Məhkəmə qərarları › İş №2(007)-1373/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1373/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1373/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh2iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 1475.96 manat məbləğində kredit borcu, 1274.72 manat məbləğində faiz borcu və 1753.71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4504 (dörd min beş yüz dörd) manat 39 (otuz doqquz) qəpikməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10 oktyabr 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 11.12.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.10.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.01.2017-ci il tarixdən banka qaytarımamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3524.04 manat ödəmiş, onun 1475.96 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.02.2020-ci il tarixə 1127 gün üçün hesablanmış faiz borcu 1274.72 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ei bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.02.2020-ci il tarixə 1127 gün üçün hesablanmış cərimə 1753.71 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətli müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün ödənişləri edə bilməmişdir. Məbləği hissə-hissə ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 10 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh2 aylıq 2.25 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 13.10.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 18 fevral 2020ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı QSC-nin 18 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 10 oktyabr 2011-ci il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 1475.96 manat əsas, 1274.72 manat faiz, 1753.71 manat cərimə olmaqla, cəmi 4504.39 manat məbləğində borcu vardır. - İddiaçı QSC-nin 14 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 10 oktyabr 2011-ci il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 1475.96 manat əsas, 113.53 manat faiz, 921.66 manat cərimə olmaqla, cəmi 2511.15 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 10 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh2 aylıq 2.25 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 13.10.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və kredit müqaviləsinin müddəti 13 iyun 2017-ci ilədək uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10 oktyabr 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh2 ilə yanaşı, zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ASC ilə Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri 10 oktyabr 2011-ci il tarixdə, Cavabdeh1 ilə zaminlik müqaviləsi isə 16 oktyabr 2011-ci il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni İddiaçı QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi 10 oktyabr 2011-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti 10 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. İddiaçı QSC-nin iddia ərizəsi isə 27 fevral 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 6 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh2 tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, 13.10.2015-ci il tarixli sazişlə 10 oktyabr 2011-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kredit müqaviləsinin müddəti 13 iyun 2017-ci ilədək uzadılmışdır. Buna baxmayaraq 13.10.2015-ci il tarixli Saziş barədə zaminlərə məlumat verilməmiş, onlarla zaminlik müqaviləsi bağlanmamışdır. Yəni onların dəyişikliklə bağlı razılıqları alınmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 10 oktyabr 2011-ci il tarixlikredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit müqaviləsi üzrə 1475.96 manat əsas borc, 113.53 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1689.49 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit müqaviləsi üzrə 1475.96 manat əsas borc, 113.53 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1689.49 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun.İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar