Məhkəmə qərarları › İş №2(007)-1165/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1165/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1165/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 törətdiyi inzibati xəta nəticəsində ona vurulmuş, mülkiyyətində olan avtomobilimin ehtiyat hissələrinin dəyişdirilməsinə görə 330 manat və xidmət haqqına görə 630 manat olmaqla, ümumilikdə 960 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində idarə etdiyi "Hyundai Elantra" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı yolunun 12-ci km-də, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən Cavabdeh2, idarə etdiyi, "xxxx" ASC-nin mülkiyyətində olan "Kia Sportage" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsi qaydalarını pozaraq onu arxadan vurmuş və hadisə yerindən qaçmışdır. Arxadan vurulmuş zərbənin nəticəsində o, qarşısında eyni istiqamətdə hərəkətdə olan başqa bir avtomobili vurub. Hadisə yerinə gəlmiş X5 əməkdaşları tərəfindən Cavabdeh2 olduğu yer müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmiş və barəsində xx.xx.2024-cü il tarixli İXP6366353 nömrəli protokol tərtib edilərək, 327.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında eyni tarixli TP ******* qərarla 100 manat məbləğində cərimə olunmuşdur. Hadisə zamanı Cavabdeh2 idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi olmadığından, onun avtomobilinə vurulan ziyanın sığorta şirkəti tərəfindən qarşılanması mümkün olmamışdır. Bundan başqa, Cavabdeh2 könüllü olaraq ziyanı ödəməkdən boyun qaçırmışdır. O, məcburi olaraq, “X2” avtoservis şirkətində avtomobilini təmir etdirmişdir. “X2” MMC tərəfində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, ilkin texniki baxış zamanı qiyməti 200 manat olan 1 ədəd arxa şveller, qiyməti 39 manat olan 1 ədəd arxa şvellerin dəmiri, qiyməti 50 manat olan 1 ədəd arxa radar, qiyməti 20 manat olan 1 ədəd arxa sağ xizək, qiyməti 21 manat olan 1 ədəd arxa sağ atrajatel (əksetdirici), ümumilikdə 330 manat dəyərində ehtiyat hissələrinin dəyişdirilməsinə və təmir edilməsinə xərc çəkilmişdir. Bundan başqa, həmin aktdan göründüyü kimi dəmirçi (panelin yük qapısının təmiri) işlərinə görə 150 manat, rəngsaz (yük qapısının arxa bamperin panelinin rənglənməsi) işlərinə görə 340 manat, armatur (arxa bamperin yük qapısının sökülüb yığılması) işlərinə görə 90 manat, plastmas (arxa bamperin təmiri) işlərinə görə 50 manat olmaqla, ümumilikdə 630 manat xərc çəkilmişdir. Göründüyü kimi, ona ehtiyat hissələrinin dəyişdirilməsinə görə 330 manat və 630 manat xidmət haqqı olmaqla, ümumilikdə 960 manat məbləğində ziyan vurulmuşdur.

Etiraz:

3. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, iş üzrə İddiaçı Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı olan vurulmuş zərərin ödənilməsi tələbini onlara aid olan hissədə qəbul etmirlər. Belə ki, digər cavabdeh ona tərəflərindən lizinqə verilmiş lizinq predmeti olan nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Belə ki Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında imzalanmış müqavilənin 7.e bəndinin tələbinə əsasən, lizinq alan lizinq müqaviləsi müddətində lizinq predmeti olan nəqliyyat vasitəsini idarəedən zaman yol verdiyi qanunpozuntularına, inzibati xətalara görə özü məsuliyyət daşıyır. Odur ki, iddia ərizəsini Cavabdeh1 ASC-yə aid olan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 bildirdi ki, sığortanı Cavabdeh2 etməli idi. Yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə olub, sığorta şəhadətnaməsi isə xx.xx.2024-cü il tarixdə verilib.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir.

10. “X2” MMC-nin xx.xx.2024-cü il tarixli nömrəli qüsur aktından görünür ki, İddiaçı məxsus "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulan zərərə görə ehtiyyat hissələri üzrə 330 manat, xidmət üzrə 630 manat müəyyən edilmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Yekun aktının sürətindən görünür ki, **-GZ- *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilinin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 6000 manat müəyyən edilmişdir.

12. AD seriyalı 981780 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

13. BB seriyalı 438351 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Kia Sportage" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.

14. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli, YDQM nömrəli 007-041-/2025 saylı məktubundan görünür ki, "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1030 manatdır. 200 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

15. Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixdli, 160/23 saylı lizinq müqaviləsinin predmentindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu Müqaviləyə “Əlavə 2”-də qeyd olunmuş və ətraflı təsviri verilmiş əmlakı (bundan sonra “Əmlak”) mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Lizinq Alan bu Müqavilənin imzalanmasından sonra Lizinq verənin Satıcı ilə bağladığı müqavilə üzrə Alıcının hüquq və öhdəliklərini, o cümlədən, Əmlakın saxlanılması, istifadəsi, təmiri, sahibliyi, habelə Satıcıya qarşı tələblərin irəli sürülməsi üzrə hüquq və öhdəliklərini qəbul edir. Lizinq verən Lizinq alanla Əmlakın qiymətini, təslim müddətlərini və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Həmçinin müqavilənin 7.e bəndinin tələbinə əsasən, lizinq alan lizinq obyektini idarə edən zaman törətdiyi bütün qanunpozuntularına, inzibati xətalara görə birbaşa özü məsuliyyət daşıyır.

16. 15.01.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən edildi ki, 20 iyun 2024-cü il tarixdə saat 18:00 radələrində Bakı-Şamaxı yolunun 12-ci km-də, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC-nin mülkiyyətində olan "Kia Sportage" markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh2 İXM-in 327.1, 327.6 və 332.1-ci maddələri ilə törətdiyi inzibati xətaya görə təqsirli bilinmiş və 100 manat cərimə olunmuşdur. Cavabdeh2 idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi olmadığından, onun avtomobilinə vurulan ziyanın sığorta şirkəti tərəfindən qarşılanması mümkün olmamışdır. Hazırda iddiaçı Cavabdeh2 törətdiyi inzibati xəta nəticəsində ona vurulmuş, mülkiyyətində olan avtomobilinin ehtiyat hissələrinin dəyişdirilməsinə görə 330 manat və xidmət haqqına görə 630 manat olmaqla, ümumilikdə 960 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı:

Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X3 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, Cavabdeh2 "xxxx" ASC-nin mülkiyyətində olan "Kia Sportage" markalı **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil ilə hərəkətdə olan zaman "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman iddiaçıya məxsus minik maşınının əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır.

22. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada, mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurmuş və tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

23. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. İddia “maddi zərərin Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixdli, 160/23 saylı lizinq müqaviləsinin 7.e bəndinin tələbinə əsasən, lizinq alan lizinq obyektini idarə edən zaman törətdiyi bütün qanunpozuntularına, inzibati xətalara görə birbaşa özü məsuliyyət daşıyır. Belə olan halda qanunvericiliyin tələbinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki halda delikti Cavabdeh2 törətmişdir. Bu səbəbdən Cavabdeh2 iddiaçıya dəymiş zərəri ödəməlidir.

24. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qüsur aktından görünür ki, "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinə ehtiyyat hissələri üzrə 330 manat, xidmət üzrə 630 manat məbləğində ödəniş edilmişdir.

25. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir, verilmiş ekspert rəyi ilə "Hyundai Elantra" markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 1030 manat müəyyən edilmişdir.

26. Məhkəmə, məhkəmə iclası zamanı təqdim olunmuş və tədqiq edilmiş sübutları qiymətləndirərək, qeyd edir ki, Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi 930 manat iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

28. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi 960 manat, 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi 960 manat, 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar