Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1164/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş maddi zərərin yerdə qalan 4059 manat və ödənilmiş 60 manat dövlət rüsumunun tututlaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 avtomobilinə dəymiş maddi zərərin yerdə qalan 4059 manat və 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdehlər Cavabdeh və X4 ilə əvəz edilmişdir.
4. xx.xx.2025-ci ildə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdehlər siyahısından çıxarılmasını, 3818,80 manat ona dəymiş ziyan məbləğinin cavabdeh “Həsənoğlu 2013" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən X4 cavabdehlər siyasından çıxarılmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar:
6. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15:28 radələrində Bakı-Quba yolu istiqamətində cavabdeh qurumun sürücüsü X4 tərəfindən yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisə zamanı X3 idarə etdiyi **-JR-*** qeydiyyat nişanlı “İveco Otoyol” yük maşını onun **-MT-*** qeydiyyat nişanlı “Hyundai Santafe" markalı minik maşını ilə toqquşaraq ona 7810 (yeddi min səkkiz yüz on) manat məbləğində maddi zərər vurub. Bunun nəticəsində araşdırma aparılmış və “Sənaye Sığorta” tərəfindən avtomobilimə dəyilən maddi zərərin 3751,20 ( üç min yeddi yüz əli bir manat iyirmi qəpik) məbləğini sığorta qarşılayıb. Nəzərə çatdırır ki, dəymiş zərərin yerdə qalan 4059 (dörd min əlli doqquz) manalı indiyədək ona ödənilməyib. Cavabdehdən avtomobilinə dəyilən zərəri tələb ets də müxtəlif bəhanələr gətirirdi. Məhkəməyə müraciət etməmişdən öncə cavabdehə pretenziya məktubu göndərsə də buna məhəl qoymayıb.
İş materialları:
7. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:28-də Bakı-Quba yolu 28 KM yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobillə "xxxx" MMC-nin mülkiyyətində olan **-JR-*** dövlət qeydiyyat nişanlı “İVECO OTOYOL” yük markalı avtomobillə toqquşmuş, həmin avtomobilin hadisə baş verən anda sürücüsü olan X5 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir.
8. Əmlaka dair Qiymətləndirmə aktının surətindən görünür ki, **-MT-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 7810 manat tələb olunur;
9. "xxxx" ASC-nin İ-1845/24 saylı sığorta aktından görünür ki, "xxxx" ASC-də PSS********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək sığortalanmış **-JR-*** dövlət qeydiyyat nişanlı “İVECO OTOYOL” yük markalı avtomobil, **-MT-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobillə toqquşmuşdur. **-MT-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobil dəymiş zərər 7810 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 3751,20 manat sığorta ödənişi İddiaçı hesabına köçürülməlidir;
10. İcarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünnür ki, müqaviləyə əsasən icarəyə verən **-JR-*** dövlət qeydiyyat nişanlı “İVECO 65.9” markalı avtomobili 500 manat aylıq icarə haqqı ödənilməklə icarəyə vermişdir. Müqavilə hər iki tərəfin onu imzladığı tarixdən qanuni qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 1 (bir) il müəyyən edilir. Müddətin başa çatmasına ən azı 30 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə yazılı və şifahi şəkildə müraciət etdikdə, sözügedən müqavilə eyni şərtlərlə növbəti 1 il müddətinə uzadılmış hesab edilir.
11. Əmək müqavilənin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2024-cü ildə Cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir, əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir.
12. X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərəri müəyyən etmək üçün yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri dəyəri müəyyən edilmişdir. Beləliklə, aparılmış hesablamalar nəticəsində "Hyundai Santafe" minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 10050 AZN (on min əlli) olaraq müəyyən edilmişdir.
Tərəflərin izahatları:
13. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin və ona dəqiqləşmənin dəlillərinə uyğun izahat verərək, 3818,80 manat ona dəymiş ziyan məbləğinin cavabdeh “Həsənoğlu 2013" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh “Həsənoğlu 2013" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
15. Məhkəmə iclaslarında cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iştirak etmiş X4 izahat verərək bildirmişdir ki, onun iştirakı ilə xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. **-JR-*** qeydiyyat nişanlı “İveco Otoyol” yük avtomobilini o idarə edib. Həmin vaxt Cavabdeh MMC-də işləyirdi. Hazırda da həmin şirkətdə işləyir. Ona sığorta şirkəti tərəfindən maddi ziyana görə 5000 manat sığorta məbləğinin iddiaçıya ödənildiyi, qalan məbləğdən isə iddiaçının imza çəkərək imtina etdiyi bildirilib. Sığorta şirkəti avtomobilin daxili hissələrinə görə ödəniş etmir. Hadisə yerinin fotoşəkilləri var, avtomobiln ancaq iki ədəd qapısı qırılıb. İddiaçının avtomobolinə nə qədər ziyan dəydiyini bilmir, dəymiş ziyan 4059 manat məbləğində deyil. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Yol-nəlqiyyat hadisəsi ilə bağlı barəsində cərimə tətbiq edilib, həmin qərarı mübahisələndirməyib, cəriməni ödəyib, cərimənin məbləğini dəqiq xatırlamır. Yol-nəqliyyat hadisə baş verəndə əmək funksiyalarını icra edirdi. Cavabdeh MMC-dəki işi ilə bağlı yük daşınmasını həyata keçirirdi.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Qərarda göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
İşin faktiki halı:
20. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi "Hyundai Santafe" minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-nin mülkiyyətində olan Cavabdeh MMC-yə icarəyə verilən və onun işçisi olan X3 idarə etdiyi “İVECO OTOYOL” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin işçinin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
22. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MMC-nin işçisinin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir.
23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı ödəməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Məhkəmə tərəfindən İddiaçı məxsus olan “Hyundai Santafe" minik markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirilmə aparılmış və X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən aparılmış hesablamalar nəticəsində "Hyundai Santafe" minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 10050 AZN (on min əlli) olaraq müəyyən edilmişdir.
26. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 7810 manat, daha sonra tələbinin həcmini azaldaraq 7570 manat kimi göstərmiş, ekspertiza rəyi ilə isə həmin məbləğ 10050 manat məbləğində müəyyən edilmişdir, həmçinin iddiaçıya 3751,20 manat sığorta ödənişinin edildiyi məlum olmuşdur.
27. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edərək, cavabdeh X2 iddiaçının xeyrinə 3818,8 (7570-3751,20) manat məbləğində pul tutulmalıdır.
Nəticə:
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 3818,80 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,19 manat İddiaçı xeyrinə tutulmalıdır.
29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 58,19 (3818,8 manata uyğun) cavabdehə, qalan 1,1 manatı iddiaçının özünə aid edilməlidir.
32. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri özünə edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 3818,80 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,19 manat İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,1 manatı və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva