Məhkəmə qərarları › İş №2(007)-1267/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1267/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1267/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında HO0000375-2021 saylı 05 iyul 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə, Cavabdeh şəxsi məqsədləri üçün 6 (altı) ay müddətinə illik 39 (otuz doqquz) % olmaqla 635 (altı yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh tərəfindən H00000375-2021 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" BOKT MMC-yə borcu 122.16 manat əsas, cəmi 122.16 manat təşkil edir. Buna görə də, Cavabdeh 122.16 (bir yüz iyirmi iki manat 16 qəpik) manat əsas, cəmi 122.16 (bir yüz iyirmi iki manat 16 qəpik) manat məbləğin və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2021-ci il tarixli, HO0000375-2021 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 06 ay müddətinə illik 39 faiz dərəcəsi ilə 635 manat məbləğində kredit verilmişdir. Borclu həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2021-ci il tarixli, HO0000375-2021 saylı kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən, ödəniş cədvəli üzrə müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda kreditor bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2021-ci il tarixli, HO0000375-2021 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə 122.16 manat əsas borcu vardır. - xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCdən 05 iyul 2021-ci il tarixdə HO0000375-2021 saylı kredit müqaviləsi ilə 635 manat məbləğində kredit götürmüşdür. Onun yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü kreditin geri ödənişində xx.xx.2021-ci il tarixdən etibarən problem yaranmış və artıq 78 günlük gecikmə ilə onun kredit üzrə 438.32 manat məbləğində vaxtı keçmiş borcu mövcuddur. Bildirilmişdir ki, borclu ilə bağlanmış kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən kreditin vaxtından əvvəl tələb edilməsi halı yaranmışdır. Bu xəbərdarlıq məktubu ilə borcludan 782.76 manat məbləğində cəmi kredit borcunu xx.xx.2021-ci il tarixinə qədər ödəməyi tələb edilmişdir. Əks halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən girov bileti üzrə girov qoyulmuş əşyalar satılaraq kredit borcunun bağlanmasına yönəldiləcək. Bir daha borclunun nəzərinə çatdırılmışdır ki, gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 1 %-i qədər cərimə hesablanacaqdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək üçün 38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Nəticədə, cavabdehin iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 122.16 (yüz iyirmi iki manat, on altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumu 38 (otuz səkkiz) manat tutularaq “"xxxx" BOKT MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 122.16 (yüz iyirmi iki manat, on altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumu 38 (otuz səkkiz) manat tutularaq “"xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar