Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-98/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və istifadəsində olan icarə obyektinə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilindən çirkab suların axıdılması nəticəsində ona dəymiş 6.800 manat maddi ziyanın, 88 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi, həmçinin Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilin təmir olunmasının öhdəliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən icarə obyektini “Ortopedik Mərkəz” kimi fəaliyyət göstərmək üçün notarial qaydada icarəyə götürmüşdür. İcarə obyektini icarəyə götürdükdən sonra həmin obyektin təmiri pis vəziyyətdə olduğu üçün oranı yüksək səviyyədə təmir etdirmişdir. Təmirə təxminən 13.000 manat pul xərcləmişdir. Lakin bütün problemləri bundan sonra başlamışdır. Fəaliyyətə təzə başlamışdır ki, bir gün obyektə gələndə görmüşdür ki, obyektin tam orta yerinə yuxarı qonşuluqda yerləşən mənzildən çirkab su axıdılmışdır. Nəticədə təxminən 8 kv.m sahə, yəni divar və parket yararsız vəziyyətə gəlməklə obyektin iç görünüşü bərbad hala düşmüşdür. Məlumat üçün bildirmək istəyir ki, o, həmin obyektdə vətəndaşlara xidmət edir və bu görünüş müştərilərdə pis aura yaradır. Bundan sonra o, yuxarı mərtəbədə yerləşən mənzilin sahibi olan Cavabdeh baş vermiş bu vəziyyəti başa salmış və əyani olaraq göstərmişdir, lakin bu vəziyyət sanki onun vecinə deyilmiş kimi onunla kobud danışmış və problemə qulaq asmaq istəməmişdir. O, məcbur qalıb həmin hissəni hər dəfə çirkab su axıdılandan sonra təzədən təmir etdirmiş və təmirə ümumilikdə 1.700 manat pul xərcləmişdir. Bundan sonra fikirləşmişdir ki, yəqin hər şeyi başa düşüb yaranmış çirkablı su axıntı problemini özü həll edəcək. Bu hadisədən təxminən 5-6 gün sonra yenidən səhər obyektə gələndə görmüşdür ki, Cavabdeh məxsus mənzildən yenidən çirkablı su axaraq obyektdə yerləşən qiyməti 3000 ABŞ dolları olan ayaqların müayinəsi üçün nəzərdə tutulan aparatın üzərinə və içərisinə su dolmuşdur. O, aparatı sudan təmizləsə də, artıq aparatın içinə girmiş çirkab su onun elektron mexanizmini zədələmiş və yararsız hala gətirmişdir. Bu vəziyyəti gördükdən sonra məcbur qalıb Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı MKİS-nin rəisinə ona dəymiş ziyanın rəsmi şəkildə aktlaşdırmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 13 saylı MKİS-nin rəisi Mürvələdov E.Q., mühəndis Nuriyev V.A., sahə nəzarətçisi Sərdarov Z.V. və onun tərəfindən əlavə olaraq ödənişli dəvət olunmuş “Su Sızma" MMC-nin mütəxəssisinin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda çirkab sularının Cavabdeh məxsus ünvan 2 yerləşən mənzilindən axıdıldığı öz təsdiqini tapmışdır. Bildirmək istəyir ki, Cavabdeh məxsus mənzilin su-kanalizasiya sistemi bərbad olduğundan o, dəfələrlə ondan kanalizasiya sisteminin dəyişməsini tələb etsə də, o, bu tələbini heçə sayıb mövcud problemi həll etməkdən boyun qaçırır, demək olar ki hər gün onun xidmət göstərdiyi obyektə çirkab suları axıdır. Beləliklə Cavabdeh qəsdən, şüurlu şəkildə hüquqazidd əməli nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, istifadəsində olan obyektə maddi ziyan dəymişdir. Ona görə də, cavabdehdən ona dəymiş maddi ziyanın məhkəmə qaydasında ödənilməsini tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin fikrini nəzərə alıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, iddiaçı öz iddia ərizəsində faktiki olaraq təsdiq edir ki, çirkab suların axıdılması kanalizasiya sisteminin nasaz olması nəticəsində baş vermişdir. Bu faktı həm iddiaçı, həm keçirilmiş ekspertiza rəyində ekspert, həm də Nəsimi rayonu 13 saylı mənzil komunal istismar sahəsi tərtib etdiyi ziyan aktında qeyd edir, yəni bu fakt mübahisələndirilmir. Qeyd edilməsini zəruri hesab edir ki, çirkab su birbaşa Cavabdeh mülkiyyətində olan mənzildən axmamışdır. Su faktiki olaraq Cavabdeh mülkiyyətində olmayan, kanalizasiya sistemi şaxtasından axmışdır və bu faktı iddiaçı özü təsdiq edir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, güya ki, cavabdeh bilərəkdən suyu axıdıb. Tərəflərindən təqdim edilən sübutlardan görünür ki, cavabdehin su kanalizasiya borusuna nəzarət və müdaxilə edilməsi belə imkanı olmamışdır və qanuna əsasən qeyd olunan kanalizasiya boru ümumiyyətlə iddiaçının mülkiyyətində deyil, kanalizasiya borusu və digər binanın ümumi sahəsinə aid olan (mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) hissələr binanı öz balansında saxlayan təşkilatın mülkiyyətindədir. Belə ki, yeni binalarda yuxarıda qeyd olunan sahələr mənzil tikinti kooperativin mülkiyyətində olduğuna görə, sakinlər hər ay ödədiyi kommunal xərclər əsasında qeyd olunan sahələrə mənzil tikinti kooperativ özü nəzarət və təmir edir. Köhnə binalar isə faktiki olaraq Mənzil Kommunal Təsərrüfat Birliklərinin balansındadır və binanın yerləşdiyi ərazi üzrə mənzil kommunal istismar sahəsi qeyd olunan binanın ümumi sahələrin istismarı və təmiri ilə bağlı məsuliyyət daşıyır. Qeyd etmək istəyir ki, iddiaçı özü də qeyd edir ki, yaranmış probləmlə bağlı Nəsimi rayonu 13 saylı mənzil kommunal istismar sahəsinə əvvəl məlumat vermişdir. Qeyd etmək istəyir ki, Nəsimi rayonu 13 saylı mənzil kommunal istismar sahəsinin əməkdaşları yaranmış problemlə bağlı aldığı məlumatdan dərhal sonra aidiyyəti qurumları cəlb edərək binanın ümumi sahəsində yaranmış problemi aradan qaldırmalı idilər. İddiaçı cavabdehi düzgün müəyyən etməmişdir. Faktiki olaraq Cavabdeh mülkiyyətində olmayan və nəzərət və təmir edilməsi mümkün olmayan sahə üzrə Cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd olunan ərizəyə əlavə edilmiş fotoşəkillərdən və diskdə olan videoyazıdan görünür ki, qeyd olunan sahə cavabdehin mülkiyyətində deyil. Həmçinin qeyd etməyi lazımlı bilir ki, bu hadisə ilk dəfə baş verəndə o, 13 saylı MKİS-ə müraciət edib və bu vəziyyətə nəzər yetirmələrini xahiş etmişdir. Belə ki, sonra ustalar gəlib sızıntı olan divarı sökmüş və təmir işləri görmüşlər. Digər tərəfdən qeyd etmək istəyir ki, Cavabdeh və Azərsu ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.1997-ci il tarixli müqavilə vardır və qeyd olunan müqaviləyə əsasən kanalizasiya sistemi ilə tullantı suların axıdılması üzrə Azərsu ASC xidmət göstərir və öhdəliklər daşıyır. İddianı əsassız hesab edir və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə öncədən göndərmiş olduqları ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - xx.xx.2005-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə görə ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən satın alınmışdır. - xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-1081 nömrə ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, müqavilə X1 ilə İddiaçı arasında bağlanmışdır. Müqaviləyə görə icarəyə verən R.Nəsrullayev tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 49 saylı mənzili icarəçi İddiaçı icarəyə verilmişdir. - 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 49 saylı mənzildə icarə əsasında fəaliyyət göstərən “Ortopedik Mərkəz”in direktoru İddiaçı 13 saylı MKİS-ə müraciət edərək bildirmişdir ki, üst mərtəbədə yaşayan qonşunun mənzilindən onların fəaliyyət göstərdiyi mənzilə su axıntısı baş verir, dəfələrlə qonşuya məlumat versə də, heç bir tədbir görülmədiyindən, onların fəaliyyətinə mənfi təsir göstərir və mənzilə maddi ziyan dəyir. Yerində araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı fəaliyyət göstərdiyi 49 saylı mənzil qeyd olunan 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. 2-ci mərtəbədə 40 nömrəli mənzildə yaşayan Cavabdeh mənzilinə baxış keçirmişlər və məlum olmuşdur ki, mənzilin hamam otağından su axıntısı baş verir. Lakin Cavabdeh təkidlə bildirir ki, onun mənzilində heç bir nasazlıq yoxdur. Yuxarı mərtəbələrdən axır, onun da mənzilinə su axıntısı baş vermişdir. Bundan sonra İddiaçı "xxxx" MMC-dən mütəxəssis dəvət emiş, mütəxəssis X2 xüsusi aparat vasitəsilə bütün mənzilləri yoxlamış və bildirmişdir ki, 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 40 nömrəli mənzilin kanalizasiya xəttində olan nasazlıqdan 1-ci mərtəbəyə su axıntısı baş verir. Dəfələrlə su axması nəticəsində 1-ci mərtəbədə yerləşən 49 nömrəli mənzilin tavanında, divarlarında və döşəməsində yararsız vəziyyət yaranmış, mənzilə maddi ziyan dəymişdir. - “Lider” kompüter mağazasının xx.xx.2023-cü il tarixli təmir aktına əsasən, servisə təqdim olunmuş “Ack Metisens” ayaq analizi aparatının istismar vəziyyəti yoxlanılmış, həmin aparatın istismar vəziyyəti yoxlanılan zaman istismara yararsız olması aşkar olunmuş, tərəflərindən aparata baxış keçirilən zaman aparatın iç hissəsində yerləşən elektromexanizmlərin üzərinə hansısa mayenin töküldüyü izləri aşkar edilmiş, bununla da “Ack Metisens” ayaq analizi aparatının içərisində yerləşən elektromexanizmlərin əvəzlənməsi üçün lazım olan hissələrin olmaması səbəbindən təmirinin mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6761 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 49 saylı qeyri-yaşayış sahəsinin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 40 saylı mənzildən su axıdıldığı və nəticədə 49 saylı qeyri-yaşayış sahəsinin dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 40 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, sukanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından, 49 saylı qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 49 saylı qeyri-yaşayış sahəsinə su sızması 40 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. ünvan 3 ünvanında yerləşən 49 saylı qeyri-yaşayış sahəsinə hal-hazırda su axıdılmasının olmadığı müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən 49 saylı qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.326 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - 13 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 62 saylı məktubuna əsasən, Nəsimi rayon 13 saylı MKİS-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 60/44 ünvanında yerləşən 40 saylı mənzilin kanalizasiya xəttindən alt mərtəbədə yerləşən mənzilə (obyektə) su axıdılması ilə əlaqədar akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, kanalizasiya xəttində baş verən axıntını "xxxx" şirkətinin əməkdaşları aşkar etmişdir. Həmin vaxt mənzilin hamam otağının döşəməsi, divarları tam kafel-metlax ilə örtüldüyündən hansı borudan sızması məlum olmamışdır. Sonradan hamam otağında ümumi kanalizasiya xətti keçən divarın həmin hissəsində kafel-metlax sökülmüş və məlum olmuşdur ki, həqiqətən də, hamam otağında kafel-metlaxın altında qalmış ümumi kanalizasiya xəttindən axıntı baş vermişdir. Bundan sonra X5 İdarəsinin Kanalizasiya Xdmətinin əməkdaşı dəvət olunmuş və onlar tərəfindən nasazlıq aradan qaldırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, bütün təşkilatların balansında olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 345 №li, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən "xxxx" ASC-nin balansına verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2525/2024 saylı məktubundan görünür ki, “Metisens” ayaq analizi aparatına hər hansı bir ziyanın dəyib-dəyməməsi barədə sualların məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı qeyd edilərək, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsində qeyd edildiyi kimi, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının müqavilə əsasında sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə ziyan dəyməsi aşkardır. Ziyan isə məhz su axıdılması nəticəsində əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyri-yaşayış sahəsinə ziyanın dəyməsi iş materiallarında olan 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/6761 saylı rəyi və bir sıra digər faktlarla öz təsdiqini tapır. Göstərilən sənədlərdə su sızmasının məhz üst mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verməsi qeyd edilir. Məhkəmə təqdim edilmiş ekspert rəyinə münasibətdə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6761 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bütün yuxarıda sadalanmış halların əksinə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış olan ərizədə suyun onun mülkiyyətində olan mənzildən axıdılmasının mümkün olmaması, onun özünün də mənzilinə su axıdılması qeyd edilsə də, cavabdeh tərəf istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddiaçının irəli sürmüş olduğu dəlilləri təkzib edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bununla da, məhkəmə iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə maddi zərər vurulmasına dair tələbini əsaslı hesab etsə də, həmin iddia tələbini ərizədə qeyd edildiyi məbləğdə deyil, daxil olmuş ekspert rəyinə müvafiq olaraq 1.326 manat məbləğində təmin edilməli olması qənaətinə gəlir. İddia tələbinin qeyri-yaşayış sahəsinə zərər vurulmasına dair hissəsinə münasibət bildirdikdən sonra “Ack Metisens” ayaq analizi aparatına zərər vurulmasına dair iddiaçının digər tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin tələb kifayət qədər əsaslandırılmadığından, təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında formalaşmış mövqeyə əsasən mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, mülki hüquq pozuntusunun olubolmamasına qiymət verilərkən dörd şərtin olması zəruridir. Hazırki işdə qeyri-yaşayış sahəsinə zərər vurulmasına dair hallar aşkar olsa da, iddiaçının istinad etdiyi kimi, “Ack Metisens” ayaq analizi aparatına məhz üst mənzildən su sızması nəticəsində zərər vurulmasını təsdiq edəcək zəruri sübutlar təqdim edilməmişdir. Doğrudur, iddiaçı tərəfindən məhkəməyə təmir aktı təqdim edilmiş və həmin aktda ayaq analizi aparatına hansısa mayenin tökülməsi nəticəsində istismara yararsız olması qeyd edilmiş olsa belə, aparata dəymiş zərərin məhz üst mənzildən suyun axıdılması nəticəsində, yəni yaranmış zərər ilə törədilmiş əməl arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla da əgər tələb kifayət qədər əsaslı deyil və sübutlara söykənmirsə həmin tələbin təmin edilməsi istisna edilir. İddiaçının son tələbi isə su axıdılan ünvan 2 ünvanında yerləşən mənzilin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərək, onu əsas gətirir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, sözügedən mənzil artıq təmir edilmiş və hal-hazırda həmin mənzildən su axıdılmır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumuna gəldikdə isə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 33,26 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi ziyana görə 1.326 manat və ödənilmiş dövlət rüsumunun 33,26 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi ziyana görə 1.326 manat və ödənilmiş dövlət rüsumunun 33,26 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-98/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-98/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver