Məhkəmə qərarları › İş №2(007)-111/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-111/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-111/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əsas və faiz borcunun qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 3889.94 ABŞ dolları, faiz borcu üzrə 3195.24 ABŞ dolları cəmi 7085.18 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 126.55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında S-AVK- 687 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X5 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASCnin Sənaye filialı ilə Cavabdeh arasında 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 10245 (on min iki yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. 03 oktyabr 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 3889,94 (üç min səkkiz yüz səksən doqquz ABŞ dolları 94 sent ) ABŞ dolları, faiz borcu üzrə 3195.24 (üç min bir yüz doxsan beş ABŞ dollar 24 sent) ABŞ dolları olmaqla, cəmi 7085,18 (yeddi min səksən beş ABŞ dolları 18 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, “X5 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)- 2848/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 8611,00 ABŞ dolları, faiz borcu üzrə 3195,24 ABŞ dolları olmaqla, cəmi ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Nizami Rayon Məhkəməsinin 2(007)-2848/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 2(007)-2848/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır Hesab edir ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzürlü sayıla bilər.

Tərəflərin izahatları:

3. Cavabdeh ərizə ilə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

İş materialları:

5. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 10245 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

6. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 06-dan gec olmayaraq 48 ay müddətində hər ay 300.95 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

7. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 1256 saylı ipoteka müqaviləsindən görünür ki, 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsinin təminatı kimi “Geely MK. minik” markalı, buraxılış ili 2013-cü il, mühərrik-MR479QA*D3N577043, ban- LB37624S4DL018760, rəngi qara nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. 8 Hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh sonuncu dəfə xx.xx.2014-cü il tarixdə 301 manat ödəniş etmişdir.

9. 20 sentyabr 2017-ci il tarixli aktdan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsi üzrə 20 sentyabr 2017-ci il tarixə cavabdehin banka 8611 ABŞ dolları əsas, 3195.24 ABŞ dolları faiz cəmi 11806.24 ABŞ dolları borcu vardır.

10. 04 iyul 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh əsas borc üzrə 8611 ABŞ dolları, faiz borcu üzrə 2421 ABŞ dolları cəmi 11032 ABŞ dolları məbləğində borcu qalmışdır. Tələb edilən 11032 ABŞ dolları borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. 15 avqust 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh əsas borc üzrə 8611 ABŞ dolları, faiz borcu üzrə 2610 ABŞ dolları cəmi 11221 ABŞ dolları məbləğində borcu qalmışdır. Tələb edilən 11221 ABŞ dolları borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 126.55 manat dövlət rüsumu ödənilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli rəyindən görünür ki, müqavilənin bitdiyi tarixinə, yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 8419.37 ABŞ dolları, faiz borcu üzrə 4948.69 ABŞ dolları, son ödəniş tarixinə əsas borc üzrə 3698.31 ABŞ dolları, faiz borcu üzrə 4948.69 ABŞ dolları müəyyən edilir. İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 01256 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 10245 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfindən borcun restrukturizasiyası ilə bağlı müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Tərəflər arasında 06 sentyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, 06 sentyabr 2017-ci il tarixdə kredit müqaviləsinin müddəti bitmiş, cavabdehin sonuncu ödənişi 09 dekabr 2014-cü il tarixdə olmuşdur. İddiaçı isə 30 may 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı:

Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı:

İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

18. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı:

İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdiyindən, iddia tələbi rədd edilməlidir.

21. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

22. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

23. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

24. Göründüyü kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 06 sentyabr 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti kimi 48 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

26. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

27. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh X2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar