Məhkəmə qərarları › İş №2(007)-1122/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1122/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1122/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-3088/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN xidmət”mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 27 mart 2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 604 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahında 18 sentyabr 2020-ci il tarixdə doğulmuş X1 anası İddiaçı yanında qalması, İddiaçı 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, 18 sentyabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, 18 sentyabr 2020-ci il tarixdə doğulmuş X1 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cür ödəmir. Cavabdeh vaxtı-vaxtındada aliment ödəmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, uşaq böyüyür, xərcləri artır, müxtəlif problemlər yaranır, uşağının saxlanması üçün əlavə xərclər çəkir. Dayəyə pul verir və bütün bunları tək çatdıra bilmir. O, qardaşının adına olan gözəllik salonunda saç ustası işləyir, əmək haqqısı təxminən 400-500 manatdır. Səhər-axşam, həftəsonu işləyir və uşağı da çox işlədiyi üçün görə bilmir. Cavabdeh 10 aydır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini ödəmir. Uşağın 3 yaşına çatanadək ödəməli olduğu 50 manatdan 200 manat olmaqla, ümumilikdə, cavabdehin 2130 manat aliment borcu qalmışdır. Ümumiyyətlə cavabdeh onlar ayrıldıqdan sonra uşaqla maraqlanmamış, o da ona zəng etməyi özünə sığışdırmamışdır. Uşağın dizdən aşağısı üçün həkim əməliyyat məsləhət görmüş, çünki fizioterapiyalar və masaj effekt vermir. Uşaqda sümük boşluğu var, yeriyəndə səndələyir, 2-3 addımdan sonra yıxılır. İcra məmuruna alimentin ödənilməməsi ilə bağlı bildirmiş, lakin icra məmurunun gücü çatmır. Cavabdeh bir ata kimi övladı üçün nə edir? Cavabdeh yenidən ailə qurmuş, iki övladı dünyaya gəlmişdir. İddiaçının 5 övladı var, görünür ki, o, birgə nikahdan olan uşaqlarını öz övladı hesab etmir. Uşağın ağzında bir dişi yoxdur, bir dişin qiyməti 80 manatdır. Cavabdehin digər övladı “British School”da oxuyur. Əgər cavabdeh onun əmlakını araşdırırsa, anasının adına olan 50 ədəd obyekti və bank hesabını da araşdırsın. Cavabdeh nikahın pozulması prosesləri zamanı deyirdi ki, yenidən ailə qurmaq niyyəti olduğundan anlaşmalı boşanır və boşanmanın səbəbkarı anasıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2022-ci ildə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat aliment müəyyən edilən zaman o, Xırdalan rayonunda dəmir zavodunda günlük olaraq işləmişdir. Elə olurdu ki, günlük qazancı olmurdu. Belə ki, əmək haqqları o zaman fəhlələrin kredit götürməsinə problem yaranmaması üçün 1000 manat kimi qeyd edilmişdir. Hal-hazırda "xxxx" Hüquq Şirkətində hüquqşünas kimi işləyir və 340 manat əmək haqqı alır. Onun 5 övladı vardır. Qızının 17 yaşı var, X3 təqaüdçüsüdür, “British School”da oxuyur, 3 dil bilir. O, yenidən ailə qurmuş və himayəsində iki azyaşlı övladı vardır. O, Bakı şəhərində Gəncə prospektində kirayədə qalır və aylıq 200 manat kirayə haqqı ödəyir. İddiaçının işlədiyi gözəllik salonu onun özünə məxsusdur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 18 sentyabr 2020-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 3088/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2023-00029 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-3088/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(007)-3088/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 18 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar