Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1378/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250.000 ABŞ dolları məbləğində vəsaitin qətnamə qəbul edilən tarixdə Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılarkən oğlu X3 olan 250000 ABŞ dolları məbləğində borcunu 2 il ərzində ödəyəcəyinə söz verərək üzərinə öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan öhdəliyi Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Azər Seyidov tərəfindən imzalanmışdır. Lazımi qaydada məlumat verilən iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ünvanlanmış müraciətində işə onların iştirakı olmadan baxılmasını və iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, iddiaçı X2 vərəsəsidir və bununla bağlı məhkəməyə sübutlar təqdim ediləcəkdir. X2 anasından əlavə həyat yoldaşı və qız övladı da vardır ki, onlar da iddiaçının mərhumun borc tələbinə görə məhkəmədə iddia qaldırmasına razıdırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh X3 250.000 ABŞ dolları məbləğində pulu iki il ərzində ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 5 fevral 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində kəskin mieloblast laykemiya xəstəliyindən vəfat etmişdir. -X2 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Zeynalova X1 Adil Zakir oğlunun anasıdır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində birbaşa istinad edilməsə də, əslində İddiaçı iddia tələbini irəli sürərkən oğlu X2 tələb hüququndan çıxış edərək məhkəmədə iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən məhkəmədə iş fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün müraciət etdiyi hallarda yaranır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlanılla bilər. Lakin MPMnin 50.4-cü maddəsinin mahiyyətindən belə başa düşülür ki, mənafeləri üçün şikayət verilən şəxs sağ olmalıdır. Belə ki, MPM-nin həmin maddədə göstərilir ki, başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Belə ki, nəticə etibarilə başqa şəxsin hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs deyil, mənafeyi üçün iddia qaldırılmış şəxs çıxış edir. İddia etmək hüququ isə özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydalara riayət etməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Azərbaycan Respublikası MM-nin 1133-cü maddəsi qanun və vəsiyyət üzrə vərəsəliyin iki əsasını fərqləndirir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub olan əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikası MM-nin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qeyd edilir. Məhkəmə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi, yeganə vərəsə olması və ya yeganə vərəsə olmadığı halda digər vərəsələrin mərhumun tələb etmək hüququ olduğu borcun onun tərəfindən tələb edilməsinə dair iradə ifadəsinin əks olunmasına dair sübutllar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, X2 Cavabdeh qarşı 250.000 ABŞ dollarının ödənilməsi ilə bağlı pul tələbi şəxsi xarakter daşımır, qanuna və ya müqaviləyə əsasən yalnız kreditor kimi onun sağlığında qüvvədə olan və onun ölümü ilə xitam edilən hüquq olmamaqla və əmlak hüququnun bir növü kimi miras əmlakın aktivinə daxildir. Lakin iş materiallarından da görünür ki, İddiaçı hazırkı mülki iş üzrə mübahisələndirdiyi, Cavabdeh ödəməli olduğu 250000 ABŞ dollarını məhkəmə qaydasında almaq hüququnun olduğunu sübut edə bilməmişdir. Belə ki, o, vərəsə kimi bu hüququnu təsdiq edən şəhadətnaməni və ya digər sübut növünü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 250.000 ABŞ dolları məbləğində vəsaitin qətnamə qəbul edilən tarixdə Azərbaycan Respublikası manatını məzənnəsinə uyğun olaraq manatla tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 250.000 ABŞ dolları məbləğində vəsaitin qətnamə qəbul edilən tarixdə Azərbaycan Respublikası manatını məzənnəsinə uyğun olaraq manatla tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1378/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1378/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver