Məhkəmə qərarları › İş №2(007)-1358/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1358/2022

27.05.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1358/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X4 Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq (videokonfrans vasitəsilə) məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X7 “şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin baxış iclasında Maraqlı şəxs qismində işə cəlb edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “fiziki şəxsin xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ilə faktiki nikah münasibətlərində olmuş və onların 02.01.2002-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. 2008-ci ilin noyabr ayının 28-də rəsmi nikahlarını Nizami Rayon Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. O, Ərizəçi ilə bir müddət rəsmi nikah münasibətlərində mehriban yaşasa da sonralar aralarında mütəmadi olaraq mübahisələr olmuş və aralarındakı səmimi münasibət pozulmuşdur. Cavabdeh 2010-cu ildə əşyalarını toplayaraq evdən çıxıb getmişdir, həmin vaxtdan ondan heç bir xəbər yoxdur və yeri məlum deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq həyat yoldaşı Ərizəçi 2010-cu il tarixdə itkin düşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsindən onun xəbəri olmamış və bu barədə Nizami Rayon Qeydiyyat Şöbəsinə boşanmaq üçün müraciət edəndə oradan ona bildirmişlər ki, Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə xəbərsiz itkin düşmüş elan olunmuşdur. Bildirir ki, o, Maraqlı şəxs ilə 2009-cu ildə Almaniyaya köçmüşdür. Orada bir il birlikdə yaşadıqdan sonra aralarında mübahisə yaranmış və ayrılmışlar. Məhkəmə onun xəbərsiz itkin düşmüş elan olunmağı barədə qətnamə qəbul edərkən heç bir araşdırma aparmamış və onun valideynlərindən bu barədə heç bir məlumat almamışdır. Halbuki, anasının harada yaşamasını ərizəçi bilirdi. Lakin nədənsə Maraqlı şəxs məhkəməyə yalan məlumat vermiş və məhkəmə həmin məlumatı əsas götürməklə əsassız qətnamə qəbul etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2452/2011 saylı, 03 oktyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 aprel 2022-ci il tarixli məhkəmə iclasında videogörüntülü zəng vasitəsilə əlaqə saxlanılmış ərizəçi X7 ərizəsini müdafiə edib, izahatında bildirmişdir ki, o, hal-hazırda Almaniyada yaşayır və orada mühafizə şirkətində mühafizəçi işləyir. Maraqlı şəxs ilə birgə nikahda olmuş və onunla 2009-cu ilin avqust ayında Almaniyaya köçmüşdür. Həmin ilin noyabr ayında uşaqları doğulmuşdur, 2010-cu ildə uşağın 1 yaşı olanda münasibətləri normal olsa da, 2011-ci ildən münasibətləri pozulmuşdur. 2011-ci ildə Xuraman Bakı şəhərinə gəlmiş və onun xəbərsiz itkin düşmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonra isə həmin qətnamə əsasında nikah pozulmuşdur. Xuraman daha sonra ona zəng edib, artıq nikahlarının pozulduğunu xəbər vermişdir. Bu yaxınlarda o, Bakı şəhərində olarkən, nikahın pozulması haqqında şəhadətnaməni almaq istəmiş, qeydiyyat şöbəsində isə nikahın onun itkin düşmüş elan edilməsi əsasında pozulduğunu bildirmişlər. O, Xuramanın niyə belə hərəkət etdiyini bilmir. Əlavə olaraq qeyd edir ki, Xuraman da hal-hazırda Almaniyada onun yaşadığı şəhərdə yaşayır. O, hər ay uşağın saxlanması üçün qarşı tərəfə aliment də ödəyir. Boşandıqdan sonra yenidən ailə həyatı qurmamışdır. Göstərdiklərini nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs ilə Almaniya Federativ Respublikasında istifadəsində olan (+**********301) nömrəli mobil telefon vasitəsilə əlaqə saxlanılmışdır və onun elektron ünvanına (mailto:zalishova@web.deElektron ünvan ) bildiriş göndərilmişdir. İş üzrə maraqlı şəxs qismində cəlb olunması və 27.05.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etməsi bildirilmişdir. Məhkəmə iclasında ona məxsus mobil telefon vasitəsilə əlaqə saxlamaq istənilsə də o, dəstəyi götürməmişdir. Məhkəmə iclasından kənar əlaqə saxlanılan zaman Razəddin Yaşar Bakıda olmadığından onunla boşanmaq üçün ilkin olaraq onun xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini, daha sonra nikahlarının pozulmasını bildirmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron ünvanına və mobil telefon vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(007)- 2452/2011 saylı qətnaməsindən görünür ki, 19 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 2010-cu ildən itkin düşmüş elan edilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(007)- 2452/2011 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” hissəsindən müəyyən olunur ki, X7 ilə Maraqlı şəxs 28 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. -AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19 avqust 1974-cü il təvəllüdlü X7 19 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X7 ilə Maraqlı şəxs rəsmi nikah bağlamışlar. Hər ikisi Almaniya Federativ Respublikasına köçmüşlər. Münasibətləri pozulduğundan Maraqlı şəxs boşanmaq qərarına gəlmiş və X4 guya yaşayış yeri məlum olmadığından Maraqlı şəxs 2011-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, X4 xəbərsiz itkin düşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 03 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, 19 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 2010-cu ildən itkin düşmüş elan edilmişdir. Daha sonra 03 oktyabr 2011-ci il tarixli qətnamə əsasında Qeydiyyat Şöbəsində aralarındakı nikah pozulmuşdur. X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.2-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, Maraqlı şəxs ərizəsi əsasında X7 xəbərsiz itkin düşmüş elan edilmişdir və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, xəbərsiz itkin düşmüş hesab edilmiş şəxs X7 gəldiyindən, bu barədə qəbul edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(007)- 2452/2011 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(007)-2452/2011 saylı qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(007)-2452/2011 saylı qətnaməsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar