Məhkəmə qərarları › İş №2(007)-1370/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1370/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1370/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3200 manat maddi zərər və iddia ərizəsinin verilməsinə görə 52 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 7-8 il əvvəl Keşlə qəsəbəsində yaşayan İbrahim Mirzəyev adlı şəxsin vasitəçiliyi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küç, 23/1 ünvanda yaşayan və dükanı olan Cavabdeh2 (FİN kod: xxxxxxx) adlı qadınla tanış olmuşdur. Həmin vaxtdan Xədicəyə dükanda satılması üçün tütün məmulatları və danışıq konturları vermişdir. Razılaşmaya əsasən, Xədicə 1-ci dəfə aldığı malın pulunu növbəti dəfə mal götürəndə ödəməli idi. Lakin bir müddət sonra müəyyən borc yaranmışdır. Hər halda, aralarında yaranan inama görə ona daim mal verməyi qərara almışdır. Bir neçə il problemsiz işlədikdən sonra 2022-ci ildə borc artmağa başlamışdır. 2022-ci il noyabrın 15-də Xədicənin ona 4681 (dörd min altı yüz səksən bir) manat 15 qəpik borcu yaranmışdır. Bunu Xədicə ilə aralarında olan “whatsapp” yazışmaları da təsdiq edir. Xədicə və onun həyat yoldaşı Cavabdeh1 borcu qısa zamanda minimuma endirəcəklərini söz versələr də, bir müddət sonra bu, baş verməmişdir. 2023-cü ilin yanvarında Xədicə dükana tütün məmulatlarının verilməsini bərpa etməyini xahiş edərək, aldığı malların pulu ilə yanaşı borcdan da pul ödəyəcəyini söz verdi. Lakin sözünə əməl etmədi. Bu üzdən 2023-cü ilin aprelində dükana mal verilməsini tam dayandırmışdır. Bu vaxt ona 4.000 (dörd min) manat borcları qalmışdır. Bundan sonra müxtəlif məzmunlu sözlər verərək (kredit götürəcəyini, Elxanın bir neçə aylıq gecikmiş maaşını alacağını və s.) borcu əvvəlcə iyul ayında, sonra isə sentyabr-oktyabr aylayında bağlayacağını bildirmişdir. Təəssüf ki, verdiyi vədlərin heç birinə əməl etməmişdir. 2023-cü ilin yayında dükan artıq bağlanmışdır. 2023-cü il dekabrın 18-də Elxan cəmi 400 (dörd yüz) manat kart hesabına göndərmişdir və qısa zamanda dükanın fəaliyyətini bərpa edəcəyini, borcun böyük qismini qaytaracaqlarını və yenidən işləyəcəklərini bildirsə də, verdiyi vəd növbəti dəfə yalan çıxmışdır. Doğrudur, dükanın fəaliyyətini 2024-cü ilin yayında bərpa etsələr də, yenə də borcdan heç nə verməmişlər. 2024-cü ildən başlayaraq Elxan nadir hallarda zənglərinə cavab vermişdir. Xədicə isə telefon və “whatsapp” üzərindən danışıqları zamanı aqressiv davranmışdır. Ötən ilin yayında aralarında olan son razılaşmaya qarşı tərəf hər ayın 15-i 200 (iki yüz) manat ödəcəyini öhdəsinə götürmüşdür. Avqustun 14-ü və sentyabrın 11-də 2 dəfəyə 400 (dörd yüz) manat kart hesabına göndərilmişdir. Sentyabrın 15-də Xədicə ilə son danışığında borcun qalan hissəsi ilə maraqlananda aralarında insident yaşanmışdır. “Whatsapp’'da “hara istəyirsən get, şikayət elə” məzmunlu səs göndərdikdən sonra telefonunu da bloka salmışdır. Elxan isə zənglərinə cavab verməmişdir. Dəfələrlə başqa nömrələrdən əlaqə saxlayanda isə ya zənglərə cavab verməmiş, ya da müxtəlif bəhanələrlə danışıqdan qaçmışdır. Bir neçə dəfə Elxan və Xədicənin yaşadığı ünvana getmək və məsələni aydınlaşdırmaq istəmişdir. Lakin aralarında, əsasən də Xədicə ilə qarşıdurma yaşanacağından ehtiyatlandığı üçün fikrindən yayınmışdır. Ona qalan 3.200 (üç min iki yüz) borcu ödəmək istəmədiklərini özü üçün dəqiqləşdirdikdən sonra dekabr ayının 30-da Nizami rayonu, 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Yanvar ayının 19-da Cavabdeh1 sahə müvəkkilinin dəvəti ilə sahə müvəkkilinin məntəqəsinə gəlib və borclu olmağı barədə izahat yazmışdır, iltizam vermişdir. İzahatında Elxan hər ayın 10-15-i aralığında ona 50-100 manat pul verəcəyini öhdəsinə götürsə də, bu, onu qane etmir. Birincisi, Elxanın indiyə kimi eldiklərinə əsaslanaraq deyə bilər ki, hər ayın 10- 15-i arası ona pul verəcəyi inandırıcı deyil. İkincisi, 3 ildən artıqdır ki, yaranan borcu bağlamayan qarşı tərəf borcun qalan hissəsini ən yaxşı halda 2 il 8 aya sıfırlayacaqdır. Təbii ki, bu da inandırıcı deyil. İş materialları: Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, “+994 (055)-209-16-96” və “+994 (055)-325-98-98” saylı mobil nömrələr Cavabdeh1 məxsusdur və onun istifadəsindədir. 994 (055)-325-98-98 saylı mobil nömrəyə aid whatsapp tətbiqində, İddiaçı ilə aparılmış mesajların ekran rəsmindən görünür: xx.xx.2022-ci il tarixdə həmin mobil nömrədən göndərilən mesajın məzmunu “ 3926 qalıb Amin İnşəAllah qurtararam” xx.xx.2023-cü il “.... 4 min mənim üçün böyük pul deyil maşınımın krediti olmasaydı 4 aya onu qutarmışdım...... hal-hazırda əlimdə pul yoxdur ki, deyim ki, gəl bu qədər də verim....” xx.xx.2024-cü il tarixdə İL******* T***** adlı şəxsə 200 manat göndərildiyini təsdiq edən qəbz İddiaçı göndərilmişdir, o da cavabında “3400 qaldı” məzmunlu mesaj yazmışdır. Daxili İşlər Nazirliyi, Bakı şəhər Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən araşdırma aparılmış, şikayət üzrə Cavabdeh1 izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 işlətdiyi dükana aldığı tütün məmulatlarına görə İddiaçı 3200 manat borcu qaldığını, hər ayın 10-15 arası ona 50-100 manat ödəniş edəcəyi barədə iltizam yazaraq imza etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 52 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Cavabdeh1 ilə (+994 77 636 67 77) aparılan telefon danışığında ona məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasında yoldaşı ilə birlikdə, işi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, və bunun üzürlü səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 öz idarə etdikləri mağazada satış məqsədilə İddiaçı müvafiq malları almış və həmin malların dəyərini vaxtaşırı ödəmişlər. Lakin bu münasibətlər nəticəsində müəyyən məbləğdə borc yığılmış və cavabdehlər tərəfindən ödəniləcəyi vəd edilsə də borc ödənilməmişdir. Belə olan halda iddiaçı Cavabdeh1 borcun mövcudluğu ilə bağlı iltizam almışdır. Cavabdehlər həmin məbləği qaytaracaqlarına söz vermişlər. Məhkəməyə təqdim edilmiş iki fərqli nömrəyə aid whatsapp tətbiqində aparılmış mesajlardan görünür ki, həmin “+994 (055)-209-16-96” və “+994 (055)-325-98-98” saylı mobil nömrələr Cavabdeh1 məxsus olsa da, həmin mesajların məzmunundan aydın olur ki, onlar həm Cavabdeh1, həm X1 tərəfindən yazılmışdır. Həmin mesajlarla da bir daha təsdiq edilir ki, həqiqətən cavabdehlər müxtəlif malları iddiaçıdan almış, müvafiq qaydada hissə-hissə ödənişlər həyata keçirmişlər. Məhkəmə iclasları dəfələrlə cavabdehlərin iştirakını təmin etmək məqsədilə təxirə salınsa da, sonuncuların iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar hazırki işə hüquqi qiymət verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəldən malların alınması və pulunun ödənilməsi ilə bağlı şifahi müavilə olsa da, sonradan yazılı qəbzlə- iltizamla yekun borc məbləği öz təsdiqini tapmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan müvafiq mallar almışlar, lakin o, razılaşma üzrə ödənişləri tam həyata keçirməmişlər. Göründüyü kimi, cavabdehlər razılaşma üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdehlər müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidirlər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3200 manat pul vəsaiti və 52 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3200 manat pul vəsaiti və 52 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar