Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1112/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 1130,03 manat kredit üzrə əsas məbləğ borcunun, 64,69 manat əsas məbləğə hesablanmış faiz borcunun, 195,89 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 11,00 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20,40 manat dövlət rüsumunun, cəmi 1784,15 manat məbləğində borcun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh1 arasında 213-151 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən borcalan Cavabdeh1 istehlak yönümlü 3000 manat (üç min manat) məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona illik 19% (on doqquz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İstehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zamin Cavabdeh2 müqavilə üzrə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşdür. «X1 Azərbaycan» QSC müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalan və zaminə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini, qrafik tutulsa ayda 50- 60 manat ödəyə biləcəyini, xəstə olduğu üçün borcunu ödəyə bilmədiyini, Vüqarla birbirlərinə zamin durduqlarını, Vüqar borclarını ödədiyi üçün onu zaminlikdən çıxardığını, borcunu ödəmədiyi üçün Vaqifdən tutulan pulların Vaqifə qaytardığını, bank işçisinin əvvəllər Prezidentin fərmanının vaxtı keçdiyini deyərək onu aldatdığını qeyd etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, borcun onun olmadığını bildirdi və iddianın təmin edilməməsini, bu iş üzrə zaminlikdən və öhdəliklərindən azad edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1dur. O, cəmi 300 manat əmək haqqı alır. Onun özünün də başqa banklara borcu var. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 213-151 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz ödənilmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, kredit müqaviləsinə zamin qismində imza çəkmiş, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 banka 1130,03 manat əsas, 64,69 manat faiz, 195,89 manat cərimə borcu olmaqla, ümumilikdə 1390,61 manat borcu vardır. Lakin cavabdehlər kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı “X1 Azərbaycan” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 “X1 Azərbaycan” QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidirlər. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndən Cavabdeh2 müştərək qaydada 1130,03 manat əsas borcu, 64,69 manat faiz borcu, 70 manat cərimə borcu, 11,00 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1296,12 manat vəsait "X2 Azərbaycan" QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1ndən Cavabdeh2 müştərək qaydada 1130,03 manat əsas borcu, 64,69 manat faiz borcu, 70 manat cərimə borcu, 11,00 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1296,12 manat vəsait "X2 Azərbaycan" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1112/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1112/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver