Məhkəmə qərarları › İş №2(007)-1067/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1067/2022

30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1067/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust 2021-ci il tarixdə, saat 08:15 radələrində ona məxsus “Kia Rio” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Mikayıl Müşfiq küçəsi ilə hərəkət etdiyi zaman yolun sağ istiqamətində saxlama yeri qadağan olunmuş yerdə dayanmış Cavabdeh2 idarə etdiyi “Mersedes” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən Cavabdeh1 sol arxa qapını qəflətən açmış və onun idarə etdiyi avtomobilin sağ hissəsi ilə həmin avtomobil toqquşmuşdur. Zərbənin təsirindən ona məxsus avtomaşına xeyli ziyan dəymişdir. Faktla əlaqədar olaraq Bakı şəhər Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, cavabdeh Zeynalov X1 Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən 30 (otuz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Zeynalov X3 Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Cavabdehin avtomaşınını icbari sığorta etdirdiyi "xxxx" ASC avtomobilinə dəymiş ziyanı real ziyanın yarısı həcmində 440 manat məbləğində qiymətləndirmişlər. O, bu məbləğlə qətiyyən razı deyil. Bu ona dəymiş real ziyanın yarısı həcmindədir. Ona görə də hazırki iddiası ilə məhkəməyə müraciət edir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona “Kia Rio” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 910 (doqquz yüz on) manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona verilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bundan əlavə, qüsur aktının tərtibi üçün 50 manat, iddia ərizəsinin hazırlanması üçün 50 manat, dövlət rüsumu olaraq 30 manat məbləğində pul ödəmişdir. Göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 910 (doqquz yüz on) manat məbləğində maddi zərərin, 50 manat məbləğində qüsur aktının tərtib olunma xərcinin, 50 manat məbləğində iddia ərizəsinin hazırlanması xərcinin, habelə 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 1040 (min qırx) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, yol-nəqliyyat hadisəsi 22 avqustda baş vermişdir. O, polisə şikayət etdikdən sonra ikinci protokol tərtib olunub. İkinci protokol tərtib olunduqdan sonra "xxxx" ASC ziyanın ancaq yarısını ödəyəcəyini bildirmişdir. O, fərdi qaydada servis xidmətlərinə müraciət etmişdir. "xxxx" ASC-dən 440 manat təklif olunub. O, qarşı tərəflə bu məsələni məhkəmədən kənar həll etmək istəsə də nəticə olmamışdır. Maşın 2008-ci il buraxılışlıdır. Qiymətləndirmə aktı onda yoxdur. İki qapı, bir güzgüyə zərər dəyib. Bildirmək istəyir ki, aralarında razılıq yoxdur. Çünki Cavabdeh1 maşının təmiri üçün təklif etdiyi “maşın təmiri servisin”dən və ustadan razı qalmamışdır, orada təklif olunan qiymətlər də çox aşağı idi. O, cavabdehin təklif etdiyi həmin servisə maşınını etibar edə bilməz. Cavabdeh sığortanın təqdim etdiyi qiymət çərçivəsində maşınının təmir olunmasını istəyir. Lakin o, həmin təkliflə razı deyil. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edib izahatında bildirmişdir ki, sığortanın müəyyən etdiyi 440 manat məbləğlə razıdır. Ziyan dəyməsini qəbul edir, amma dəymiş ziyana görə iddiaçının tələb etdiyi məbləğlə razı deyil. Hesab edir ki, 440 manat ziyan vurub. Onun qardaşı "xxxx"da işləyir və sığortanın müəyyən etdiyi qiymət realdır. İddiaçı öz üstası ilə birlikdə gəlmişdi. Onun təklif etdiyi ustanı da tanıdı və yaxşı usta olduğunu tərəfə bildirdi. Təxminən 200 manat boyaçı işi, 150 manat dəmirçi işi tutacaqdı. Lakin iddiaçı nə qiymətlərlə, nədə ki, təklif etdiyi servislə razılaşmır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edib izahatında bildirmişdir ki, "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. İddiaçı onlara müraciət etsə də, imtina verilmişdir. Belə ki, onlar dəymiş zərərin sadəcə yarısını, yəni 440 manat zərərin 220 manat hissəsini ödəyə bilərlər. Qiymətləndirmə olub və maşın servisə daxil olan kimi, akt tərtib olunmuşdur. Qiymətləndirmə aktı mövcuddur. “İcbari Sığortalar” haqqında Qanunun 58-ci maddəsinə əsasən sığorta iddiaçıya zərərin 50 faizini ödəyir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 416607 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilin sahibi İddiaçıdır. - 22 avqust 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 22 avqust 2021-ci il tarixdə saat 08:15-də Cavabdeh1 nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - 22 avqust 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə təqsirli bilinib, 30 manat məbləğində cərimə edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 440 manat olaraq qiymətləndirilmişdir. Sığorta ödənişini almaq üçün təyin edilmiş əməkdaşla əlaqə saxlaması İddiaçı xahiş edilmişdir. - 08 dekabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 22 avqust 2021-ci il tarixdə saat 08:15-də **-RX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200 Kompressor minik” markalı avtomobili idarə edən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçələrinin kəsişməsində dayanma və durma qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - 08 dekabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə 910 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qüsur aktının verilməsi üçün İddiaçı tərəfindən 50 manat pul ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4234 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və “X5 Servis” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Kia Rio” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 440 manat müəyyən edilir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 22 avqust 2021-ci il tarixdə saat 08:15-də “Mercedes Benz C200 Kompressor minik” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçələrinin kəsişməsində dayanma və durma qaydalarını pozmuş, həmin tarixdə Cavabdeh1 isə nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozmuş və nəticədə Cavabdeh2 məxsus nəqliyyat vasitəsinin qapısının açılması həmin küçədə hərəkətdə olan İddiaçı idarə etdiyi **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh2 və Cavabdeh1 barələrində müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 338.3-cü maddələri ilə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. İddiaçıya məxsus **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı dəymiş ziyan xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 440 manat müəyyən edilmişdir. Bundan başqa, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qüsur aktının verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə "xxxx" MMC-yə 50 manat pul ödənilmiş, MMC-nin Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə 910 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh "xxxx" ASC-nin təklif etdiyi məbləğlə razılaşmır. İddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh tərəf vurduğu maddi ziyanın əvəzini iddiaçıya onun tələb etdiyi həcmdə ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı və **-RX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200 Kompressor minik” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehlərin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmələri, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdehlər tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdehlər tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsinə əsasən sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minibdüşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). Həmin qanunun 56-cı maddəsinin X hissəsinin 3-cü bəndinə əsasən sərnişinlərə nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Göründüyü kimi maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin Cavabdeh1 da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılması qanunun birbaşa tələblərindən irəli gəlir. Sığorta hadisəsinin baş verməsinə bilavasitə səbəb “Mercedes Benz C200 Kompressor minik” markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün dayanma-durma qaydalarını pozmasına nisbətən, həmin avtomobildə olan sərnişinin avtomobildən enmək məqsədi ilə, təhlükəsizliyi təmin etmədən, qəfildən nəqliyyat vasitəsinin qapısını yolun hərəkət istiqamətində açması olmuşdur. “Mercedes Benz C200 Kompressor minik” markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta hərəkəti ilə iddiaçının mülkiyyətində olan “Kia Rio minik” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan arasında dolayı, sərnişinin inzibati xəta pozuntusu ilə sığorta hadisəsi arasında isə birbaşa səbəbli əlaqə olmuş, sürücü sərnişinin hərəkətlərinə görə məsuliyyət daşımamışdr. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduqları maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə 910 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Avtomobilin sığorta olunduğu şirkət tərəfindən isə qeyd olunan məbləğ 440 manat müəyyən edilmişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2008-ci il buraxılışlı “Kia Rio” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 440 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi ziyanın məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 440 manat məbləğində pul vəsaiti maddi ziyana görə iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının təqdim etdiyi satış çekindən görünür ki, xx.xx.2021-ci il tarixli qüsur aktının verilməsi üçün onun tərəfindən "xxxx" MMC-yə 50 manat pul ödənilmişdir. Bu məbləğ cavabdeh tərəfindən yol verilmiş xəta hadisəsi ilə bağlı zərərin müəyyən edilməsi üçün ödənildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsinin hazırlanması xərci kimi 50 manat pulun tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu barədə mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə tələb həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər qismində 440 manat, 50 manat qüsur aktının tərtib olunmasına görə çəkilmiş xərc, ümumilikdə 490 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 74,70 manatı İddiaçı, 25,30 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər qismində 440 manat, 50 manat qüsur aktının tərtib olunmasına görə çəkilmiş xərc, ümumilikdə 490 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 74,70 manatı İddiaçı, 25,30 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar