Məhkəmə qərarları › İş №2(007)-1102/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1102/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1102/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə xx.xx.2012-ci il tarixində ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdehlə nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(007)-106/2015 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(007)- 2642/2017 saylı qətnaməsinə əsasən X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136 (yüz otuz altı) manat miqdarında aliment məbləğinin tutulması qət edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 11 aprel 2022-ci il tarixli, №0055003AAAUZ saylı əlillik vərəqinə əsasən qızına “Tuberoz skleroz. Burnevil xəstəliyi Epiloyya. Ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar.” diaqnozu qoyulmuşdur (epikriz və əlillik haqqında arayış əlavə olunur). Hal-hazırda X6 9 yaşı var. Sözügedən xəstəliyin müalicəsi xeyli miqdarda xərc tələb edir. Lakin Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Hesab edir ki, aliment məbləğinin artırılması barədə yeni qətnamə qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.2013-cü il tarixində anadan olmuş X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tələbinin əsası kimi göstərmişdir ki, “Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir”. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, övladları doğulduğu vaxtdan, məhkəmə qətnaməsi olmadığı halda o, cavabdehə könüllü olaraq 200 (iki yüz) manat aliment ödəmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ondan iddiaçının xeyrinə hər ay 103 manat aliment tutulması qət edilsə də, o, yenə iddiaçıya 200 manat aliment ödəmişdir. Buna baxmayaraq, cavabdeh heç vaxt onu uşaqla görüşməyə qoymamış, telefonda belə uşağı ona göstərməmiş, ona bildirmişdir ki, uşaq onun atası olduğunu bilməli deyil. Hər dəfə uşağı görməyə görə iddiaçıya zəng etdikdə, onu əsəbləşdirib təhrikçi hərəkətlər etdiyindən sonradan onunla əlaqə saxlamamağı qərara almışdır. Türkiyə Respublikasında yaşadığından, bu səbəbdən hər ay uşaqla görüşmək imkansız olduğundan məhkəməyə uşaqla görüş üçün müraciət etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə qətnaməsi olmadan, sonralar məhkəmə qətnaməsi ilə ondan 103 manat aliment tutulması qət edilsə də, o, iddiaçıya 200 manat aliment ödəmişdir. Buna baxmayaraq, iddiaçının atası keçmiş polis işçisi olduğundan əlaqələrindən istifadə edərək onun aliment ödəməməyi barədə dövlət orqanlarını aldadaraq qanunsuz olaraq İnterpol xətti ilə axtarışını elan etdirməyə nail olmuşdur. Bakıya gəldikdə ödənişlər barədə bank qəbzlərini icra məmuruna göstərdikdə, sonuncu buna təəccüblənmişdir. İddiaçı 2017-ci ildə alimentin artırılması barədə məhkəmədə iddia qaldırdıqda onun, ailə üzvlərinin əlaqə telefon nömrələrini bildiyi halda məhkəməyə verməmiş, nəticədə onun həmin məhkəmədən məlumatı olmamışdır. İcra məmuru dayısı arvadına zəng edərək bildirmişdir ki, Yasərə deyin alimenti daha 136 manat ödəsin. Bundan əlavə, iddia ərizəsində uşağın xəstəliyi ilə bağlı göstərilənlə bağlı bildirmək istəyirəm ki, iddiaçı ona heç vaxt deməyib ki, uşaq xəstədir. Halbuki, iddiaçı Türkiyədən gedəndən sonra yaşadıqları evdə qalan əşyalarına görə hər gün ona zəng edib onları ona göndərməyi tələb edirdi. Uşağın xəstəliyini niyə atadan gizlədib? Baş verənlər ona xəstəlik arayışını da iddiaçının atasının əlaqələrindən istifadə edərək alması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən, iddiaçı məhkəməyə təqdim etdiyi TSEK müayinə aktı ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşağa görə ayrıca, ona qulluğa görə özünə ayrıca müavinət alır. Yuxarıda göstərilənlərə əsasən, qanunvericilik istər sağlam, istərsə də xəstə uşağın saxlanmasını hər iki valideynin borcu kimi qeyd etmişdir, Belə olan halda, iddiaçı da uşağı saxlamağa, ona maddi vəsait ayırmağa borcludur. Şərh edilənlərə əsasən və iddiaçının hər ay uşağa və ona qulluğa görə özünə aldığı müavinətləri nəzərə alaraq, ona qarşı olan iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə 220 mant alimentin və 130 manat əlavə xərcin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın əlilliyinə görə 200 manat müavinət alır. Cavabdeh heç vaxt alimenti artıq ödəməmişdir. 200 manat etdiyi ödəniş isə iki ayın ödənişidir. Alimenti əskik ödədiyi olub, amma artıq ödəniş etməsi halı olmamışdır. Cavabdeh Türkiyə Respublikasında firmada müdir müavini kimi işləyir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 158424 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılması, 03 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 aprel 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment X8 xeyrinə tutulması qət edilmişdir; - AZ-İ seriyalı 215627 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 31 mart 2015-ci il tarixdə 102 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Salehi” soyadı verilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 qoyulan diaqnoz: Tuberoz skleroz. Burnevil xəstəliyi Epiloyya. Ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. O, sağlamlıq imkanları məhdud uşaqdır, əlilliyin səbəbi ümumi xəstəlikdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılması, 03 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 aprel 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment X8 xeyrinə tutulması qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Belə ki, uşağın saxlanılması üçün 2017-ci ildə hər ay 136 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 6 il keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X2. Burnevil xəstəliyi Epiloyya. Ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu ilə qeydiyyatdadır, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında uşağın xəstəliyi ilə bağlı iddiaçının artıq müavinət aldığını bildirərək, iddianı bu hissədə əsassız olduğunu göstərmişdir. Qeyd edilməlidir ki, uşağa müavinət təyin edilməsi cavabdehin uşağın müalicə və müayinəsinə çəkilməli olan xərclərdən azad etmir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X3 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, 130 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2642/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh, İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödəməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2642/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar