Məhkəmə qərarları › İş №2(007)-1331/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1331/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1331/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(007)-1015/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və Cavabdeh ilə X3 Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 25 yanvar 2014-cü il tarixdə bağlanmış və 937 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 27 yanvar 2015-ci il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılmış, Cavabdeh 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 12 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 136 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək iddiaçının xeyrinə hər ay 50 manat aliment X1 xeyrinə tutulması qət edilmişdir. Hazırki dövrə qədər cavabdeh öz uşağının saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də alimentin artırılması tələbi ilə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. İddiaçı elektron poçt vasitəsilə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirirək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədi, izahat verərək bildirdi ki, o, hal-hazırda işləmir. Buna baxmayaraq təyin olunmuş alimenti vaxtlıvaxtında ödəyir. O, alimentin artırılması ilə razılaşmır, uşağın ehtiyaclarını ödəmək hər iki valideynin borcudur. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 120973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 yanvar 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 11 mart 2023-cü il tarixli, MŞB/8/2023-00280 saylı arayışdan görünür ki, hər iki tərəf 11 mart 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak edib öz tələblərini irəli sürmüşlər, lakin razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcini ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1015/2017 nömrəli, 16 may 2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 12 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 136 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək iddiaçının xeyrinə hər ay 50 manat aliment X1 xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1399/2018 nömrəli, 05 mart 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 27 yanvar 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment və uşağın müalicə xərclərinin ödənilməsi üçün 100 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlıvə Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 3-17-7/2-Q-16Q1/2023 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış çıxarışdan görünür ki, İddiaçı "xxxx" QSC-də mütəxəssis işləyir aylıq əmək haqqı 620 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 27 yanvar 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Tərəflər arasında olan nikah pozulmuş, bu zaman X4 anası X1 yanında qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1399/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment və uşağın müalicə xərclərinin ödənilməsi üçün 100 manat tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövləat rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2(007)-1399/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2(007)- 1399/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 27 yanvar 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar