Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1278/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (min) manat borcun, ödədiyi 35 manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş iş yoldaşıdır. Cavabdeh Qazaxıstan Respublikasına gedib. Orada dükandan telefon alıb. O da həmin telefonu cavabdehdən almaq məqsədilə ona buradan kartdan karta 775 manat, 375 manat və 340 manat isə terminal vasitəsilə göndərib. Ümumilikdə ona 1500 manat pul göndərib. Lakin sonradan nə telefon nə də ki, ödədiyi pullar ona geri qaytarılmayıb. Cavabdehə pul ödəməyi barədə aralarında “whatsapp” yazışmaları da mövcuddur. Pulu ödəməkdən boyun qaçırır. Aralarında mübahisə yaranır. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olub.
İş materialları:
3. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, 523915******1606 nömrəli kartdan 409858******2454 nömrəli karta xx.xx.2023-cü ildə 775 manat və xx.xx.2023-cü ildə 375 manat məbləğində pul köçürülmüşdür.
4. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 35 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehlə birlikdə Sumqayıt şəhərində Mühafizə İdarəsində polis serjantı işləyib. Cavabdeh Qazaxıstan Respublikasında olanda ona mobil telefon almasını təklif edib, o da, cavabdehə pul göndərib. Telefon alıb göndərməsi üçün cavabdehə 775 manat, 375 manat bəyan pulu, 340 manat isə Türkiyə Respublikasından Qazaxıstan Respublikasına qayıtması üçün bilet pulu göndərib. O, cavabdehin telefonu alıbalmamasını bilmir, çünki cavabdeh Qazaxıstan Respublikasında, o isə Azərbaycan Respublikasında olub. Cavabdeh telefonu aldığını və ona poçtla maraqlanmağını bildirib. Sonra poçta yaxınlaşıb, poçtun əməkdaşı ona neçə il poçtda işlədiyini, belə bir kodla rastlaşmadığını bildirib. Cavabdehdən ümumilikdə 1500 manat borcun qaytarılmasını tələb edir. Cavabdeh ona bildirib ki, Türkiyə Respublikasındadır, telefon saxta olduğundan Qazaxıstan Respublikasına gedərək telefonu 10 gün müddətində qaytarmalıdır, bilet pulu göndərilməlidir. O, da məcbur qalaraq 340 manat pulu e-manat vasitəsi ilə cavabdehə göndərib ki, cavabdeh mobil telefonu qaytarsın. Cavabdeh telefonu ona təhvil versəydi, 340 manat pulu ondan tələb etməyəcəkdi. Çünki ortada nə telefon, nə də pul var. Sumqayıt şəhəri 3-cü Polis Bölməsinə yaxınlaşıb, mülki iş olduğundan baxmayıblar. İzahatlar almayaraq, məhkəməyə müraciət etməyini bildiriblər. Cavabdeh ondan 102 xidmətinə dəfərlərlə şikayət edib. Cavabdeh ümumiyyətlə telefon almayıb.
6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qismən qəbul edir. 775 manat, 375 manat məbləğin iddiaçıya qaytarmağa razıdır. Əlavə olaraq bildirmişdir ki, şərik telefon gətiriblər, amma telefon saxta çıxıb. İkisi telefonu gətirirdi, o da pul qoyub. O, iddiaçıdan iradəsinə zidd olaraq pul almayıb. O, Qazaxıstan Respublikasında idi, məsləhətləşiblər, iddiaçı deyib ki, telefonu poçtla göndər, burada baha qiymətə satsınlar. Pulu qaytarmağa imkanı yoxdur. İddiaçı ona 775 manat və 375 manat bəyan pulu köçürüb. 340 manat bilet pulu gəlib, gədiş haqqını iddiaçı, gəliş haqqını da özü verməli idi. Telefonu ikisi üçün alıb, burada satmaq niyyəti ilə gətirirdilər. Telefonu gətirməyib, oraya qoyub.
Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
İşin faktiki halı:
11. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya Qazaxıstan Respublikasından mobil telefon almalı, iddiaçı isə həmin telefonun dəyərini ödəməli idi. Belə ki, iddiaçı tərəfindən mobil telefonun alınması üçün cavabdehə məxsus karta 775 manat və 375 manat pul köçürmüşdür. İş materialların əlavə edilmiş qəbzlər bunu təsdiq edir. Həmçinin, iddiaçı bilet pulu kimi cavabdehə 340 manat pul göndərdiyini, lakin hazırkı vaxtadak nə telefonun, nə də ki, ödədiyi pulların qaytarılmadığını qeyd etmişdir. Hazırda iddiaçı 1500 manat pulu və məhkəmə xərclərini cavabdehdən tələb edir, cavabdeh isə iddia tələbini “775 manat və 375 manat pulun ödənilməsi” hissəsində qəbul etmişdir.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində Azərbaycan Respublikası Mülki Məcəllənin 739-740-cı maddələrinə istinad etsə də, tərəflər arasında olan münasibətlər borc deyil, tapşırıq münasibətləridir.
14. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini “775 manat və 375 manat pulun ödənilməsi” hissəsində etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdehnın iddia tələbinin həmin hissədə etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
15. Məhkəmə iddia tələbinin “340 manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin məhkəməyə vermiş olduğu məlumata əsasən onlar şərik telefon gətiriblər, lakin telefon saxta çıxıb, razılıqlarına əsasən iddiaçı gediş haqqını, özü isə qayıdış haqqını ödəməli idi, ona 340 manat gediş haqqı gəlib. İddiaçı isə qeyd etmişdir ki, telefon saxta olduğundan cavabdehin Türkiyə Respublikasında Qazaxıstan Respublikasına gedərək, telefonu qaytarması üçün ona 340 manat bilet pul köçürüb. Məhkəmə qeyd edir ki, hazırda tərəflərin şərikli fəaliyyət göstərməsi halı müəyyən edilmir. İşin hallarına görə iddiaçı tərəfindən cavabdehə Qazaxıstan Respublikasından mobil telefon alınması üçün 775 manat və 375 manat məbləğində pul köçürülüb. Lakin hazırkı vaxtadək nə telefon, nə də ki, iddiaçının telefon üçün ödədiyi haqq ona qaytarılmayıb.
16. Məhkəmə hesab edir ki, iddia tələbi “340 manat pulun ödənilməsi” hissəsində də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh ona iddiaçı tərəfindən 340 manat bilet pulu göndərildiyini qəbul etmişdir. İşin halları ilə müəyyən edilir ki, cavabdeh ona verilmiş tapşırığı icra etməyərək, iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən tapşırığı icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanı ödəməlidir.
17. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 1490 manat (775 manat, 375 manat və 340 manat) məbləğində pul tutulmalıdır. Belə ki, iddiaçı texniki yanlışlığa yol verərək, tələbini 1500 manat kimi göstəmişdir.
Nəticə:
18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1490 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ərizəsinin verilməsi üçün 35 manat dövlət rüsumu ödənilmişdir.
21. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun 34,90 manatı cavabdehə aid edilməli, dövlət rüsumunun 0,10 manatı iddiaçıya aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1490 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,90 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 0,10 manatı İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva