Məhkəmə qərarları › İş №2(007)-1310/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1310/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1310/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə olaraq 18.07.2003-cü il təvəllüdlü X3 və 18.11.2007-ci il təvəllüdlü X1 üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilərək artırılması və uşaqlar yetkinlik yaşlarına çatanadək hər uşağa görə hər ay üçün 250 manat olmaqla, hər ay cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıcarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onunla aralarında olan nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 4891/2017 saylı, 22.09.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda da həmin qətnamə ilə cavabdehlə birgə nikahlarından olan uşaqları – 18.07.2003-cü il təvəllüdlü X6 və 18.11.2007-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışlar və yekinlik yaşlarına çatanadək onların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 137 (yüz otuz yeddi) manat olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Adı çəkilən qətnamə ilə həmçinin cavabdehlə birgə nikah nüddətində aldığları və hazırda yaşadığları Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 37A saylı yaşayış evinin 2 otqalı, 52 saylı mənzili hər birinin payı 1/2 hissə olmaqla aralarında bölünmüşdür. Hal-hazırda da həmin mənzildə yaşayırlar, cavabdeh tərəfindən kommunal xidmətlərə görə ona əlavə heç maddi köməklik göstərilmir, mənzillərinin bütün kommunal xidmət xərclərini o ödəyir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4891/2017 saylı, 22.09.2017-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanılması iiçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində (hər ay hər uşağa görə 137 manat) alimentin uşaqların minimum xərclərini də ödəmir. Belə ki, bu müddətdə uşaqlarının maddi xərcləri artmış, onların təhsili, geyim əşyaları, ərzaqlar bahalaşmışdır. Eyni zamanda da nəzərə alsa ki, bu müddətdə dəfələrlə uşaqların saxlanılması üçün xərclər qanunvericiliyə əsasən 3 dəfə (2018-ci ildə 137 manat, 2019-cu ildə 160 manat və 2020-ci ildə 170 manat) dəyişərək artmışdır. Hal-hazırda qanunvericiliyə əsasən uşaqların saxlanılması xərcləri 2021-ci il üçün 175 (yüz yetmiş beş) manat müəyyən edilmişdir. Aradan keçən 3 il ərzində 2017-ci ildə müəyyən olunmuş sabit pul məbləğində alimentlə uşaqların hazırkı xərclərini ödəmək mümkün deyil. Eləcə də nəzərə alsaq ki, 18.07.2003-cü il təvəllüdlü qızları Sevginin 18 yaşı 18.07.2021-ci ildə tamam olur, yəni onun alimenti də həmin vaxtdan kəsilir. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdeh həm pensiya alır, həm fərdi təqaüd alır, həm də fərdi əmək fəaliyyəti (bazarda ərzaq mallarının satışı) ilə məşğul olur. Onun hər ay orta hesabla 1400-1600 manat qazancı olduğunu nəzərə alsaq, ondan uşaqlar yetkinlik yaşlarına çatanadək hər uşağa görə hər ay üçün 250 manat hesabı ilə hər ay cəmi, 500 manat sabit pul məbləğində onun xeyrinə olaraq aliment tutulmalıdır. Cavabdeh X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı keçmiş həyat yoldaşı olmuşdur. 22.09.2017-ci il tarixdə onun iddiası ilə Nizami rayon məhkəməsi nikahın pozulmasına dair qətnamə çıxardılmışdır. Birgə nikahdan olan 18.07.2003-cücü il təvəllüdlü Rüstəmli Sevgi və 18.11.2007-ci il təvəllüdlü Rüstəmli Rübabəyə hər birinə 137 manat tutulmaqla, cəmi 274 manat aliment təyin edilmişdir. Əlavə olaraq, onun ikinci qrup Çernobil əlilliyinə görə iddiaçı hər iki qız üçün uşaq pulu alır, metroda Ulduz stansiyasında nəzarətçi işləyir, təxminən 500 manat maaş alır. Bundan əlavə, Xalqlar dostluğu istiqamətində gözəllik salonmu açıb yüksək məbləğdə pul qazanır və kirayə pulu vermir. Onun aldığı ev məhkəmə tərəfindən bölünərək iddiaçıya verilmişdir. O, İddiaçı alimentin artırılmasına aid iddiasına tam və qəti etiraz edir. O, ciddi xroniki bronxit, revmatizma, aztroz, sağda plevrit, qarmalit, göz zəifliyi və sair xəstəliklərdən əziyyət çəkir. Əlavə olaraq, 2020-ci ilin noyabr-dekabr aylarında Naxçıvanda kovid-19-a çox ağır dərəcədə yoluxaraq bütün iynə, sistem, dərmanları borc-xərc edib heç bir dövlət dəstəyi olmadan ağır vəziyyətdə, şəraitsiz, ev şəraitində sağ qalmışdır. O, boşandıqdan bəri təxminən ilin 9-10 ayını Naxçıvanda, 2-3 ayını isə Bakıda yaşamışdır. Naxçıvanda heç bir yerdə işləmir. Maddi vəziyyəti çox ağırdır, 190 manata görə Naxçıvanda müarciət etsə də, karantin vəziyyəti Naxçıvana tətbiq edilməmişdir. Real vəziyyətdə onun yardıma ehtiyacı vardır. O, vəziyyətinin ciddi şəkildə araşdırılmasını xahiş edir. O, hər uşağa 137 manatı, cəmi 274 manatı çox çətinliklə ödəyir, hələ 1000 manatdan artıq köhnədən yığılan borcu da vardır. Bildirir ki, bu qadın onunla qərəzli olaraq qadınlığından sui-istifadə edərək hər zaman ədavət aparır, dəfələrlə onun üstünə şərlər atıb, dəfələrlə qəsdən cinayətə şərait yaradaraq onu ağır sözlərlə həm özü, həm də uşaqlara onu söydürmüşdür. Qızlarını nikah pozulan vaxtlardan bəri ona düşmən etmişdir. O, bildirir ki, iddiaçının davranışında çox ciddi şübhələr var, dəfələrlə hər iki azyaşlı qızlarını evdə gecə-gündüz nəzarətsiz buraxaraq, heç bir qohumlarının evinə getməmiş, həmçinin, evə də gəlməyərək qızlara çox pis örnək olmuşdur. Verilən alimentin çox az hissəsini uşaqlara xərcləyir. O, öz gözü ilə iddiaçının telefonda görüş təyin edib karantin dövründə saxta sms götürərək, uşaqların boğazından kəsib dolu paket yeməyi Qara Qarayev tərəfdə başqa kişiyə verdiyini görmüşdür. Bu qadın travmalıdır, uşaqlıqda övladlığa verilmiş, ciddi kəskin nevroz xəstəsidir, uşaqların tərbiyəsinə, psixologiyalarında ağır zərbə vurmuşdur. Bütün xəstəlik sənədlərini qəsdən gizləmişdir ki, üstü açılmasın. Bildirir ki, iddiaçının adına çoxlu sayda mobil nömrə vardır və araşdırılsa, faktlar üzə çıxar. O, bu qadına 2-3 seans danışıq aparılması, qızlarının bu qadının yanında qalmalarının nə dərəcədə düzgün olmasının müəyyənləşdirilməsi məqsədi ilə bir mütəxəssis, psixoloqun təyin ediləməsini xahiş etmişdir. Cavabdeh alimentin artırılmasına qəti etiraz edir, əksinə dövlət yardımına çox ciddi ehtiyacı olduğunu vurğulayır. Xəstəliklərinin müalicələrinin hamısı yarım qalmışdır və ondan tutulan aliment ünvanına xərclənmir. Xahiş edir ki, araşdırılsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, hazırda alimenti ödəməkdə çətinlik çatır, artırılmış alimenti ödəyə bilməyəcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4891/2017 saylı, 22.09.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilərək, Cavabdeh ilə Rüstəmova (İbrahimova) Gülnarə İbrahim qızı arasında 17 oktyabr 2003-cü il tarixdə Naxçıvan MR Şahbuz rayonu Badamlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış və 26 nömrəli qeyd olunmuş nikahın pozulması, nikah pozulduqdan sonra 18 iyul 2003-cü il təvəllüdlü X6 və 18 noyabr 2007-ci il təvəllüdlü X2 anaları İddiaçı İbarhimovanın himayəsində saxlanılması, Cavabdeh 26 iyul 2017-ci il tarixdən başlayaraq 18 iyul 2003cü il təvəllüdlü X3 və 18 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 137 (yüz otuz yeddi) manat olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Bakı şəhəri Nizami rayonunun Tofiq Abbasov küçəsində yerləşən 37 A saylı yaşayış evinin 2 otaqlı 52 saylı mənzil üzərində İddiaçı payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilməsi, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında 13.11.2019cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 43/2018 saylı, 10.01.2018-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 09.10.2020-ci il tarixli, 06/258 saylı məktubundan görünür ki, Cavabdeh aylıq təqaüdündən illər üzrə aşağıdakı qaydada aliment tutularaq İddiaçı kart hesabına köçürülmüşdür: 2018-ci ildə yanvar-100 manat, fevral 100 manat, mart 100 manat, aprel 100 manat, may 100 manat, iyun 100 manat, iyul 100 manat, avqust 100 manat, sentyabr 100 manat, oktyabr 100 manat, noyabr 100 manat, dekabr 100 manat, cəmi 1200 manat, 2019-cu ildə yanvar-100 manat, fevral 100 manat, mart 100 manat, aprel 161 manat, may 161 manat, iyun 161 manat, iyul 161 manat, avqust 161 manat, sentyabr 161 manat, oktyabr 161 manat, noyabr 161 manat, dekabr 161 manat, cəmi 1749manat, 2020-ci ildə yanvar-161 manat, fevral 161 manat, mart 161 manat, aprel 161 manat, may 161 manat, iyun 161 manat, iyul 161 manat, avqust 161 manat, sentyabr 161 manat, cəmi 1449 manat. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Şahbuz rayon şöbəsinin 09.10.2020-ci il tarixli, 07/266 saylı məktubundan görünür ki, Cavabdeh aylıq pensiyasından illər üzrə aşağıdakı qaydada tutqu tutularaq tələbkar Rüsrəmova İbrahim qızının kart hesabına köçürülmüşdür: 2018-ci ildə yanvar-96,76 manat, fevral 96,76 manat, mart 96,76 manat, aprel 96,76 manat, may 96,76 manat, iyun 102,46 manat, iyul 102,46 manat, avqust 102,46 manat, sentyabr 102,46 manat, oktyabr 102,46 manat, noyabr 102,46 manat, dekabr 102,46 manat, cəmi 1206,02 manat, 2019-cu ildə yanvar-102,46 manat, fevral 102,46 manat, mart 102,46 manat, aprel 102,46 manat, may 102,46 manat, iyun 102,46 manat, iyul 102,46 manat, avqust 102,46 manat, sentyabr 102,46 manat, oktyabr 102,46 manat, noyabr 102,46 manat, dekabr 102,46 manat, cəmi 1229,52 manat, 2020-ci ildə yanvar-140 manat, fevral 140 manat, mart 163,24 manat, aprel 163,24 manat, may 163,24 manat, iyun 163,24 manat, iyul 163,24 manat, avqust 163,24 manat, sentyabr 163,24 manat, cəmi 1422,68 manat. - Azərbaycan Respublikası Naxçıvan MR.Səhiyyə Nazirliyi-Naxçıvan Respublika Xəstəxanası ŞÜA-Diaqnostika Şöbəsi-Rentgendiaqnostika Kabinetinin xəstə haqqında məlumatından görünür ki, 07.03.1969-cu il təvəllüdlü Cavabdeh 25.10.2017-ci il tarixli müayinəsi zamanı ona qoyulan diaqnoz: ağ ciyər – hər iki costa diafraqmal sinuslar açılır. Diafraqma hərəkətlidir. Sağda payarası plevra qalınlaşıb. Th Vİİİ, İX, X fəqərələrdə DES. Ürək forma və ölçülər dəyişməmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış 18.03.2020-ci il tarixli 341 saylı məktubundan görünür ki, barənizdə olan Nizami Rayon Məhkəməsinin 2(007)-4891/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli aliment tələbinə dair icra sənədi 06 dekabr 2017-ci il tarixdə Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatına daxil olmuş, 23 fevral 2018-ci il tarixdə ərazi aidiyyəti üzrə Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Barəsində olan Nizami Rayon Məhkəməsinin 3(007)- 43/2018 nömrəli, 10 yanvar 2018-ci i! tarixli inzibati cərimə ilə bağlı icra sənədi 13 noyabr 2019-cu il tarixdə Şahbuz Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə tələb 09 dekabr 2019-cu il tarixli ərizəyə əsasən pensiya və müavinətlərin 30%-nə yönəldilmişdir. Ərizədə göstərilən digər xüsusatlarla bağlı icraata hər hansı bir icra sənədi daxil olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 18 iyul 2003-cü il təvəllüdlü X6 və 18 noyabr 2007-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4891/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh 26 iyul 2017-ci il tarixdən başlayaraq 18 iyul 2003cü il təvəllüdlü X3 və 18 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 137 (yüz otuz yeddi) manat olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay 137 manat olmaqla, cəmi 274 manat miqdarında aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İddiaçı Cavabdeh 500 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4891/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 18 iyul 2003-cü il təvəllüdlü X3 və 18 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4891/2017 saylı, 22 sentyabr 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 18 iyul 2003-cü il təvəllüdlü X3 və 18 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar