Məhkəmə qərarları › İş №2(007)-1298/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1298/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1298/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21600 (iyirmi bir min altı yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154,80 (yüz əlli dörd manat səksən qəpik) manat, ümumilikdə 21754,80 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi əməklə məşğuldur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi və uşaqları ilə birlikdə yaşayır. Üç uşağı və hər üçü Bakı şəhəri Nizami rayonunda yerləşən 109 saylı tam orta məktəbdə oxuyurlar. Uşaqlarını dərsə hər gün o aparıb-gətirir. Bir dəfə də yenə də uşaqlarını dərsə aparanda əvvəlcədən tanıdığı Aytən adlı xanım onu Gülnar adlı xanımla tanış edib. Aytən onu Gülnarla tanış edərkən ondan qızıl ala biləcəyini cavabdehə bildirib. O da, valideynlərindən ona miras qalan 29850 manat dəyərində qızıl-zinət əşyalarını evində saxlayırdı. Bacısı ağır xəstə olduğundan ona təcili pul lazım olduğuna görə Aytəndən qızıllarını satmaqda ona kömək etməsini xahiş edib. Aytən də Gülnarın qızıl almaq istəyinə görə cavabdehi onunla tanış edib və qızılı ondan ala bilməsini Gülnara təklif edib. O da qızıl-zinət əşyalarını 29850 manat qiymətə razılaşmaqla hissə-hissə olmaqla Gülnara satıb. Sonuncu dəfə qızıl-zinət əşyalarını Gülnara 2024-cü ilin mart ayında uşaqlarının oxuduğu Bakı şəhəri Nizami rayonunda yerləşən 109 saylı tam orta məktəbin həyətində verib. Gülnar ümumilikdə 29850 manat puldan ona 8250 manatını geri qaytarıb, qalan 21600 manatını isə ona qaytarmaqdan imtina edib. O, Gülnarın bu hüquqazidd hərəkətindən Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edib, araşdırma aparılan zaman izahatı alınan Gülnar da qeyd etdiyi faktı təsdiq edib. Eyni zamanda, məhkəmədə iddia qaldırılması üçün onun tərəfindən 154,80 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödənilib.

İş materialları:

3. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir.

4. Məhkəməyə iddiaçı tərəfindən qızıl-zinət əşyalarının siyası disk təqdim edilmişdir.

5. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 154,80 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi əlyazmada Aytən adlı xanımla qeydlər edib. Aytən adlı xanım müəyyən səbəblərə görə məhkəməyə şahid qismində gələ bilmir. Aytən adlı xanım qonşudur. Cavabdehin yaşadığı bina onun mənzilinin yerləşdiyi binadan bir az məsəfədə yerləşir. Cavabdeh məktəbdə işləyir. Cavabdehlə Aytən adlı xanımın vasitəsi ilə tanış olub. Bacısı və qardaşının oğlu onkoloji xəstə olduğundan ona təcili pul lazım olduğuna görə məcbur qalıb özünün və anasının qızıllarını cavabdehə satıb. Cavabdeh əvvəlcə qızıllara baxıb bacısının, sonra qardaşının arvadının, daha sonra rəfiqəsinin almaq istədiyini bildirib. O da qızılları az-az cavabdehə verib. Daha sonra Aytən adlı xanıma cavabdehin pulu ödəməyi gecikdirdiyini bildirib. Aytən adlı xanım cavabdehə pulu ödəmək lazım olduğunu deyib. Cavabdeh pulunun olmadığını, bir az gözləməyini qeyd edib. Bir müddət keçəndən sonra cavabdeh ona zəng edərək anasının qızılları bildiyini və əgər anası zəng edib soruşsa, qızılların pulunu ödəyib bitirdiyini deməsini xahiş edib. Qızıllar ona anasından və babasından qalıb. Qızılların dəyərini hesablayaraq 29850 manat yazıb, qızılları qiymətləndirməyib. Cavabdehin ona nə qədər pul qaytardığı yadında deyil. Cavabdehin ona 21600 manat borcu qalıb. O, qızılları cavabdehə verəndə yazılı sənəd tələb etmirdi, cavabdeh də bunu tələb etmirdi.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh və şahid istintaq zamanı ifadələrini təsdiq edib və heç bir sübut təqdim etməyiblər. Cavabdehin qardaşı onunla telefon əlaqəsi zamanı qeyri-etik ifadələr işlətdiyinə görə tutduğu vəzifədən azad edilib. Eyni zamanada qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları iş üzrə iclas və cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq sübut növlərindən biridir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı ilə Aytən adlı xanımın vasitəsi ilə tanış olub, iddiaçı Bakı şəhəri 109 saylı tam orta məktəbdə bəzi müəllimlərə, Aytən adlı xanımın özünə də qızıl satırdı. Aytən adlı xanım məktəbdə təhsil alan şagirdin valideynidir, həmçinin onu yaxından tanıyırdılar. Onun problemim var idi, təcili lazım olduğuna görə qızıl alıb. Qızıllar iddiaçının özünün və ya anasının deyildi, iddiaçı Xalqlar Dostluğu metrostansiyası yaxınlığından qızılları gətirəcəyini bildirirdi, o da dəfərlərlə iddiaçını gizli izləyib, iddiaçının Xalqlar Dostluğu metrostansiyası yaxınlığındakı qızıl dükanlarına, “Laçın” ticarət mərkəzinə daxil olduğunu görüb. Əvvəlki məhkəmə iclasından üç gün əvvəl iddiaçı Aytən adlı xanıma zəng edərək şahid qismində ifadə verməsini bildirib. Aytən adlı xanım iddiaçıya onun yanında qızıl alınmadığında və ya verilmədiyinə görə şahid qismində ifadə verməkdən imtina edib. 2024-cü ilin yay aylarında o, polisə çağırılanda Aytən adlı xanım onun adını heç bir dövlət orqanına təqdim etmədiyini bildirib. Onun şəxsi problemləri var idi. İddiaçı qızılları dəyərindən baha qiymətə, yəni satışda bir qramı 80 manat, 100 manat olan qızılı 220-250 manata verirdi. İddiaçı tək onu deyil, məktəbdə işləyən digər şəxsləri də bu oyuna gətirib. Onun qardaşı polis işləyib, iddiaçı tərəfə görə qardaşını işdən çıxarıblar. O, iddiaçıdan qızılları 2022-2023-cü illər ərzində alıb, qızılların ödənişini bir il ərzində edib, dəqiq vaxtı bilmir. O, qızılların pulunu bir neçə dəfə 500 manat, 1000 manat olmaqla və daha çox qaytarıb. O, pulları iddiaçıya məktəbdə qaytarıb. İddiaçı məktəbin həyətinə, onun otağına gələrək pulu götürüb. O, 20000 manat pulu iddiaçının özünə verib. İddiaçıya pulu nağd şəkildə əlbəəl qaytarıb. Pulu ödəməyi ilə əlaqədar aralarında heç bir yazılı sübut, WhatsApp yazışması yoxdur. O, pulu iddiaçıya qaytaranda bilmirdi ki, iddiaçı gələcəkdə ona qarşı məhkəmədə iddia qaldıracaq. Ona görə də, iddiaçıdan heç bir yazılı sübut tələb etməyib. Pulları məktəbdə iddiaçıya qaytaranda ikisi olublar, yanlarında heç kim olmayıb. O, iddiaçıya 9000 manata yaxın pul ödəyib, iddiaçı qızılları nisyə verirdi, çəkisi bir qram olan 95-100 manat dəyərində qızılı 222-300 manata, 300-500 manat dəyərində qızılı 1000 manata, 2000 manat dəyərində qızılı 4000 manata satırdı. İddiaçıdan pandora sep, bilərzik, üzük alıb. Sonradan ona məlum olub ki, iddiaçıdan qızıl almaq ona sərf eləmir. 222-250 manat aldığı qızılları Xalqlar Dostluğu metrostansiyası yaxınlığındakı qızıl dükanında 100 manat məbləğinə satırdı. Aralarında heç bir yazılı sübut yoxdur. Pulu ailəsinin, anasının vəsaiti hesabına qaytarıb. Qızılları alarkən dəyərindən məlumatlı idi. O, bununla bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

İşin faktiki halı:

9. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 29850 manat məbləğində qızılını Cavabdeh verdiyini, həmin qızılları dəyərindən yanlız 8250 manat ödənildiyini və hazırda 21600 manat ödənilməli pulun qaldığını qeyd etmişdir, həmçinin Bakı şəhəri Nizami RPİnin 24-cü polis şöbəsində də iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat vermiş, lakin cavabdehin ona 3445 manat pul ödədədiyini, 4805 manat qızılı isə baha olduğu üçün geri qaytardırığını qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında, həmçinin polis şöbəsində verdiyi izahatında iddiaçıdan 20000 manat dəyərində qızıl-zinət əşyası aldığını və borcunu qaytardığını, iddiaçıya borcunun olmadığını qeyd etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə 9000 manata yaxın pul ödədiyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

14. Göründüyü kimi, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı cavabdehə qızıl-zinət əşyaları vermiş, cavabdeh isə həmin əşyaların dəyərini ödəməyi öhdəsinə görürüb.

15. Hazırda iddiaçı cavabdehə 29850 manat dəyərində qızıl-zinət əşyaları verdiyini qeyd etsə də, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Belə ki, cavabdeh iddiaçıdan dəyəri ümumilikdə 20000 manat dəyərində qızılzinət əşyasını aldığını etiraf etməklə, iddia tələbi 20000 manat məbləğində pulun cavabdehə verilməsi hissəsində öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən mübahisələndirlən hal isə cavabdehdən aldığı qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi, onun iddiaçıya artıq heç bir borcunun olmaması halı olmuşdur. Lakin cavabdeh iddiaçıdan aldığı 20000 manat pulun hamısının qaytarılması halını sübut edə bilməmiş, pulun hansı vaxta, hansı vəsait hesabına ödənildiyi haqqında məhkəməyə mötəbər sübut təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə 9000 manata yaxın pul ödədiyini bildirmişdir. Həmçinin, iddiaçı da iddia ərizəsində və polis şöbəsində verdiyi izahatında cavabdeh tərəfindən 8250 manat pulun ödənildiyi qeyd etmişdir.

19. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehin izahatlarına əsasən iddiaçı tərəfindən ona cəmi 20000 manat dəyərində qızıl-zinət əşyasının verildiyi, iddiaçının izahatına əsasən isə verilmiş qızıl-zinət əşyasının dəyərindən 8250 manat qaytarılması məhkəmə araşdırılması zamanı öz təqdiqini tapmışdır.

20. İddiaçı cavabdehə 29850 manat dəyərində qızıl-zinət əşyası verməsini, cavabdeh isə iddiaçıdan alqıdığı 20000 manat dəyərində qızıl-zinət əşyalarının dəyərinin hamısının qaytarmasını sübut edə bilməmiş, məhkəmə tərəfindən şərait yaradılmasına baxmayaraq məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər.

21. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

23. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı tələb “11750 (20000-8250) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində öz təsdiqini tapdığından iddia qismən təmin edilməlidir.

Nəticə:

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində pul alınıb, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

25. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 154,80 manat dövlət rüsumu ödənilmişdir.

27. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 154,80 manat dövlət rüsumunun 70,6 manatı iddiaçıya, 84,20manatı cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində pul və ödənilmiş 84,20 manat dövlət rüsumu alınıb, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 70,6 manatı İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar