Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1145/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 10 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh ilə onun arasında Sumqayıt “Asan xidmət’' X2 30 mart 2019-cu il tarixdə bağlanmış və 761 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 10 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anasının yanında qalması, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cür ödəmir. Cavabdeh vaxtlı-vaxtında da aliment ödəmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, uşaq körpə olduğu üçün heç bir yerdə işləmir. Ailəli olduqları vaxt cavabdeh işləmiş, sonradan işdən çıxıb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Aralarında olan nikah pozulan vaxtdan cavabdehlə əlaqəsi olmadığı üçün onun gəliri barədə məlumatı yoxdur. Cavabdeh aliment məbləğini vaxtlı-vaxtında ödəmir, 2-3 aydan bir ödəyir. Onun 2000 manata yaxın aliment borcu var. Həmçinin, hal-hazırda 193 manat aliment məbləği uşaq üçün kifayət etmir və uşaq bu ildən hazırlığa da getməlidir. Cavabdehlə mediasiya prosesi zamanı mediator əlaqə saxlamış, lakin o, mediatora heç bir söz deməmişdir. Cavabdehin məhkəmə prosesindən məlumatı da vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 10 may 2019-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 604/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00209 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2023-cü ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 10 may 2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-604/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 10 may 2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 10 may 2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-604/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 10 may 2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1145/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1145/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver