Məhkəmə qərarları › İş №2(007)-1271/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1271/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1271/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2012-ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 600 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 02 iyun 2011-ci ildə faktiki nikah münasibətinə daxil olmuşdur. Birgə nikahdan 24 dekabr 2012-ci il təvəllüdlü X5 və 01 iyul 2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Hazırda bildirmək istəmədiyi səbəblərdən aralarında baş verən münaqişələr səbəbindən Cavabdeh ilə aralarında münasibətlər pisləşmiş, tez-tez baş verən söz-söhbətlər səbəbindən 18 dekabr 2017-ci il tarixdə ayrılmışlar. Həmin vaxtdan birgə yaşamırlar və təsərrüfat idarə etmirlər. Hər iki övladı onunla birlikdə yaşayır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 976/2018 nömrəli, 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh məhkəməyə müraciət olunduğu 2018-ci ilin yanvarın 11-dən başlayaraq 24 dekabr 2012-ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 155 manat olmaqla, cəmi 310 manat və 3 yaşı tamam olanadək 01 iyul 2015ci il təvəllüdlü X4 qulluq etdiyinə görə hər ay 100 manat, cəmi 410 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və 3 yaşı tamam olanadək 01 iyul 2015-ci il təvəllüdlü X4 qulluq etdiyinə görə hər ay 100 manat pul məbləği dəyişdirilərək, 50 manat müəyyən edilmiş, qətnamə diqər hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 1119/2020 nömrəli qətnaməsi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(008)-976/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh xeyrinə tutulan alimentin artırılaraq, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1572/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilmişdir. Bildirmək istəyir ki, hazırda da övladları onun yanında yaşayırlar. Cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan aliment az olduğundan, övladlarının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Hər ay uşaqların saxlanılmasına 1000 manatdan çox pul xərcləyir. Hesab edir ki, Cavabdeh birgə nikahdan olan övladlarının saxlanılması üçün məhkəmə tərəfindən tutulması qət edilmiş aliment məbləği artırılaraq, hər uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat tutulmalıdır.

İş materialları:

3. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 05 fevral 2024-cü il tarixli, MŞB/6-00197 saylı arayışdan görünür ki, hər iki tərəf 05 fevral 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(007)- 1572/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(007)-1119/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.

5. AZ-İİİ seriyalı, 589283 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 01 iyul 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

6. AZ-İİİ seriyalı, 022093 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 dekabr 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. “AEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “sürücü/yük avtomobil” vəzifəsində işləyir. Aylıq əmək haqqı 400 manatdır. 8 “AEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Milli Konservatoriyası X7 “müəllim, ümumi təhsil məktəbi/musiqi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 840 manatdır.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 400 manat əmək haqqı alır, onun hamısını alimentə ödəyir. Ailə qurub və 1 övladı da var. Bu səbəbdən tələb edilən alimenti ödəməyə imkanı yoxdur.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Tətbiq edilən hüquq:

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:

8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

17. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 24 dekabr 2012-ci il təvəllüdlü X5 və 01 iyul 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(007)-1572/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(007)-1119/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.

Məhkəmənin mövqeyi:

19. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Göründüyü kimi Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. İddiaçı isə Azərbaycan Milli Konservatoriyası X7 işləyir və 840 manat əmək haqqı alır. Cavabdehin maddi durumu iddiaçının maddi durumundan aşağı olduğundan məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay hər uşağa 235 manat cəmi 470 manat məbləğində aliment tutulmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

23. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.

Nəticə:

24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24 dekabr 2012-ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(007)-1572/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 dekabr 2012-ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli.

25. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 30.08 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. 24 dekabr 2012-ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(007)-1572/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 dekabr 2012ci il təvəllüdlü X2 və 01 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar