Məhkəmə qərarları › İş №2(007)-102/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-102/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-102/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin və digər iddia üzrə İddiaçı, İlkin və digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin və digər iddia üzrə Cavabdeh, İlkin və digər iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin və digər iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 manat (on altı min) məbləğin və tərəfindən ödənilmiş 138 manat (yüz otuz səkkiz) dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 20000 (iyirmi min) pul verib. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. xx.xx.2022-ci ildə Cavabdeh özünün yazdığı qəbzdə göstərir ki, həmin məbləğdən 4000 manatını (dörd min) qaytarır, qalan 16000 manat (on altı min) məbləği isə 2022-ci ilin aprel ayının 20-nə kimi qaytarmağa söz verir, əgər həmin müddətdə qalan borcu qaytarmazsa, əvəzində girov qoyduğu avtomobili razılıq əsasında İddiaçı satmağa dair öhdəlik götürür. Cavabdeh öhdəsinə götürdüyü müddətdən xeyli vaxt keçməsinə baxmayaraq həmin borcdan qalan 16000 manatı (on altı min) hələ də, qaytarılmayıb. Dəfələrlə verdiyi pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə qalan borcunu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ona çox böyük zərər vurur. Həmçinin, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat (on beş min) məbləğin və tərəfindən ödənilmiş 135 manat (yüz otuz beş) dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh 15000 manat (on beş min) nağd formada pul verib. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. Cavabdeh həmin məbləği 2 ay ərzində qaytarmağa söz verib. Cavabdeh həmin məbləği aldığını onun həyat yoldaşı X9 da həmin qəbzə imza ataraq təsdiq etmişdir. Cavabdeh öhdəsinə götürdüyü müddətdən artıq keçməsinə baxmayaraq həmin məbləği hələ də, qaytarılmayıb. Dəfələrlə verdiyi pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə 15000 manat (on beş min) borcunu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ona çox böyük zərər vurur. Məhkəmənin 2(007)-1794/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)-1794/2023 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)-1751/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi, bir icraatda birləşdirilmiş 2(007)-1751/2023 saylı mülki iş saxlanılmaqla 2(007)-1794/2023 saylı mülki işinin icraatına xitam verilməsi qərara alınmışdır. Cavabdeh hər iki iddia üzrə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddialar əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı Lombard işlədir və faizlə vətəndaşlara pul verir. Onun pula ehtiyacı olduğu üçün 2022-ci ilin iyul ayında İddiaçı müraciət edib ki, ona 15000 manat pul versin. Lakin İddiaçı həmin pul müqabilində özünün mülkiyyətində olan “BMW” markalı, ** SL *** dövlət nömrə nişanlı avtomaşını onun mülkiyyətinə keçirilməsini tələb edib və avtomaşını iddiaçının adına keçirdikdən sonra həmin məbləği ona verib. Pulu verərkən aralarında razılıq olub ki, pul tam geri qaytarıldıqdan sonra avtomaşın ona geri qaytarılacaqdır. Sonra isə yenə də ona pul lazım olduğu üçün o, həyat yoldaşının 6000 manat dəyərində olan qızıl-zinyət əşyalarını iddiaçıya verib, o, isə müqabilində ona faizlə 2600 manat pul verib. Yenə də aralarında razılığa gəlib ki, pul faizlə tam ödədikdən sonra qızıl-zinyət əşyaları ona geri qaytaracaq. O, mütəmadi olaraq iddiaçıya pulu qaytarırdı və bu günə kimi iddiaçıya 8355 manat pul geri qaytarıb. Pulun geri qaytarılmasını müxtəlif vaxtlarda məhkəməyə təqdim etdiyi qəbzlər də təsdiq edir. Lakin gəliri az olduğu üçün axır vaxtlar pulu ödəyə bilməyib. Pulu ödəyə bilmədiyi üçün İddiaçı müraciət edib ki, avtomaşınını geri qaytarsın ki, avtomaşını satıb borcunu bağlasın. Nəticədə isə iddiaçı ona qarşı müxtəlif məbləğdə pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırıb. Nəzərə çatdırır ki, o, İddiaçı cəmi 17600 manat pul alıb. Həmin pul müqabilində iddiaçı ondan avtomaşın və qızıl-zinyət əşyaları alıb. Onun qeyd etdiyi 2(007)-1751/2023 saylı iddia ərizəsində 16000 manat və 2(007)- 1794/2023 saylı iddia ərizəsində qeyd etdiyi 15000 manat ilə razı deyil. İkinci dəfə o, iddiaçıdan 2600 manat pul alıb. Həmin pullardan 8355 manatını qaytarıb. İddiaçı məhkəməni yanlış istiqamətə yönəldərək məhkəməyə müxtəlif qəbzlər təqdim edərək, aldadaraq varlanmaq niyyətindədir. Belə ki, o, hər dəfə verdiyi pulların üstünə faiz gələrək ümumi məbləğdə ona qəbzlərə imza atdırıb. İddaçı onun avtomaşınını və qızıllarını alaraq həm də ondan pul tələb edir. O, iddiaçıya təklif etmişdir ki, qızılı və avtomaşınını qaytarsın, satıb borcunu qaytarsın. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında ilkin və digər iddia üzrə İddiaçı hər iki iddia tələbini müdafiə edib iddia ərizələrinin dəlillərinə uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehdən 16000 manat pulu tələb edir. Cavabdehin maşınını 9000 manata satıb. Məhkəmə iclasında ilkin və digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil hər iki iddia tələbini müdafiə edib iddia ərizələrinin dəlillərinə uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehə ilkin olaraq 20000 manat, daha sonra isə 15000 manat məbləğində pul verilb. Borcdan 4000 manat qaytarılıb. Hazırda cavabdehin 31000 manat borcu var, qızıl üzrə verilmiş borcun iddia tələbləri üzrə göstərilən borca aidiyyəti yoxdur. Məhkəmə iclasında ilkin və digər iddia üzrə Cavabdeh hər iki iddia tələbini qəbul etməyib, etirazın dəlillərinə uyğun izahat verərək, hər iki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçıdan 15000 manat pul götürəndə avtomobilini, 2600 manat pul götürəndə isə qızılları girov qoyub. Avtomobili də, qızılları da ona qaytarılmayıb. O, iddiaçıya 8355 manat ödəniş edib. İlkin iddia tələbindəki 16000 manat onun götürdüyü pulun faizləridir. O, iddiaçıdan ancaq 17600 manat məbləğində pul götürüb. İddiaçı atası ilə əlaqə saxlayaraq borcunun böyüdüyü və 20000 manata çatdırıldığını, borcu ödədikdən sonra girovları götürə biləcəklərini bildirib. Ondan sonra xx.xx.2023-cü il tarixdə ilkin idida ərizəsində göstərilən qəbz tərtib edildi. O, iddiaçıdan 16000 manat pul aldığını təsdiq etmir və bununla bağlı heç bir yerə imza atmayıb. Məhkəmə iclasında ilkin və digər iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahat verərək bildirdi ki, iddiaçı onun anasıdır. 2022-ci ilin iyul ayında cavabdehə verilmiş pul ona məxsusdur. Verilmiş pula görə cavabdeh avtomobilini girov qoyub. O, lombard fəaliyyəti ilə məşğul olur. Daha əvvəl verilmiş puldan məlumatı tam yoxdur. Səhv etmirsə fevral ayında verilib və həmin pul ona məxsus olmayıb. Girov bileti ondadır, məhkəməyə təqdim edir. Cavabdehə 15000 manat pul verilib, pulu özü şəxsən verməsə də, pul lombardın olub. Lakin nə qədər borc qalması haqqında məlumatı yoxdur. O, hərbi xidmətdə olduğu üçün məlumatsız olub. Anası lombardın işçisi olub. O, hərbi xidmətə getdiyi üçün anasına etibarnamə verib ki, anası lombard şirkətində işləri onun adından həll etsin. Məhkəmə proses iştirakçıların izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin və digər iddialar təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, 20000 maşın borcundan 4000 manat ödədi, 16000 manat qaldı. Aprel ayının 20-ə qalan borcu bağlayacaq. Bağlamasa razılıq əsasənda ya faizə, ya da satacaqdır. X4 olan borcudur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 4900 USD (dollar) və 6670 AZN (manat) X3 götürüb. - xx.xx.2022-ci il tarixli 077279 saylı girov biletindən görünür ki, X6 Araz Hacı oğluna 15000 manat pul verib, Cavabdeh isə “BMW” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub. -Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata X1. -Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X7 “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manata X2. Məhkəmə iş üzrə gəldiyi nəticənin ardıcıl şəkildə əsaslandırılması üçün hesab edir ki, ilk öncə ikinci iddia üzrə, yəni cavabdehdən tələb olunan 15000 manat tələbə qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 4900 USD (dollar) və 6670 AZN (manat) xx.xx.2022-ci il tarixdə X3 götürüb. Həmin tarixdə cavabdeh “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili fərdi sahibkar X14 məxsus Lombard şirkətində girova qoyub. Həmin vaxt avtomobil cavabdehin mülkiyyətində olmasa da, etibarnamə ilə onun istifadəsində olub. Məhkəmə iclasında cavabdeh göstərilən halları təsdiq edərək, avtomobilini girova qoymaqla 15000 manat pul götürməsini təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş X17 qeyd etmişdir ki, həmin pul ona, yəni rəhbəri olduğu lombard şirkətinə məxsus olub. İddiaçı isə həmin lombard şirkətinin işçisi olub, həmçinin o, əsgərliyə getdiyi üçün iddiaçıya etibarnamə vermişdir ki, işləri onun səlahiyyətli nümayəndəsi kimi həll etsin. Göstərilənlərə əsasən məhkəmə iddia ilə bağlı qeyd edir ki, ilk öncə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisələndirilən 15000 manat məbləğində pul iddiaçıya məxsus olmamaqla, iddiaçının işlədiyi, onun oğluna, yəni X14 məxsus olan lombard şirkətinin vəsaiti olub. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Nəticə etibarı ilə iddiaçının 15000 manat pulla bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 15000 manat pulun tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə, yəni “16000 manat pulun tutulması”na münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehə 20000 manat borc pul verdiyini, həmin puldan 4000 manat qaytarıldığını və cavabdehin 16000 manat pulu 2022-ci ilin aprel ayının 20-nə kimi qaytarmaqla bağlı öhdəlik götürdüyünü qeyd etmişdir. Məhkəməyə sübut kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbzi təqdim etmişdir. Cavabdeh isə həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manat borcun faizi borcu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə sübut kimi ödəniş qəbzlərini təqdim etmişdir. Həmin qəbzlərin bir neçəsi X13 bank hesabına edilmiş ödənişlər, bir hissəsi isə ona məxsus lombardın möhürü ilə təsdiq edilmiş ödənişlərdir. Məhkəməyə ödənişlərin surətləri təqdim edilsə də, məhkəmə iclasında iddiaçı tərəf xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdəki göstərilən məlumatların mötəbərliyini təsdiq etmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən cavabdeh 20050 manat borcdan 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən isə 20000 manat borcdan 4000 manat ödəmiş, 16000 borc qalmışdır. İddiaçı sonuncu qəbzin tarixinin səhvən xx.xx.2023-cü il qeyd edildiyini, məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə olduğu kimi xx.xx.2022-ci il olduğunu qeyd etmişdir. Cavabdeh isə buna etiraz edərək, ödənişin xx.xx.2023-cü il tarixdə edildiyini, iddiaçının təqdim etdiyi qəbzdəki tarixin düzgün olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, cavabdeh məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il (400 manat) və xx.xx.2022-ci il (100 manat) tarixli qəbzlərin qızılın girova qoyulması ilə götürülən borc üzrə edilmiş ödəniş olduğunu bildirmiş, iddiaçı tərəf etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə dəfələrlə məhkəmə iclarları keçirilmiş, işin halları ilə bağlı iş üzrə tərəflər fərqli fikirlər səsləndirmişlər. Məhkəmə iş üzrə tərəfləri şəxsən dinlədikdən və iş materiallarını tədqiq etdikdən sonra belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən X14 məxsus lombard şirkətində, həmin şirkətinin işçisi olan iddiaçıdan 4900 ABŞ dolları və 6670 manat, yəni ümumilikdə 15000 manat pul götürüb, istifadəsində olan “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili, həmçinin xx.xx.2022-ci il tarixdə 2600 manat pul götürüb, qızıl-zinət əşyalarını girov qoyub. Hazırda nə avtomobil, nədəki, qızı-zinət əşyaları cavabdehə qaytarılmayıb, iddiaçının izahatı və iş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, adıçəkilən avtomobil 9000 manata özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ödənişlər üzrə bütün qəbzlər 2022-ci ilin iyul ayından sonrakı tarixləri əhatə edir. İddiaçı ilkin öncə cavabdehə 20000 manat, daha sonra isə 2022-ci ilin iyul ayında 15000 manat borc pul verdiyini bildirsə də, 20000 manat pulun hansı tarixdə verilməsi haqqında məlumatın məhkəməyə təqdim edilməməsi və borc verilərkən bununla bağlı hər hansı bir qeydiyyatın aparılmaması məhkəmədə iddiaçı tərəfindən səsləndirilən fikirlərə inamsızlıq yaratmışdır. Əgər iddiaçı ilkin öncə cavabdehə 20000 manat borc pul verilbsə və 2022-ci ilin fevral ayına cavabdehin 16000 manat borcu var idisə borc üzrə 2022-ci ilin iyul ayınadək heç bir ödəniş etməyən cavabdehə yenidən 15000 manat borcun verilməsi məntiqli hesab olunmur. İş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, cavabdeh tərəfindən ödəniş edildikdən sonra iddiaçı qalan borcu həmin qəbzlərdə göstərib. Məsələn, xx.xx.2023-cü il tarixli qəbzdə cavabdehin 20050 manat borcdan 1000 manat ödəniş edildiyini göstərilir, belə olan halda cavabdehin 19050 manat borcu qalmalı olduğu halda, növbəti ay üzrə borc 20000 manat göstərilib. Yəni, iddiaçı tərəfindən verilmiş borca münasibətdə faiz hesablandığı təsdiqini tapır. Həmçinin, xx.xx.2022-ci ili tarixli qəbzlə müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus borc üzrə müəyyən hesablamalar apararaq 2600 manat üzrə 4 ay ödəniş olmadığını və borcun 3375 manat olduğunu, 15000 manat üzrə 4 aydan çox ödəniş olmadığından borcun 20275 manat olduğunu göstərmişdir. Görünür ki, iddiaçı cavabdehə verilmiş 2600 manat və 15000 manat borc üzrə əlavə faizlər hesablayaraq, borcu 20000 manatı aşan məbləğ müəyyən edib, daha sonra cavabdeh tərəfindən edilmiş ödənişləri həmin borcdan çıxaraq, sonra xx.xx.2023-cü il tarixdə borcu 16000 manat müəyyən edib. Yəni, məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçı tərəfindən cavabdehə 20000 manat məbləğində borc pul verilməmiş, xx.xx.2022-ci il tarixdən cavabdehə verilmiş borc üzrə faiz borcları hesablanaraq həmin məbləğ əldə edilmiş və cavabdəhə bununla bağlı qəbz təqdim edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehə verilmiş hər bir borc üzrə, yəni 15000 manat və 2600 manat üzrə borcun ödənilməsinin təminatı kimi müəyyən əşyalar girova qoyulsa da, 20000 manat borca münasibətdə iddiaçı tərəfindən heç bir təminat tələb edilməməsinin səbəbləri aydın deyil. Məhkəmə araşdırmasının nəticəsində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ümumiyyətlə cavabdehə 20000 manat borc pul verilməyib. Həmin pulun verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməyib. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə 20000 manat məbləğində borc pul verməsini və həmin puldan 16000 manat ödənilməmiş borc qalmasına dair iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi mötəbər sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “16000 manat məbləğin Cavabdeh alınaraq ona ödənilməsi” tələbinə dair ilkin iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə Cavabdeh qarşı “16000 manat (on altı min) məbləğin Cavabdeh alınaraq ona ödənilməsi” tələbinə dair ilkin və “15000 manat (on beş min) məbləğin Cavabdeh alınaraq ona ödənilməsi” tələbinə dair digər iddiaları təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə Cavabdeh qarşı “16000 manat (on altı min) məbləğin Cavabdeh alınaraq ona ödənilməsi” tələbinə dair ilkin və “15000 manat (on beş min) məbləğin Cavabdeh alınaraq ona ödənilməsi” tələbinə dair digər iddiaları təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar