Məhkəmə qərarları › İş №2(007)-1269/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1269/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1269/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 1500 (min beş yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi, dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə əsasən, iddiaçının (müharibə veteranının) dövlət rüsumu ödənişindən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə bilikdə yaşayır. Adı çəkilən mənzil onun xüsusi mülkiyyətindədir. Onların üstündə yaşayan 7 nömrəli mənzilin sahibi (mülkiyyətçisi) Cavabdehdur. O, qonşu binada Bəhruz Nuriyev küçəsi, ev 57, mənzil 55 ünvanında yaşayır və orada da qeydiyyatdadır. Cavabdeh 2022ci ilin yay aylarında öz mülkiyyətində olan 7 nömrəli mənzildə əsaslı təmir işləri aparmışdır. Təmir işləri bir neçə ay davam etmişdir. O, təmir işləri apararkən dəfələrlə onun mənzilinə su axıtmışdır. Eyni zamanda onun mənzilinin tavan hissələrini dağıtmışdır. O, dəfələrlə Cavabdeh xəbərdarlıq edərək xahiş etmişdir ki, təmir işləri apararkən ehtiyatlı olsunlar, onun mənzilinə zərər vurmasınlar. Cavabdeh onun xəbərdarlıqlarına baxmayaraq heç bir tədbir görməmişdir. Qonşuluq münasibətləri naminə ondan xahiş etmişdir ki, onun mənzilinin tavan hissəsində dağılmış yerləri, su basmış yerləri, təmir etdirsin. Cavabdeh onun xahişini rədd etmiş və onun mənzilinin zərər çəkmiş yerlərini təmir etdirməmişdir. Qonşunun bu qanuna zidd hərəkətləri (hərəkətsizliyi) onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, Cavabdeh məxsus 7 nömrəli mənzildə təmir işləri aparılarkən onun mənzilinə böyük miqdarda ziyan dəymişdir. O, bu barədə ilkin olaraq Nizamı rayon 121 nömrəli MKİS-nə müraciət etmişdir. Həmin MİKS-nin əməkdaşları tərəfindən onun mənzilinə baxış keçirilmiş və ona vurulan ziyan aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Ona vurulan ziyanın miqdarı təqribən 1500 (min beş yüz) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, o, ekspertiza rəyi ilə razıdır. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997-ci il tarixli, 112316 nömrəli qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 67, 5 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 67, 7 saylı mənzil Cavabdeh (hüquq sahibinin identifikatoru ********) xüsusi mülkiyyətindədir. - 121 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli daimi qeydiyyatda olanlar barədə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri 121 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 1 saylı mənzilin mülkiyyətçisi İddiaçı MKİS-nə ərizə ilə müraciət edərək, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 7 saylı mənzildən onun mənziinə su axdığını bildirmiş və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə bağlı həmin ünvana baxış zamanı İddiaçı mənzilində qonaq otağının tavanına ziyan dəyməsi müəyyən olunmuşdur. Təmir zamanı həmçinin hamam-tualet və mətbəxt otağına su axmışdır. Mənzilə dəyən ziyanın qiymətləndirilməsi üçün xüsusi quruma müraciət olunması məqsədəuyğundur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 10/3237 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 67 saylı evin 7 saylı mənzilin qapısı bağlı olduğundan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 67 saylı evin 5 saylı mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, mülki iş materiallarında olan məlumatları və su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 5 saylı mənzilə su sızması 7 saylı mənzildə aparılan təmir işləri zamanı sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 67 ünvanında yerləşən 5 saylı mənzilin yaşayış otağının tavanında dəliklər olduğunu nəzərə alaraq, həmin mənzilin yaşayış otağına zərər vurulduğu müəyyən edilmişdir. Tavanda yaranmış qüsurların su sızmaya nəticəsində yaranmadığı, lakin 7 saylı mənzildə aparılan təmir işləri zamanı yaranmasına xarakterik olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 67 ünvanında yerləşən 5 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 542 manat müəyyən olunur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 67 saylı evin 5 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 7 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 67 saylı evin 5 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 7 nömrəli mənzildən sızması, habelə təmir işləri nəticəsində iddiaçıya ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının yaşayış sahəsində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, ekspert rəyindən dəymiş ziyanın məbləği təqribən 565 manat müəyyən olunması da nəzərə alınmaqla, dəymiş ziyanın əvəzi qismində 600 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 542 manat maddi ziyan tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 57 saylı evin 7 saylı mənzilindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 67 saylı evin 5 saylı mənzilə suyun axıdılması və tikinti-təmir işlərinin aparılması nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh 542 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar