Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1204/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMCnin xeyrinə 1252 manat əsas borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli ******* saylı Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 1402 manat dəyərində olan iki ədəd mobil telefon almışdır. Alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək, hər ay-üçün 116 manat 83 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1402 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 150 manat ödəniş etmiş, qalan 1252 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərin kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1 -ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, onun sahibkarlıq fəaliyyətimə ciddi ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair 2(007)-1204/2020 saylı sadələşdirilmiş icraat üzrə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddaçı "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, iclasda iştirak edə bilməyəcəyinə görə iddia ərizəsinə onun iştirakı olmadan baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 601 manat olan xiaomi mi A2 lite 3/32 gb bl markalı mobil telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC tərəfindən ərizəyə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh 07 yanvar 2019-cu il tarixli müqavilə üzrə 150 manat ödəniş etmiş, əsas borc üzrə 1252 manat, cərimə borcu üzrə 186.68 manat borcu vardır. - 28 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə, ümumi dəyəri 601 manat olan xiaomi mi A2 lite 3/32 gb bl markalı mobil telefon almış və onu hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyanı qəbul etmişdir. Lakin Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, bununla bağlı iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına məhəl qoymamış, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1252 manat əsas borcu tələb etsə də, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli müqavilə və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 601 manat olan xiaomi mi A2 lite 3/32 gb bl markalı mobil telefon satılmışdır. Bundan başqa "xxxx" MMC tərəfindən ərizəyə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh, 07 yanvar 2019-cu il tarixli müqavilə üzrə 150 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 07 yanvar 2019-cu il tarixli müqavilə üzrə aldığı mobil telefonun dəyəri olan 601 manatdan 150 manat ödəməsi nəzərə alınmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 451,00 manat borc məbləği və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat vəsait olmaqla ümumilikdə 481,00 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 451,00 manat borc məbləği və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat vəsait olmaqla ümumilikdə 481,00 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1204/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1204/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver