Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1055/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul, kredit müqaviləsi, borc) Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı ASC xx.xx.2016-cı il tarixdə cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcun qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 16732.04 ABŞ dolları məbləğində əsas borcun, 1956.3 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 18688.34 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. İş materialları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli CD/83941/50/3 saylı kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh1 44 ay müddətinə, illik 27 faiz olmaqla, 17728 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 44 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 zamin olmuşlar xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə 16732.04 ABŞ dolları əsas, 1956.3 ABŞ dolları faiz borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1903/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, ümumilikdə 18688.34 ABŞ dolları məbləğində vəsaitin borclular Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 tutulması əmr edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Cavabdeh3 tərəfindən həmin əmrə etiraz verilmiş və etiraz təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1903/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 qızının xx.xx.2014-cü il tarixdə adına rəsmiləşmiş 20000 ABŞ dolları (müqavilə nömrəsi: MK/44872/44/3) krediti üzrə borc öhdəliyi yoxdur. xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli CD/83941/50/3 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixə 14574.93 ABŞ dolları əsas, 923.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15501.23 ABŞ dolları borcu vardır. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 14574.93 ABŞ dolları əsas, 923.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15501.23 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkil-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh3 11 sentyabr 2024-cü il tarixdə verilən arayışda qeyd olunmuşdur ki, İddiaçı ASC-də icra edilməmiş zaminlik öhdəliyi yoxdur. Zamin durduğu Cavabdeh1 borc öhdəliyi yoxdur. Cavabdeh1 20 000 dollar borcu olub və restrukturizasiya olunub. Cavabdehin etirazına səbəb 2015-ci ildə zaminlikdən çıxması barədə razılıq olmasıdır. Məntiqi düşünəndə 17280 dollar məbləğində müqavilə bağlanmır. 15 000, 18 000, 20 000 dollar məbləğində bağlana bilər, amma 17280 dollar məbləğində yox. Cavabdeh3 məhkəməyə müraciət etmə səbəbi odur ki, 9 ildən sonra ona ödənilməmiş kredit öhdəliyi olduğunu bildirmişlər. Günay xanım Türkiyəyə getmişdir, Cavabdeh3 burada borc qarşısında tək qalmışdır. Cavabdeh3 zaminlikdən çıxıb və keçmiş yoldaşının bacısı əvəz olunmuşdur. Restrukturizasiya olunan zaman bankın işçiləri zamindən razılıq ərizəsi almağı unutmuşlar. Əsas borclu ilə restrukturizasiya müqaviləsi imzalayırdılar, zamini unudurdular. Burada müqavilədə tarix yoxdur, sonunu dəyişib tikmiş ola bilərlər. Cavabdeh3 adını sistemdən zamin kimi çıxarıblar deyə 2019-cu ildə rahatlıqla Bank of Bakudan kredit götürə bilmişdir. Onlar borcun götürülməsinə etiraz etmir, xanım kredit götürüb. Amma Elvinə aidiyyəti yoxdur. Kredit məbləği restrukturizasiya olunub və Elvinin zaminlik öhdəliyinə xitam verilib. O da 9 il borcu olmadığını düşünərək yaşamışdır. 9 il sonra icra məmuru zəng edib deyəndə təəccüblənmişdir. Filiala gedib, orada da deyiblər ki, onun öhdəliyi yoxdur. İcra məmuruna vermək üçün arayış da veriblər. Arayışın tarixi yenidir, orada qeyd olunur ki, borcu yoxdur. Bu səbəbdən iddianın Cavabdeh3 münasibətdə rədd olunmasını xahiş etdi. Cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə cavabdeh Ağayeva (Səfiyeva) Günay Yaşar qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli CD/83941/50/3 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 illik 27% olmaqla, 44 ay müddətinə, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 17728 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən cavabdeh Ağayeva (Səfiyeva) Günay Yaşar qızına verilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bundan başqa müəyyən olundu ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli CD/83941/50/3 saylı kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Ağayeva (Səfiyeva) Günay Yaşar qızının İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə tədqiqinə əsasən məhkəmə belə qənaətə gəlir ki, tələb olunan borcun tutulması üçün qanuni əsaslar vardır. Belə ki, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübuta yetirilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiçının xeyrinə ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, CD/83941/50/3 saylı Kredit müqaviləsi üzrə müştərək qaydada 14574.93 ABŞ dolları əsas borc və 926.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15501.23 ABŞ dolları məbləği ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun əvəzi qismində 20 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Ağayeva (Səfiyeva) Günay Yaşar qızı, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, CD/83941/50/3 saylı Kredit müqaviləsi üzrə müştərək qaydada 14574.93 ABŞ dolları əsas borc və 926.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15501.23 ABŞ dolları məbləği ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun əvəzi qismində 20 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1055/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1055/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver