Məhkəmə qərarları › İş №2(007)-1384/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1384/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1384/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rasim Paşayevin iştirakı ilə, İddiaçı cavabdeh Rasim Paşayevə qarşı paylı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Rasim Paşayevə qarşı paylı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o cavabdehlə 06 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı dünyaya gəlib. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulub və aralarında olan nikah qeydiyyatı məhkəmənin qətnaməsi ilə pozulub, birgə nikahdan olan övladlarının onun himayəsinə verilməsi qərara alınıb. Cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.18 kv.m. olan mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş və adı gedən mənzil 13 iyun 2012-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilib. Qanunvericiliyə əsasən həmin mənzil üzərində onun paylı mülkiyyət hüququ vardır. Hər iki uşaq məhkəmə qərarı ilə ona verilib qanunvericiliyə əsasən məhkəmə birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər, hesab edir ki, həmin mənzil üzərində onun paylı mülkiyyət hüququ 2/3 hissədə tanınmalıdır. Mənzil birgə nikah dövründə alınıb. Uşaqlar onun himayəsinə verilib, lakin onlar qeyri rəsmi olaraq hərəsi bir uşağa baxır. Uşağın biri atası ilə biri onunla yaşayır, arada yerlərini dəyişirlər. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.18 kv.m. olan 13 iyun 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış mənzil üzərində onun 2/3 hissə mülkiyyət hüququnun, cavabdehin isə 1/3 hissədə mülkiyyət hüuququnu tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Rasim Paşayev iddianı qismən qəbul etdi, izahatında bildirdi ki, o, iddiaçının özünün də qeyd etdiyi kimi uşaqlar rəsmən ananın himayəsində olmasına baxmayaraq,faktiki olaraq hər ikisinin yanında qalırlar.Belə olan halda paylar bərabər olaraq müəyyən olunmalıdır.Qeyd olunanlara əsasən iddianın qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.18 kv.m. olan 13 iyun 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış mənzil üzərində iddiaçının və onun payının bərabər olaraq ½ hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(007)- 2607/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Rasim Paşayevə qarşı nikahın pozulması və uşaqların onun himayəsində saxlanılması tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Rasim Paşayev arasında Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsində 06 oktyabr 2005-ci il tarixdə nikakın bağlanması haqqında akt qeydləri kitabında 449 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması,birgə nikahdan doğulmuş uşaqların ananın himayəsinə verilməsi qət edilmişdir. AZ-İ seriyalı 365228 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Rasim Paşayev arasındakı nikah pozulmuşdur. Nikaha 22.01.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanı Rasim Paşayevin mülkiyyətinə 13.06.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1033 nömrəli reyestr kitabının 92969 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə müvafiq olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.3. və 36.4-cü maddələrinə görə, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1.-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur. Bundan başqa, istinad olunan Mülki Məcəllənin 225.1.-ci maddəsinin əsas dispozitiv şərtindən göründüyü kimi ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin tədqiq olunan hallarından da görünür ki, tərəflər arasında nikah dövründə qazandıqları əmlaka dair nə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, nə də nikah dövründə nikah kontraktı bağlanmamış, həmçinin onlar arasında hər hansı bir razılaşma mövcud olmamışdır. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı ilə Rasim Paşayev Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsində 06 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. ünvan 2 ünvanını iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etmişlər. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara qiymət verərək, eləcə də cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı birgə nikahdan doğulmuş uşaqların məhkəmə qətnaməsi ilə onun himayəsinə verilməsinə istinad edərək əmlakdan öz payının 2/3 hissədə müəyyən olunmasını tələb edir.Bununla yanaşı iddiaçı məhkəmə iclasında qeyd etmişdir ki,uşaqlardan biri onun,digəri isə cavabdehin yanında qalır.Belə olan halda payların qeyri bərabər bölünməsi üçün əsaslar mövcud deyil.Ona görə də məhkəmə belə nəticəyə gəlir ki,payların bərabər olaraq hər iki tərəfə ½ hissədə müəyyən edilməsi daha məqsədəuyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 69 saylı mənzilindən İddiaçı payı ½ hissədə, cavabdeh Rasim Paşayevin payı ½ hissədə müəyyən edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti 74 saylı evin 69 saylı mənzilndən İddiaçı payı 1/2 hissədə, Paşayev Rasimin payı 1/2 hissədə mülkiyyət hüquqları müəyyən olunsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar