Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1139/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında (220 manat) artırılmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından X9, X7 və X8 doğulmuşdur. Nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4277 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, övladlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2006-cı il tarixdən başlayaraq hər uşağa 117 manat olmaqla cəmi 351 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı hər uşaq üçün 154 manat sabit pul məbləği miqdarında müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı alimentin artırılması barədə iddia ərizəsində alimentin hansı zərurət əsasında dəyişdirilməsini əsaslandıra bilməmiş və cavabdehin gəlirlərinin artması barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı məhkəməni aldadaraq tərəflərin birgə nikahdan doğulmuş X3 2022-ci ilin noyabr ayının əvvəllərindən cavabdehin himayəsində olması faktını gizlətmiş və bu uşağa görə də cavabdeh əsassız şəkildə aliment tələb etmişdir. Hansı ki, qanunvericilik aliment məbləğinin müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırlmalı olduğunu tələb edir. Mülki işdən göründüyü kimi işdə cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşmanın olması barədə sübut yoxdur. Alımentin təyin olunması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçının özünün maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda icra məmurunun Cavabdeh barəsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə məcburi gətirilməsi barədə təqdimatlar verməsi cavabdehin maddi vəziyyətinin pis olduğunun sübutudur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı onun qızıdır, uşaqlara 8 ildir o özü baxır, onlar onun evində qalırlar. Cavabdehin VÖEN, yaxşı biznesi var, aktiv şəkildə sahibkarlıq fəaliyyəti və ov silahı satışı ilə məşğul olur, məşhur fotoqrafdır və ərəbləri ova aparır, yaxşı pul qazanır. İddiaçının ixtisası alman dilli müəllimi olduğu halda şirkətdə faktura yazır və 350 manat əmək haqqı alır. 175 manat aliment tutulması ilə bağlı məhkəmə qətnaməsindən qarşı tərəf apellyasiya şikayəti vermiş və şikayət təmin edilməmişdir. Hazırda cavabdehin 2848 manat aliment borcu mövcuddur. Onun tərəfindən 5823 manat borc yığılmış, 26 iyulda cavabdeh məcburi qaydada gətirilmişdir. Bundan sonra İXM-nin 578-ci maddəsi üzrə cavabdehin məhkəməsi olan vaxtı hakim 1 həftə ərzində alimenti ödəmək üçün vaxt vermiş, o da ödəyəcəyini demiş, lakin yenidən ortadan itmiş, yenidən məcburi qaydada gətiirlmişdir. Həmin inzibati qərarından o özü şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsində 1 həftə ödənilmək üçün cavabdehə vaxt verilmiş, cavabdeh də 2 il ərzində ödəmədiyi 5135 manat aliment borcunu 2 aya yaxın müdddət ərzində ödəmişdir. Həmin tarixdən bəri isə pul ödəmir. O, Rzazadə İlhamın atası ilə yaşamasına münasibətdə bildirdi ki, aralarında olan razılaşmaya əsasən həmin uşağı ata nənəsi 2022-ci ilin noyabr ayından qeyr-rəsmi olaraq aparmışdır. Cavabdehin yaşamaq üçün yeri də yoxdur. Uşağa nənəsi baxır. O, həmçinin qeyd etdi ki, valideynin işləməməsi aliment ödəmək vəzifəsindən azad etmir. Alimentin artırılması haqqında qərar onların iddia ərizəsinin verdiyi gündən hesablanmalıdır. Cavabdeh tərəf onun yoldaşının dayısı nəvəsidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-4277/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər uşağa hörə ayda 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Bundan sonra məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Daha sonra iddiaçı alimentin artırılması barədə iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, hər ay hər uşaq üçün müəyyən olunmuş alimentin miqdarı 154 manat, cəmi 462 manat müəyyən olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-2286 /2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 20 mart 2006-cı il təvəllüdlü X6, 01 may 2007-ci il təvəllüdlü X3 və 27 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 525 manat aliment tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay hər uşaq üçün 220 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılması ilə bağlı mövqeyində haqlı deyildir, onun istinad etdiyi hallar alimentin miqdarının artırılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ana ilə qalan uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından işə baxan məhkəmə iddiaçının xeyrinə hər uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul miqdarında aliment tutulmalı olması qənaətinə gəlmişdir. Burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Əksinə, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(007)-2506/2018 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məcburi qaydada icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6 anasının yanında saxlanılması qət edilməsinə baxmayaraq, o, faktiki olaraq 2022-ci ilin noyabr ayından atasının yanında yaşayır, bütün təlabatları atası tərəfindən qarşılanır. Uşağın saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulmasının məqsədi uşağın təlabatlarının ödənilməsi üçün müəyyən olunduğundan məhkəmə hesab edir ki aliment məbləğinin artırılması barədə iddia tələbinə qiymət verilərkən bu hal da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında (220 manat) artırılmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində ödənilmiş 60 manat məbləğində mediasiya xərci ona aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında (220 manat) artırılmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1139/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1139/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver