Məhkəmə qərarları › İş №2(007)-1206/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1206/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1206/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən 22 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(007)-716/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında olan 17 yanvar 2017-ci il tarixli, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış 177859 saylı nikah aktının pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 22 oktyabr 2017-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanması, Cavabdeh 22 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. Cavabdeh vaxtı-vaxtında da aliment ödəmir. “Mediyasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak etmişdir və bu barədə məhkəməyə arayış da təqdim edir. 05 dekabr 2023-cü il tarixdə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

İş materialları :

3. AZ-İV seriyalı, 032843 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə doğulmuş və bu barədə Sumqayıt Asan Xidmət X1 doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 6792 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

4. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-716/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında olan 17 yanvar 2017-ci il tarixli, 2 saylı Bakı "Asan xidmət" mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış 177859 saylı nikah aktının pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 22 oktyabr 2017-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 22 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. AZ-İ seriyalı, 324374 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində, 206 nömrə ilə qeyd edilmiş və nikah ləğv olunduqdan sonra qadına İmamquliyeva soyadı verilmişdir.

6. “Mediasiya Şurası” Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/1/2023-00025 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyası Azərbaycan Respublikası "Mediasiya haqqında" 29 mart 2019-cu il tarixli, № 1555-VQ nömrəli Qanununun 36.3-cü maddəsinin tələblərinə müvafiq olaraq ödənişsiz əsaslarla həyata keçirilmişdir.

7. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" ASC-də nasos qurğularının maşininsti vəzifəsində işləməklə 588.0 manat əmək haqqı alır.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, uşağın xəstəliyi ilə əlaqədar xərcləri artmışdır. Əvvələr özü işlədiyi üçün uşağı xərclərini özü qarşılayırdı, indi işdən çıxdığı üçün uşağın xərclərini qarşılamaqda çətinlik çəkir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun əmək haqqı 500 manat təşkil etdiyi üçün 235 manat aliment ödəməyə imkanı yoxdur. Həmçinin qeyd etmişdir ki, aliment məbləğindən başqa uşağın saxlanması üçün əlavə köməklik etməmişdir.

İşin faktiki halı :

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 17 yanvar 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahdan 22 oktyabr 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur.

11. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-716/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 22 oktyabr 2017-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmış, Cavabdeh 22 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.

12. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-716/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq uşağa görə hər ay 235 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu : 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

24. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

25. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbini irəli sürmüş və tələbini uşağın tələbatının artması, xəstəliyi ilə əlaqədar xərcləri artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.

26. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

27. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

29. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-716/2019 saylı xx.xx.2019-cu il tarixli, qətnaməsi ilə alimentin miqdarı müəyyən edilməsindən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşaqların təhsili ilə əlaqədar maddi tələbatları daha da artmış, uşaqlar üçün müyyən edilmiş yaşayış minimumu artmışdır.

30. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

31. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

32. Qeyd etmək zəruridir ki, yaşayış minimumu məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

33. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

34. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.

35. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-də işləməklə aylıq əmək haqqısı 588.0 manat təşkil edir.

36. Məhkəmə cavabdehin izahatı (235 manat aliment ödəməyə imkanı olmaması) ilə bağlı qeyd edir ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Qüvvədə olan qanunverilicilikdə fəaliyyət qabiliyyəti olan bütün valideynlərin uşağı saxlamaq vəzifəsi müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh məhkəmə tərəfindən təyin edilmiş 160 manat aliment məbləğindən başqa uşağın saxlanması ilə bağlı əlavə xərclərdə iştirak etməmişdir və onun maddi və ailə vəziyyəti isə 235 manat aliment ödəməyə imkan veriri. Məlumdur ki, 160 manat pul vəsaiti uşağın saxlanması, onun inkişafı üçün zəruri olan xərcləri qarşılamaq üçün kifayət deyildir.

37. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olması, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

38. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

39. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərcləri :

40. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

42. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 75 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 900 manat (75x12=900) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır.

43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

44. Azərbaycan Respublikası MPM-nin 124.1ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

45. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

46. Bakı 1 saylı Mediasiya Təşkilataı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, ilkin mediasiya sessiyası ödənişsiz həyata keçirilimişdir.

47. Belə olan halda yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

48. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-716/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar