Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1271/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrin ləğv edilməsi və həmin müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrin ləğv edilməsi və həmin müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 04 iyul 2023-ci il tarixli 230 saylı alqı-satqı, 11 noyabr 2023-ci il tarixli 273 saylı alqı-satqı, 10 may 2024-cü il tarixli 285 saylı alqı-satqı, 19 may 2024-cü il tarixli 315 saylı alqı-satqı, 27 may 2024-cü il tarixli 318 saylı alqı-satqı, 10 avqust 2024-cü il tarixli 309 saylı alqı-satqı müqavilələrin ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış 6941 manat əsas borc və 3470 manat cərimə borcu, 125 manat dövlət rüsumu olmaqla, cəmi 10536 manat Cavabdeh onun xeyrinə tutulması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair iddiaçının nümayəndəsinin fikrini öyrənmişdir. İddiaçının nümayəndəsi Nümayəndə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh şəxsi istehlak məqsədi ilə əşyaları alıb, əşyalar alınan vaxt cavabdehin VÖEN-ü fəaliyyətsiz idi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəm işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, mülki iş aiddiyyət qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Beləliklə, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan məhkəmə hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Hazırki iddia ərizəsi ilə, İddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini və həmin müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb edir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********- telefon hissələrinin və aksessuarlarının topdan satışı) fərdi sahibkardırlar. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 6 ədəd alqı-satqı müqaviləsi bağlanmış, bunlardan üçü mobil telefonun alğı-satıqısı müqaviləsidir və məhkəmə hesab edir ki, cavabdeh həmin mobil telefonları şəxsi istifadə üçün deyil, alqı-satqı məqsədi ilə alıb. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. MPM-in: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulmaqla icraata qəbul edildiyindən hazırkı halda aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 24.2, 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrin ləğv edilməsi və həmin müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair 2(007)-1271/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1271/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1271/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver