Məhkəmə qərarları › İş №2(007)-1053/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1053/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1053/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli İK 1518 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 1,050.00 (min əlli) ABŞ dolları əsas, 1,307.38 (min üç yüz yeddi ABŞ dolları, otuz səkkiz sent ) ABŞ dolları faiz, 1,425.20 (min dörd yüz iyirmi beş ABŞ dolları, iyirmi sent) ABŞ dolları cərimə faizi olmaqla, cəmi 3782.58 (üç min yeddi yüz səksən iki ABŞ dolları. əlli səkkiz sent) ABŞ dolları məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli İK № 1518 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 32% faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 2500 (iki min beş yüz) ABŞ doları məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2010-cu il tarixli 918 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2020 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 1,050.00 (min əlli) ABŞ dolları əsas. 1307.38 ABŞ dolları faiz, 1,425.20 (min dörd yüz iyirmi beş ABŞ dolları, iyirmi sent) ABŞ dolları cərimə faizi olmaqla, cəmi 3782.58 (üç min yeddi yüz səksən iki ABŞ dolları, əlli səkkiz sent) ABŞ dolları kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, kredit götürülərkən Cavabdeh1 zamin dayanmışdır. Amma kredit müqaviləsindən uzun müddət keçmişdir. Hesab edir ki, kredit borcu yalnız əsas borcludan tutulmalıdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 32 faizlə, 2 500 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə həmin məbləği kredit müqaviləsinin şərtlərinə uyğun vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2010cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Qasımova (Məmmədova) Cavabdeh1 20 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 1,050.00 ABŞ dolları əsas borcu, 1,307.38 ABŞ dolları faiz borcu, 1,425.20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3782.58 ABŞ dolları borcu vardır; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 32 faiz olmaqla, 2500 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit ödənişlərini etməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 20 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh1 ilə yanaşı, zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ASC ilə Qasımov Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri 20 sentyabr 2010-cu il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi 20 sentyabr 2010-cu il tarixdə 18 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti 2012-ci il tarixdə başa çatmışdır. İddiaçı ASC-nin iddia ərizəsi isə 17 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 7 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, tələb olunan cərimə (dəbbə pulu) miqdarı əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə qətnamənin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 1050 ABŞ dolları əsas, 1307,38 ABŞ dollar faiz borcu, 100 ABŞ dollar cərimə borcu olmaqla ümumilikdə 2457,38 ABŞ dollar və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə qətnamənin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 1050 ABŞ dolları əsas, 1307,38 ABŞ dollar faiz borcu, 100 ABŞ dollar cərimə borcu olmaqla ümumilikdə 2457,38 ABŞ dollar və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun.İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar