Məhkəmə qərarları › İş №2(007)-1313/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1313/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1313/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş № 2(007)-1369/2020, 12.06.2020-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda cavabdehlə birgə yaşayırlar. 28 sentyabr 2020-ci il tarixində cavabdehlə birgə nikahlarından X4 dünyaya gəlmişdir. Cavabdehlə əsas problemləri maliyyədir. Belə ki, o, uşaqların minimum ehtiyaclarını ödəmir. Uşaqların maddi tələbatlarını ödəmək üçün valideynlərindən kömək istəyir, yaxınlarından borc alır. Hal-hazırda analıq məzuniyyətindədir və himayəsində biri südəmər olmaqla 2 azyaşlı uşaq olduğundan işləyə bilmir. Ona görə də çıxış yolu cavabdehdən məcburi surətdə uşaqların saxlanılması üçün aliment alınmasında görmüşdür. Nikahın poulmasına isə valideynləri mane olur. Odur ki, göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Heydər qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Cavabdeh də öz iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun başqa ailəsi var, həmin ailədən ailəsindən də övladı vardır. Əmək haqqı çox az olduğu üçün hər ay hər uşağa görə 175 manat ödəmək iqtidarında deyil. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 03.06.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən 04.02.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1990-cı ildə Şəmkir rayonunun Yeni Həyat kəndində anadan olmuş İddiaçı Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatdadır. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27.12.2016-cı ildə verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə Cavabdeh ilə İddiaçı nikahlarını rəsmiləşdirmiş, bu barədə akt qeydləri kitabında 449 № ilə qeyd aparılmışdır. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 03 dekabr 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin və 06.01.2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkızi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən 06 noyabr 2017-ci ildə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İV 5191448№-li doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən 28.09.2020-ci ildə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1369/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 06 noyabr 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26 fevral 2020ci il tarixdən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından 06 noyabr 2017-ci il təvəllüdlü X3 və 28 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı Heydər qızının xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından doğulmuş 06 noyabr 2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı Heydər qızının xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Cavabdeh 28 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı Heydər qızının xeyrinə tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar