Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1133/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq pozuntularla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edildi ki, yanında azyaşlı uşağı olan İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337 məhəllə, Məhəmməd Hadi küçəsi, ev 120 D, mənzil 166, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı iddia ərizəsini Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlasa da, özünün Bakı şəhəri, Nizami rayonunda yaşamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə görə, fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Məlum olduğu kimi, iddiaçı və cavabdeh Bakı şəhəri Nizami rayonunun ərazisində qeydiyyatda deyillər, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. Qanunvericilik iddiaçının seçməsinə görə aidiyyət qaydalarını da müəyyən etmişdir ki, bunlardan biri də alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilməsinin mümkünlüyü ilə bağlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı halda, İddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Ona görə iddia ərizəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılması üçün əsas ola bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanununun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlə mübahisənin mediasiya qaydasında həllinə dair məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1133/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1133/2022
18.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver