Məhkəmə qərarları › İş №2(007)-1326/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1326/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1326/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 2010-cu ildə rəsmi nikah bağlayaraq ailə qurmuş,birgə nikahdan 2 ovladları-07.08.2010-cu il təvəllüdlü X8 və 12.07.2011-ci il təvəllüdlü X6 doğulmuşlar.2018-ci ildə nikahları Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş,19.11.2019-cu il tarixdə qeydiyyat orqanı tərəfindən nikahın pozulmasına dair şəhadətrnamə verilmişdir.Nikah pozularkən məhkəmə cəmi 150 manat aliment tutulmasını müəyyən etmişdir.Həmin məbləğdə alimentlə uşaqların saxlanması üçün yetərli deyil.Bu səbəbdən alimenti artırmaq barədə cavabdehə müraciət etsə də o,imtina etmişdir.Hal-hazırda cavabdehin gəlirləri barədə heç bir məlumatı yoxdur.Qeyd olunanlara əsasən alimentin artırılması,uşaqlar yetkinlik yaşına çatana qədər X1 onun xeyrinə hər uşağa görə hər ay 175 manat aliment tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş,onun iştirakı olmadan işə baxılması iddiasının təmin olunması barədə məhkəməyə teleqram göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: AZ-İ seriyalı 330582 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında19.11.2019-cu il tarixli 212 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 512449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 07.08.2010-cu il tarixdə X8 doğulmuşdur. Ata qrafasında X4 ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 693330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 12.07.2011-ci il tarixdə Nəcəfzadə Məryəm Şahmar qızı doğulmuşdur. Ata qrafasında X4 ana qrafasında İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış 07.08.2010-cu il təvəllüdlü X5 və 12.07.2011-ci il təvəllüdlü X3 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə,məhkəmə tərəfindən müəyyən olunan aliment artırılmalı, 07.08.2010-cu il təvəllüdlü X8 və 12.07.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 175 manat cəmi 350 manat aliment tutulmalı.Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 07.08.2010-cu il təvəllüdlü X5 və 12.07.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar