Məhkəmə qərarları › İş №2(007)-1018/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1018/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1018/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi Cavabdeh2l Süleyman oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin faktiki halları:

1. İddiaçı BOKT "xxxx" MMC məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müracət edərək, məhkəmədən Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1113 (min yüz on üç) ABŞ dolları, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla, ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-5205/2017 saylı əmrinə əsasən xx.xx.1972-ci il təvəllüdlü, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1959-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1113 (min yüz on üç) ABŞ dolları əsas borc, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla, ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaiti tutulması əmr edilmişdir.

3. Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 5205/2017 saylı əmrinə etiraz edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2(007)-5205/2017 saylı qərardadı ilə məhkəmə əmrinə etiraz təmin edilərək mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 (otuz) ay müddətinə 04 avqust 2018-ci il tarixə qədər aylıq qalıq borcun 2.87% dərəcəsini tətbiq etməklə 1133 (min yüz otuz üç) ABŞ dolları məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında 04 mart 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2 06 iyun 2017-ci il tarixli arayışa əsasən BOKT "xxxx" MMC-yə olan borcunun məbləği əsas borc üzrə 1113 (min yüz on üç) ABŞ dolları, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları təşkil edir.

İş materialları :

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 (otuz) ay müddətinə 04 avqust 2018-ci il tarixə qədər, illik 2.87% dərəcəsi tətbiq edilməklə 1133 (min yüz otuz üç) ABŞ dolları məbləğində kredit verilmişdir.

4. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 04 mart 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür.

5. xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 1133 ABŞ dolları məbləğində kredit verilmişdir.

6. “Hüquqların və tələblərin güzəşti haqqında” 06 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT "Vijn Fond Azərkredit” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni kreditor BOKT "xxxx" ASC-yə keçmişdir (tələb güzəşt edilmişdir).

7. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh1 ünvanlandırdığı bildirişin surətindən görünür ki, cavabdehin "xxxx" MMC-yə vaxtı keçmiş lakin ödənilməmiş borc əsas məbləğ üzrə 81.29 ABŞ dolları, faiz üzrə 5.33 ABŞ dolları, cərimə üzrə 12 ABŞ dolları təşkil edir. Cavabdeh yaranmış gecikmə borcunu 3 gün müddətində ödəməyəcəyi təqdirdə bütün əsas borc, faiz və cərimə borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. İddiaçı BOKT "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" ASC-yə olan borcu 580.81 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat təşkil edir.

9. İddiaçı BOKT "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsi üzrə 1133 ABŞ dolları kredit məbləğindən cəmi 561.46.ABŞ dolları məbləğində : xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixədək cəmi 161.27 ABŞ dolları məbləğində ödəniş edilmiş, xx.xx.2019-cu il tarixində 400.19 ABŞ dolları məbləğində kompensasiya ödənişi edilmişdir.

10. xx.xx.2017-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

11. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

12. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə axırıncı ödəniş 2017-ci ildə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı əsasında edilmiş kompensasiya ödənişi əsas borcdan silinmişdir. Həmçinin cavabdehlərin faiz və cərimə borcu bank tərəfindən silinmişdir.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, tələb edilən 580.81 ABŞ dolları borc məbləği ilə razıdır. Lakin o kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Kredit məbləğini Mətanət götürmüşdür, o zamin olduğundan əsas borclu öldüyü təqdirdə tələb ona yönəldilə bilər.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

21. Mülki qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

23. İş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, iddiaçı BOKT "xxxx" ASC (BOKT "xxxx" MMC) tərəfindən 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 30 ay müddətinə (xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2018ci il tarixədək), illik 2.87% dərəcəsi tətbiq edilməklə, hər ay 38 ABŞ dolları məbləğində ödəmək şərtilə 1133 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin iş materiallarına əsasən (maliyyə arayışı, hesabdan çıxarış) müəyyən olunur ki, Cavabdeh1n müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca və yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

24. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

25. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. İddiaçı və cavabdeh arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinin 4.1.4-cü bəndinə əsasən “borc verən” “borcalan”ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və bu müqavilə ilə nəzərdə tutulmuş bütün öhdəliklərin icra edilməsini “borcalan”dan tələb edə bilər : “borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda; borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətdən 7 təqvim günündən artıq gecikdirdikdə və d.

28. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1nnın öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" KB ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

29. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi borc məbləğindən 161.27 ABŞ dolları məbləğində ödəniş edilmişdir və xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı üzrə görülən tədbirlər əsasında 400.19 ABŞ dolları məbləğində kompensasiya ödənişi edilmişdir.

31. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı üzrə görülən tədbirlər əsasında 400.19 ABŞ dolları məbləğində kompensasiya ödənişi 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğindən silinmişdir və həmçinin BOKT "xxxx" ASC tərəfindən faiz və cərimə borcu silinmişdir.

32. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə Cavabdeh1 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının 580.81 ABŞ dolları ödənilməsi tələbini əsaslı hesab edir.

Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :

33. Məhkəmə qeyd edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin iddia tələbi zamin Cavabdeh2 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

34. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

35. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı Zaminlik müqaviləsindən görünür ki, cavabdeh Məmmədov X1 Mətanət Ziyad qızı ilə iddiaçı arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür.

36. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh tələb edilən 580.81 ABŞ dolları borc məbləğini, Cavabdeh1 zamin olması məsələsini mübahisələndirməmişdir. İzahatında onun Cavabdeh1 zamin olduğundan ilk növbədə borc məbləğinin əsas borcludan tutulmalı olduğunu, əsas borclu öldüyü halda tələbin ona yönəldilməli olduğunu bildirmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

38. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı Zaminlik müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “borc alan” bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “Zamin” “Borc alan”la birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsində götürür.

39. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə Cavabdeh2 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

40. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsi üzrə 580.81 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri :

41. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

442. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsi üzrə 580.81 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qsimində 20 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 580.81 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar