Məhkəmə qərarları › İş №2(105)-1262/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1262/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1262/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1011/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN-İ № ******* saylı, 25 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və qanunla müəyyən edilmiş qaydada ona və ailə üzvlərinə məxsus Şamaxı rayonu, Çıraqlı kəndi ərazisində yerləşən və qeyri-qanuni olaraq satılmış 3,24 ha torpaq sahəsi üzərində hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1011/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Natiq İsmayılov). İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(074)-1011/2024 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, iddia rüsumunun ödənilməsini təsdiq edən qəbzi guya ərizəyə daxil etməmişdir. Halbuki, o iddia rüsumunun qəbzini iddia ərizəsinə daxil etmişdir. Qərardadda yazılmışdır ki, o Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. İş materiallarından görünür ki, cavabdehlərin biri Bakı şəhəri Yasamal Rayonunda qeydiyyatda olsalar da digər ikisi Şamaxı Rayonuna qeydiyyatdadırlar. Digər tərəfdən isə daşınmaz əmlak yəni mübahisə edilən torpaq sahəsinin özü də Şamaxı Rayonunun ərazisindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbindən aşkar görünür ki, mənə məxsus daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsinə dair iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Odur ki, Şamaxı Rayon Məhkəməsi MPM-in 39.1-ci maddəsinin tələblərinə riayət etməklə iddia ərizəsini icraata götürməlidir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1011/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 1011/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməməsinə və iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunan sənədlərin qaytarılması qərarına gəlmişdir. İddiaçı şikayətinin dəlillərində göstərmişdir ki, dövlət rüsumunu ödədiyini və buna dair sənədi əlavə etdiyi bidirsə də həmin sənəd müəyyən edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Digər dəlil – MPM-in 39-cu maddəsinə əsasən məhkəmənin iddia ərizəsini icraata götürməli olması ilə bağlı əvvəla kollegiya qeyd edir ki, göstərilən maddəyə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırkı iş üzrə isə iddia tələbi müqavilənin mübahisələndirilməsi ilə bağlı olduğundan Məhkəmə kollegiyası qeyd edir ki, 35-ci maddənin tələbləri əsasında ərazi aidiyyəti müəyyən edilməlidir. Həmin maddəyə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, tələb X1 ilə Cavabdeh1 arasında bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsi ilə bağlı olduğundan, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 və Cavabdeh3 qarşı konkret tələb olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin geri qaytarılması barədə qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsaslarla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1011/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar