Məhkəmə qərarları › İş №2(007)-1146/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1146/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1146/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 dekabr 2023-cü il tarixli borc müqaviləsi əsasında ödənilməmiş 1300 (min üç yüz) manat borc məbləğinin, məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 07 dekabr 2023cü il tarixli borc müqaviləsi əsasında ödənilməmiş 800 manat borc məbləğinin, məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış borc müqaviləsinə əsasən 01 mart 2024-cü il tarixinədək qaytarmaq şərti ilə 33000 (otuz üç min manat) borc vermişdir. Həmin müqavilədə nəzərdə tutulmuş müddət tamam olsa da borcun 31700 (otuz bir min yeddi yüz) manat ödənilmiş, 1300 manat ödənilməmiş olaraq qalmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqavilə ilə ona 33000 manat məbləğində pulu müqavilədə müəyyən müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra dəfələrlə cavabdehə müraciət edərək, pulunu qaytarmasını tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan, daha sonra isə onun telefon zənglərinə cavab verməkdən yayınmışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 33000 manat məbləğində pulu müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə 33000 manat məbləğində borc pul vermişdir.

9. İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

10. 28.08.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 10 manat ödəniş etmişdir.

11. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 34 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə 33000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcunu qaytarsa da tam şəkildə qaytarmamış, 800 manat borcu qalmışdır. Hazırda iddiaçı Cavabdeh 07 dekabr 2023-cü il tarixli borc müqaviləsi əsasında ödənilməmiş 800 manat borc məbləğinin, məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir.

16. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı 07 dekabr 2023-cü il tarixli borc müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmişdir və müəyyən olunmuş vaxtda borcunu qaytarmamışdır. Odur ki, iddia bu hissədə təmin edilərək cavabdehdən 800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə iddia tələbinin “iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə” münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, iddia ərizəsinin tərtib edilməsi üçün 10 manat ödəniş etmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800 manat məbləğində pul, 33 manat dövlət rüsumu və 10 manat hüquqi xidmət üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800 manat məbləğində pul, 33 manat dövlət rüsumu və 10 manat hüquqi xidmət üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilməlidir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 800 manat məbləğində pul, 33 manat dövlət rüsumu və 10 manat hüquqi xidmət üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar