Məhkəmə qərarları › İş №2(007)-1364/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1364/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1364/2020 04.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Əlibaba qızının iştirakı ilə, İddiaçı Əlibaba qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlibaba qızı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(007)-2642/2018 saylı qətnaməsi ilə təmin olunan 154 manat aliment məbləğinin artırılaraq Cavabdeh onun xeyrinə hər ay 170 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əlibaba qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah Nizami Rayon məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli 2(007)- 2103/2014 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə görə birgə nikahlarından anadan olan 07 fevral 2014-cü il təvəllüdlü qızı X3 onun himayəsindədir. Cavabdeh Nizami Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə həmin ilin yaşayış minimu haqqında qanunun tələbi ilə 154 manat aliment ödəyir, uşağın əlavə xərcində könüllü şəkildə iştirak etmirdi. O, məcbur qalıb Nizami Rayon Məhkəməsinə müraciət edərək alimentin artırılmasını xahiş etməli olmuşdur. Hazırda yaşayış minimumu 160 manat olsa da cavabdeh könüllü olaraq həmin məbləği ödəmir. O öz övladının saxlanmasında məhkəmənin məcburedici qətnaməsi olmadan heç bir maddi və mənəvi məsuliyyət daşımır və uşağı ilə maraqlanmır. Bütün bu hərəkətlərinə isə uşağın böyüyüb gələcəkdə onu tapacağı ilə əlaqələndirir. O, heç bir zaman cavabdehin öz övladı ilə maraqlanmasına, ünsiyyətdə olmasına və s. heç bir maneə yaratmamışdır. Lakin buna baxmayaraq cavabdeh uşağına qarşı yalnız məhkəmə qətnaməsinin məcburi icra etdirdiyi aliment ödəmə hissi daşıyır. Bugünkü gündə 154 manat uşağın saxlanmasında çox azdı. O, təkcə uşağın normal şəkildə inkişaf etməsi üçün apardığı uşaq inkişaf mərkəzinə hər ay 70 manat pul ödəyir. Cavabdehin isə maddi durumunun yaxşı olmasına baxmayaraq öz uşağına az məbləğdə aliment ödəyir. Başqa gəlir yeri olmadığına və uşağın saxlanmasına 154 manatın az olduğuna görə aliment məbləğinin ən azı 2019-cu ilin yaşayış minimum qədər artırılması zərurəti yaranmışdır. Ona məlumdur ki, cavabdehin yetərincə maddi vəsaiti var və uşağını saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil. Məhkəmə iclasında İddiaçı Əlibaba qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(007)-2642/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2017ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı Babayeva (Abbasova) Nurcahan Əlibaba qızının xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından 07 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Babayeva (Abbasova) Nurcahan Əlibaba qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Əlibaba qızı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 07 fevral 2014-cü il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı Babayeva (Abbasova) Nurcahan Əlibaba qızının xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından 07 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Babayeva (Abbasova) Nurcahan Əlibaba qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş 154 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 07 fevral 2014-cü il təvəllüdlü X1 üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(007)-2642/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Əlibaba qızına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 07 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(007)- 2642/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Əlibaba qızına verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar