aşkar edilmiş Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 203 A saylı evin 20 saylı mənzilinin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Daha sonra həmin mənzil «xxxx» MMC tərəfindən 40.000 manata qiymətləndirilmiş və 11.01.2019-cu il tarixdə «X10» MMC tərəfindən keçirilmiş hərrac zamanı 40.000 manata İddiaçı satılmışdır. Sonradan məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 203 A saylı evin 20 saylı mənzili «xxxx» ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən, sözügedən mənzilin qalib alıcı İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Yasamal rayon İcra və Probasiya şöbəsi 04.02.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, yaranmış vəziyyəti ətraflı şəkildə qeyd edərək, mənzilin girovdan azad edilməsinin təmin olunmasını xahiş etmişdir. Mənzil girovdan azad edilmədiyindən, iddiaçının haqlı narazılığına səbəb olan halın aradan qaldırılması üçün Yasamal rayon İcra və Probasiya şöbəsi Cavabdeh1 ASC-yə 15.04.2019-cu il tarixli məktubla müraciət edərək, ödənilmiş 40.000 manat pulun Şöbənin depozit hesabına qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, hərracda alıcı olmuş İddiaçı hərracın keçirilməsi qaydalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş, hərracın qalibi olaraq mənzilə görə 40.000 manat pul vəsaiti ödəmiş, lakin hərrac təşkilatçıları tərəfindən qeyd olunan mənzil iddiaçının adına rəsmiləşdirilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, yüklü olan mənzili iddiaçıya hərrac təşkilatçıları satmışlar, hərrac «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun, digər qanunvericilik normalarının tələbləri pozulmaqla keçirilmişdir və özü-özlüyündə etibarsızdır. Həmin hərracın nəticələrinə dair tərtib edilmiş protokol etibarsız olduğundan, protokola əsasən bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməlidir. Həmçinin iddiaçının hərracda satılan mənzilə görə ödədiyi 40.000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «X10» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli 013 saylı protokol etibarsız hesab edilməli; protokol əsasında bağlanmış, hərracın yekunlarına dair 11 yanvar 2019-cu il tarixli alğı-satqı müqavləsi ləğv edilməli; 40.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «X10» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli 013 saylı protokol etibarsız hesab edilsin. Protokol əsasında bağlanmış, hərracın yekunlarına dair 11 yanvar 2019-cu il tarixli alğı-satqı müqavləsi ləğv edilsin. 40.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar