Məhkəmə qərarları › İş №2(007)-1323/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1323/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1323/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahdan 25 mart 2007-ci il təvəllüdlü X8 və 01 oktyabr 2009-cu il təvəllüdlü X10 adlı iki övladı anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Aralarında böyük narazılıqlar olduğuna görə ər-arvad münasibətləri yaratmaları və bir yerdə yaşamaları qeyri-mümkün olduğundan aralarında olan nikah Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə 21 yanvar 2013-cü ildə pozulmuş, Nizami Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə hal-hazırda oğlu onun himayəsindədir. Qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. 25 mart 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Buna görə də cavabdehdən uşağın təlabatını ödəmək üçün təyin olunmuş aliment artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında alınıb ona ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh birgə nikahdan 25 mart 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin artırılaraq hər ay 193 manat sabit pul məbləğində ailmentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, uşağın biri onda digəri isə cavabdehdə saxlanılışdır. O, hər ay 800 manatdan çox aliment ödəyir cavabdeh isə 154 manat ödəyir. 2022-ci ildə uşaqlar üçün minimum yaşayış həddi 193 manat müəyyən olunduğundan alimentin artırılaraq hər ay 193 manat təyin olunmasını xahiş etdi. İddiaçı hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyib izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, cavabdeh onun qızıdır və sonuncuya xx.xx.2025-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi verilmişdir, bu barədə olan arayışı məhkəməyə təqdim edir. Qızının maddi vəziyyətində isə əhəmiyyətli dəyişiklik baş verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi əmək haqqı barədə çıxarışdan isə görünür ki, sonuncunun aylıq gəliri kifayət qədərdir, cavabdehin maddi imkanı və səhhəti isə nəzərə alınmalıdır. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 898494 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 mart 2007-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X6r. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(007)- 444/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 25 mart 2007-ci il tarixdə doğulmuş X3 atası İddiaçı himayəsində olmasının müəyyən edilməsi və X3 atası İddiaçı yanında saxlanılması, X2 19 oktyabr 2017-ci il tarixdən başlayaraq, 25 mart 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli 2(007)-328/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı 12 yanvar 2018-ci il tarixdən başlayaraq, 01 oktyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub, X5 ödənilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/1-0082 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2022-ci il tarixli, ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, Cavabdeh Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə ikinci dərəcə əlillik (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı) təyin edilmişdir. Belə ki, Cavabdeh “Sistem qırmızı qurdeşənəyi. Aktiv mərhələ. İİİ dərəcə aktivlik. Stadiya İİ. Dərinin, oynaqların, ağciyərlərin, böyrəklərin (Lupus nefrit) zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ. Ağciyərlərin zədələnməsi. Fuksional çatışmazlığı İİ. Osteoporoz. Lupus nefrit. XBX İİ mərhələ diaqnozu qoyulmuşdur. Əlillik 5 il müddətinə verilmiş, növbəti müayinə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. - İddiaçı kart hesabından çıxarışlardan görünür ki, o, ARDNŞ-nin “X14”ndə böyük mexanik vəzifəsində çalışır. xx.xx.2022-xx.xx.2022-ci ildə ümumi gəliri 4586.01 manat, tutulmalardan sonra aldığı əmək haqqı 2762.39 manat təşkil etmişdir. O cümlədən, 2022ci ilin mart ayında tutulmalardan sonra aldığı əmək haqqı 2895.56 manat, aprel ayında isə tutulmalardan sonra aldığı əmək haqqı 2331.35 manat, təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 25 mart 2007-ci il təvəllüdlü X8 və 01 oktyabr 2009-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra hər iki uşaq anaları X4 himayəsində saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(007)-444/2018 saylı qətnaməsi ilə, 25 mart 2007-ci il tarixdə doğulmuş X3 atası İddiaçı himayəsində olmasının müəyyən edilməsi və X3 atası İddiaçı yanında saxlanılması, X2 19 oktyabr 2017-ci il tarixdən başlayaraq, 25 mart 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, həmçinin tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli 2(007)-328/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı 12 yanvar 2018-ci il tarixdən başlayaraq, 01 oktyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub, X5 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş məbləğin yetərli olmadığı, uşağın tələbatını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılması ilə bağlı mövqeyində haqlı deyildir, onun istinad etdiyi hallar alimentin miqdarının artırılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (ananın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının hazırda himayəsində qalan uşağın saxlanması baxımından kifayət qədər yetərli əmək haqqı vardır, bunun əksinə Cavabdeh isə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı) təyin edilmişdir. Belə ki, Cavabdeh “Sistem qırmızı qurdeşənəyi. Aktiv mərhələ. İİİ dərəcə aktivlik. Stadiya İİ. Dərinin, oynaqların, ağciyərlərin, böyrəklərin (Lupus nefrit) zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ. Ağciyərlərin zədələnməsi. Fuksional çatışmazlığı İİ. Osteoporoz. Lupus nefrit. XBX İİ mərhələ diaqnozu qoyulmuşdur. Belə olan halda, cavabdehin maddi vəziyyətində hər hansı əhəmiyyətli dəyişikliyin baş verməsi sübuta yetirilmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə əlavə hal olaraq qeyd edir ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı halda, alimentin tutulması ilə bağlı ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar