Məhkəmə qərarları › İş №2(007)-1190/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1190/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1190/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22 avqust 2006-cı il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13 mart 2007-ci il tarixində oğlu Abdullazadə Amid dünyaya gəlmişdir. 2009-cu il tarixində ailə münaqişələri zəminində münasibətləri korlanmış və cavabdeh ona qarşı Nizami Rayon məhkəməsinə "nikahın pozulması, uşağın ananın yanında saxlanılmasının müəyyən edilməsi və aliment” tələbinə dair müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 01 iyul 2009-cu il tarixli 2(007)-770/2009 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaq onun yanında saxlanılmış və bunun üçün ondan aylıq sabit 80 (səksən) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. 2019-cu ildə yenidən tərəfindən alimentin artırılmasına dair verilən iddia ərizəsinin nəticəsində Nizami Rayon Məhkəməsinin 2(007)-1649/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən aliment artırılaraq 160 (yüz altmış) manat olmuşdur. Artıq oğlu Abdullazadə Amidin 15 yaşı var. Gün keçdikcə onun yaşayış təminatını təmin etməkdə çətinlik çəkir. Artıq təhsil xərcləri, uşağın tələbatı gün keçdikcə artmaqda davam edir. Qanunun normasına əsasən 2022-ci il üçün bir uşağın yaşaması üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu məbləğində aliment ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Nizami Rayon Məhkəməsinin 2(007)-1649/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin 160 (yüz altmış) manat həcmində alimentin miqdarının artırılaraq Cavabdeh Rafael oğlundan 13 mart 2007-ci il təvəllüdlü oğlu X1 görə aylıq 200 (iki yüz) manat alimentin tutulması və onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin Cavabdeh Rafael oğlundan alınıb ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əvvəlki nikahlarından olan övladları 13.03.2017-ci il təvəllüdlü X16 artıq 15 yaşına çatmışdır. Onlar 05 noyabr 2009-cu ildən bəri rəsmi olaraq boşanmışlar. Tərəfindən bu günə qədər məhkəmə tərəfindən müəyyən edilmiş 160 manat aliment məbləği çox çətin olsa da, o vaxtdan bəri vaxtlı-vaxtında ödənilməkdədir. Onlar boşandıqdan sonra hər birisi uzun müddət əvvəl başqa-başqa şəxslərlə yenidən ailə həyatı qurmuşlar. Sənədlərdən də müəyyən edildiyi kimi onun yeni nikahından sonra soyadı da dəyişmiş və yeni həyat yoldaşının soyadı götürülərək Əliyeva olaraq müəyyən edilmişdir. Onun isə ikinci həyat yoldaşı X8 ilə nikahından iki övladı var. Övladlarının biri universitet tələbəsi, digəri isə azyaşlıdır. Bildirmək istəryir ki, bu günə qədər fəhləliklə günə muzd orada-burada çətinliklə iş tapmaqla ailəni güclə dolandırır. Heç bir yerdə işləmir. Hal-hazırda ailəsi ilə birlikdə əlavə edilmiş kirayə müqaviləsi sənədində də göstərildiyi kimi kirayədə yaşayır. Bununla yanaşı əvvəlki nikahından olan X16 barəsində məhkəmə tərəfindən müəyyən edilmiş 160 manat məbləği çox çətinliklə ödəyir. İddiaçı isə baxmayaraq ki, yenidən ailə qurub və özü hal-hazırda rəsmi olaraq işləyir, gəlirləri yaxşıdır və hətta özünə şəxsi evdə alıb, imkan və şəraiti ondan daha da yaxşıdır, yenədə sırf prinsipial olaraq ona mənəvi xələl, ziyan gətirsin deyə alimentin ondan tutulmasını tələb edir. Belə olan halda, iddiaçıya onun tələb etdiyi məbləğdə aliment ödəmək onun imkanları xaricindədir. Nəzərə alsa ki, Respublikada orta aylıq əmək haqqı 297 manatdır, o isə günəmuzd fəhləliklə qazandığı qəpik-quruşla indiki nikahından olan digər övladlarının saxlanılmasını çox çətinliklə həyata keçirdir, alimentin məbləğinin qaldırılması ağlasığmazdır. Qazandığı günəmuzd, az məbləğlərlə kirayə haqqının ödənilməsi, ailənin dolanışıq xərclərinin ödənilməsi olduqca çətindir. Atasının çox ağır və onun himayəsində olan yataq xəstəsidir. Hesab edir ki, İddiaçı yenidən nikahda olması, rəsmi olaraq gəlirinin yaxşı olması, ailəsin dolandıran ailə başçısının qazancı, bundan əlavə şəxsi evinin olması, övladların baxılmasında onların hər iki valideyinin bərabər iştirakı halları nəzərə alınmalı və onun iddia tələbi təmin edilməməlidir. Bundan əlavə bildirmək istəyir ki, onun hal-hazırda maddi, sosial dolanışıq vəziyyəti və zəruri vəsaitin tərəfindən ödənilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq yaxşı olardı ki, İddiaçı valideyinlərinin yəni uşağın ana tərəfdən baba, nənəsinin nəvənin saxlanılmasında iştirakı təmin edilməsi barədə məhkəməyə müraciət edərdi. Qeyd edilənlərə əsasən iddiaçı X5 ona qarşı “alimentin artırılması”na dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizəyə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, yaxın qohumunun xəstələnməsi səbəbindən təcili rayona getməli olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı, 898433 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13 mart 2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r; - AZ-İ seriyalı 103352 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 sentyabr 2009-cu il tarixdə 207 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Abdullayev”, qadına “Bədəlova” soyadı verilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 1649/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 2(007)-5818/2017 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh 13 mart 2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Birinci tərəf Quliyev Vidadi ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış 01 aprel 2017-ci il tarixli Kirayə haqqında müqavilədən görünür ki, birinci tərəf ona məxsus X.Məmmədov 13, mənzil 179 ünvanında yerləşən mənzili 7 il müddətinə ikinci tərəfə kirayəyə vermişdir. İkinci tərəf mənzili ayda 300 manat ödəmək şərti ilə kirayəyə götürmüşdür. - 3 saylı Bakı DOST Mərkəzinin 01.03.2022-ci il tarixli **********4 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir; - AZ-İ seriyalı 558137 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 23 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir; -AZ-İİ seriyalı, 455542 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 04 mart 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X7r; -AZ-İ seriyalı, 432240 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 yanvar 2004-cü il tarixdə doğulmuşdur. X4, anası X10r; - AZ-İ seriyalı 025095 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X13 ilə olan nikah ləvğ edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 noyabr 2003-cü il tarixdə 430 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Cəbrayılov”, qadına “Qurbanova” soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 13 mart 2007-ci il tarixdə Amid adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2019-cu ildə hər ay 160 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 3 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019-cu ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilərək artırılmalı olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 200 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan onun himayəsində iki uşaq vardır. Hazırda işsizdır və kirayədə yaşamaqla ailəsinin ehtiyaclarını həmçinin, 13 mart 2007-ci il təvəllüdlü X2 üçün 160 manat məbləğində alimenti çətinliklə ödəyir. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13 mart 2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-1649/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 13 mart 2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiya xərci üçün ödənilmiş 60 manat dövət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 mart 2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 1649/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 13 mart 2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar