Məhkəmə qərarları › İş №2(007)-1389/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1389/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1389/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 2(018)-381/2023) qətnaməsi ilə müəyyən olunmuş alimentin həcminin dəyişilərək, xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və yenidən icra vərəqəsinin verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 10 fevral 2017-ci il tarixdə rəsmi olaraq qeyd etdirməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2021-ci il tarixdə X2 adlı bir oğulları anadan olmuşdur. Övladları anadan olandan sonra cavabdehlə münasibətləri pisləşmiş, aralarında bütün münasibətlər pozulmuş, faktiki olaraq ayrı yaşayırlar, lakin nikahları pozulmamışdır. Cavabdeh uşaqla maraqlanmır, uşağa lazımı qaydada maddi yardım göstərmir. Astara rayon Məhkəməsinin 25 iyul 2022ci il tarixli, 2(018)-761/2022 saylı sabit pul məbləğində aliment tələbi qismən təmin olunaraq, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 140 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmuşdur. Bundan sonra, cavabdehdən tutulan aliment uşağın saxlanmasına yetərli olmadığı üçün və cavabdeh uşağa maddi köməklik etmədiyinə görə, alimentin artırılması barədə Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(018)-381/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh aliment öhdəliyini çox halda yubatmaqla icra edir. Lakin həmin məbləğdə olan aliment uşağın saxlanmasına kifayət etmir. Hazırda inflyasiya və qiymətlərin, xüsusilə uşaqlara məxsus yemək və geyim şeylərinin qiymətinin artması və uşağam müayinə və müalicə olunması uşağın xərclərin çoxalması nəticəsində, o, uşağı maddi cəhətdən təmin edə bilmir. Cavabdeh isə, uşağa biganə münasibət bəsləyir. Cavabdeh Bakı şəhərində maşın ustası kimi fəaliyyət göstərərək gündəlik pul qazanır. Məhkəməyə alimentin artırılması barədə iddia ərizəsi vermək üçün Meduiasiya Şurasına müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh ilə nikahları pozulmamışdır. O, 6 saylı uşaq xəstəxanasında xadimə kimi çalışır və 500 manat əmək haqqı alır. Cavabdeh Nərimanov rayonunda onun adına olan maşın sexində işləyir, icarə haqqı alır və onun üç-dörd nəfər işçisi vardır. Həmçinin, onun on min manat dəyərində avtomobili vardır. Əgər cavabdehin gəliri olmasa, imkanı çatan qədər aliment məbləği ödəməsinə razı olardı, lakin hal-hazırda qarşı tərəfin gəliri varsa niyə aliment ödəməməlidir? Cavabdeh övladına baxmır, onunla maraqlanmır. Əgər cavabdeh evə gəlsə idi, ondan aliment tələb etməzdi. 2023-cü ildə uşağın saxlanması üçün alimentin minimum məbləği 220 manat müəyyən edilsə də, rayon olduğu üçün həmin il Astara Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Astara Rayon Məhkəməsində olan iş üzrə məhkəmə proseslərində iştirak etməmişdir. Hal-hazırda 2024-cü il üçün uşaqların saxlanması ilə bağlı alimentin minimum məbləği 235 manatdır. O, övladını saxlamaqda çətinlik çəkir, çatdıra bilmir. Övladının 2024-cü ilin oktyabr ayında 3 yaşı tamam olacaq və bundan sonra cavabdeh tərəfindən ödənilən 50 manat aliment də dayandırılacaqdır. O, uşağını bir gecəsi 20 manat olan özəl bağçaya qoymuşdur. Lakin hal-hazırda xəstəliklər artdığı, qızılca xəstəliyi yayıldığı üçün uşağa bacısı baxır, öz doğma bacısı olmasına baxmayaraq uşağa baxmaq üçün bacısına pul verir. Cavabdeh övladılarının atası olduğundan şübhə etmiş, buna inanmadığı üçün bununla bağlı DNT analizi vermişdir. Lakin analizin nəticəsinə görə uşağın atası cavabdeh olmuşdur. Cavabdehin alimenti ödəməsində gecikmə olmur. Cavabdehin bəhs etdiyi evi evlənəndən sonra birlikdə almışlar və ev bölünməmişdir Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədiyini, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 180 manat alimentin qüvvədə qalmasını istədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə nikahları pozulmamışdır. Onun rəsmi iş yeri yoxdur. Özü Nərimanov rayonunda maşın yağlama sexində işləyir. O, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 180 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat ödəyir. İddiaçı özü işləyib əmək haqqı alsa da, hər ay həmin məbləğləri iddiaçıya verir. Həmçinin, ev əşyaları da daxil olmaqla tərəfindən alınan evdə iddiaçı qalır, onun aldığı əşyaları istifadə etməklə yaşayır, özü isə küçədə, sexdə yatır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 09 oktyabr 2021-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-761/2022 saylı qətnaməsi ilə birgə nikahdan 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 may 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-381/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 180 manat sabit pul məbləğində olması və X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6/2024-00303 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, hər ay 235 manat olmasını və yeni icra vərəqi verilməsini xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2023cü ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-381/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yeni icra vərəqəsi verilərək aidiyyəti üzrə icra şöbəsinə göndəriləcəkdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “yenidən icra vərəqəsinin verilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-381/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 09 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar