Məhkəmə qərarları › İş №2(007)-133/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-133/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-133/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat dəymiş maddi ziyanın, 50 manat dövlət rüsumunun, ümumilikdə 3050 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun şəxsi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini o, gözəllik salonu kimi istifadə edir. Cavabdeh isə qonşu olmaqla ünvan 1, mənzil 74 saylı mənzilin sahibidir. Həmin mənzil onun şəxsi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üstündə yerləşir. Cavabdeh isə həmin mənzili kirayə verib. Kirayəçi isə ona problemlər yaradır. Belə onların qanunsuz hərəkətləri və səhlənkarlığına görə gözəlik salonuna artıq uzun müddətdir ki, mütəmadi şəkildə su ilə daşqın edilir. Cavabdeh özünə məxsus olan mənzildən gözəllik salonuna su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Hətta divarda asılan televizoru da sıradan çıxmışdır. Hadisədən sonra cavabdehə onun gözəllik salonuna ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində oldu. Cavabdehin qeyriqanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, gözəllik salonuna 4-5 gün şəlalə kimi su axıdılıb. Bu səbəbdən müştəriləri qəbul edə bilmədi. Cavabdehə bununla bağlı zəng etsələr də onları təhqir edir. Televizor, divar kağızları sıradan çıxıb. Təxmini olaraq televizorun, salonun təmir pulunu və müştəri qəbul etmədikləri üçün vurulmuş zərəri özü hesablayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********06-05101-083015 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - 25.05.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən üst mərtəbədə yerləşən Cavabdeh məxsus 74 nömrəli mənzildən su axıntısı müşahidə olunmuşdur. 74 nömrəli mənzilə baxış keçirilən zaman mənzildə yaşayan kirayəçi Lazım adlı şəxs mənzilin sanitar qovşağında olan divardaxili su xəttinin üstünü açaraq su axıntısına səbəb olan hissəni təmir etmişdir. - 16 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 saylı evin, 74 nömrəli mənzili Cavabdeh məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7799 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan qeyri-yaşayış sahəsinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin, 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 74 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 74 saylı mənzilin sanitarqovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə su sızması 74 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1070 manat məbləğində müəyyən olunmuşdur. - 26.05.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin evin Cavabdeh məxsus olan 74 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının qeyri-yaşayış sahəsinə maddi zərər vurulmuşdur. Lakin cavabdeh həmin maddi zərəri iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1070 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının qeyriyaşayış sahəsində qüsurlar yaranması və maddi zərər dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi zərərin yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 3000 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 1070 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının qeyri-yaşayış sahəsinə dəymiş maddi zərərə görə cavabdehdən 1070 manat vəsait tutulmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi 1070 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumunun 17.83 manatı Cavabdeh, 32.17 manatı İddiaçı aid edilməlidir. Bundan əlavə, işdə olan ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə-tikinti ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 17.83 manatı Cavabdeh, 32.17 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi 1070 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumunun 17.83 manatı Cavabdeh, 32.17 manatı İddiaçı aid edilsin. Məhkəmə-tikinti ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 17.83 manatı Cavabdeh, 32.17 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar