Məhkəmə qərarları › İş №2(007)-1141/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1141/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1141/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 13244,65 manat əsas, 390,01 manat faiz, 14,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13649,58 manat və 130,95 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 17750 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 13244,65 manat əsas, 390,01 manat faiz, 59,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13694,32 manat borcu vardırur. Cavabdehin müqavilə üzrə cərimə borcu 59,66 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 14,92 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, ödəniş etməkdən boyun qaçırmadığını, sadəcə aylıq ödəniş və faiz borcu ilə birlikdə məbləğ çox olduğundan, eyni zamanda başqa kreditləri və müxtəlif çətinlikləri olduğundan ödənişlərdə müəyyən gecikmələrinin olduğunu ödəniş etməkdə çətinlik çəkdiyini, 28 dekabr 2023-cü il , 31 yanvar 2024-cü il, 9 fevral 2024-cü il, 12 fevral 2024-cü il və 26 fevral 2024-cü il tarixlərində ödəniş etdiyini, iddia ərizəsi məhkəməyə verildikdən sonra 26 fevral 2024-cü il tarixdə iki dəfə 500 manat olmaqla 1000 manat, 29 mart 2024-cü il tarixində 300 manat, xx.xx.2024-cü il tarixdə isə 700 manat və daha digər məbləğdə ödənişlər etdiyini bildirərək həmin ödənişlərin nəzərə alınmasını və faiz borcunun silinməsində köməklik edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, onun müqavilə üzrə aylıq ödənişi 635 manat olmuş, tam olmasa da, heç olmasa aylıq ödəməli olduğu məbləğin yarısını ödəməyə çalışmışdır. O, ödəniş etməyəndə faiz məbləği də artırdı. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışda 12 fevral 2024-cü il tarixdən ödəniş etdiyi tarixlər və etdiyi ödəniş məbləğləri düzgün şəkildə qeyd edilmişdir. O, iddiaçıdan hesabdan çıxarışı istəyən zaman maraqlanan tərəf olduqlarını bildirərək ona həmin çıxarışı təqdim etməmişlər. Hal-hazırda işləyir, lakin borcları çoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə təqdim edərək iş həcminin çoxluğunun nəzərə alınaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nmüayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə (Əlavə № 1, №2, №5) və İmza nümunəsinə əsasən, bank tərəfindən Cavabdeh illik 17 faiz ödənilmək şərti ilə 36 ay müddətinə 17750 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 13244,65 manat əsas, 390,01 manat faiz, 59,66 manat cərimə borcu olmaqla, ümumilikdə 13694,32 manat borcu vardır. Həmçinin, xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, müqavilə üzrə borclunun banka 10464,65 manat əsas, 1079,68 manat faiz, 340,96 manat cərimə borcu olmaqla, ümumilikdə 11885,29 manat borcu vardır. İşin mübahisəli halları: Cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul etdiyini, əlavə ödənişlər etdiyini bildirmiş və məhkəmədən faiz borclarının silinməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 462.1-ci, 464.1-ci, 465.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə borcu hissəsində əsaslı olduğundan təmin edilməli, iddia tələbi əsas borca münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 13244,65 manat əsas borc tələb edilsə də, iddia ərizəsi məhkəmə tərəfindən verildikdən sonra cavabdeh tərəfindən ödənişlər və iddiaçı tərəfindən sonuncu dəfə təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışı nəzərə alınmaqla iddiaçıdan cavabdehin xeyrinə 10464,65 manat əsas borc tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 130,95 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10464,65 manat əsas borc, 390,01 manat faiz borcu, 14,92 manat cərimə borcu olmaqla, cəmi 10869,58 manat borc və ödənilmiş 130,95 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar