Məhkəmə qərarları › İş №2(007)-1391/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1391/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1391/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “X14” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2087.18 manat əsas, 38.83 manat faiz olmaqla, cəmi 2126.01 manat borcun və iş üzrə ödənilmiş 50.15 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1391/2023 nömrəli, 07 aprel 2023cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(007)-1391/2023 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X16 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir, iddia ərizəsində nəticə hissəsində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması əvəzinə tərəflərindən texniki yanlışlığa yol verilərək borcun cavabdehdən tutulması xahiş edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin nəticə hissəsində qeyd edilmiş cavabdeh ifadəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kimi nəzərə alınması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 29.5 faiz ödəmək şərtilə 2400 AZN məbləğində kredit verilmişdir. Sorğu ilə bağlı Bakı şəhəri, 15 saylı xüsusi Notariat Ofisinin 10 fevral 2023-cii il tarixli cavab məktubuna əsasən Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X16 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə verərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin 23 iyun 2023-cü il və 24 iyul 2023-cü il tarixli iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul edir, anaları X8 2019-ci il tarixində 2400 manat nağd və 650 manat nağdsız götürdüyü kreditlə bağlı bankdan müraciət etmişlər. Anaları xx.xx.2020-ci il tarixində dünyasını dəyişib və onlar dərhal onun ölüm haqqında şadətnəməsini "xxxx" kommersiya bankının “28 may” filialına təqdim etmişlər. Onunla "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixində 17200 manat nağd və 3000 manat nağdsız kredit müqaviləsi bağlanılıb, eləcə də qardaşı Cavabdeh2 “Dəmir Bank" ASC ilə 7000 USD dəyərində bağlanmış kredit müqaviləsi var, lakin qardaşı Cavabdeh2 işsiz qaldığı ilə əlaqədar olaraq ödəniş edə bilmədiyinə görə "xxxx" ASC bağlandığına görə Cavabdeh2 qalıq 4384.09 manat borcu Əmanətlərin Sığortalanması Fondunda elektron portala yerləşdirilmişdir. Beləliklə, hər ikisinin borcu ödəyici qabiliyətlərindən daha artıq olmasına baxmayaraq imkan daxilində analarının kreditini də ödəməyə etiraz etmirlər, xx.xx.2023-cü il tarixində 40 manat nağd və 20 manat nağdsız kreditlər üçün ödəniş etmişlər. Bu səbəbdən maddi vəziyyətlərinin diqqətə alınmasını, analarının borcunu ödəyə bilmələri üçün aylıq bölgünün gəlirlərinə uyğun bölünməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul edir, kredit müqaviləsi bankla onun anası arasında bağlanmışdır. Anası isə rəhmətə getmişdir. O və bacısı analarının vərəsələridirlər. Maddi vəziyyətlərinin diqqətə alınmasını, analarının borcunu ödəyə bilmələri üçün aylıq bölgünün gəlirlərinə uyğun bölünməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2062nkSTB2/19 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 29.5 faiz dərəcəsi ilə 2400 manat kredit verilmişdir. X8 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 2062nkSTB2/19 kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 22-dən gec olmayaraq 48 ay müddətində hər ay 86 manat, sonuncu ay 73.40 manat ödəniş etməlidir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X9 xx.xx.2019-cu il tarixli, 2062nkSTB2/19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka 1956.01 manat əsas borcu vardır. - AZ-İİ seriyalı, 109375 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 16 iyul 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2020-ci il tarixdə 490 nömrə ilə qeyd edilmişdir. - 15 saylı Xüsusi Notariat Ofisinin 10 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 ölümü ilə əlaqədar vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan vərəsələri qızı- Cavabdeh1 və oğlu- Cavabdeh2 xx.xx.2021ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar borclunun vərəsələri təyin edilmişlər. Nəticədə onların banka 2126.01 manat borcu vardır. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 15 saylı Xüsusi Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan vərəsələri qızı- Cavabdeh1, oğlu- X12 və oğlu- Cavabdeh2dur. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 227.7 kv.m, yaşayış sahəsi 128.5 kv.m, yardımçı sahəsi 99.2 kv.m olan 9 otaqlı fərdi yaşayış evindən miras qoyana məxsus 5/60 hissəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 və Cavabdeh2 Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-98 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evindən onlara məxsus olan miras paylarını Cavabdeh1 bağışlamışlar. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 49.75 manat dövlət rüsumu ödənilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********1710301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mənzil cavabdehin adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 5/60 hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X8 arasında xx.xx.2019-cu il tarixli, 2062nkSTB2/19 saylı kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X6 48 ay müddətinə illik 29.5 faiz dərəcəsi ilə 2400 manat kredit verilmişdir. X8 qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu müqavilədə üzərinə düşən öhdəliklərə əməl etmədən vəfat etmişdir. X3 vərəsələri qızı- Cavabdeh1, oğlu- X12 və oğlu- Cavabdeh2dur. Onlar miras əmlakı qəbul etmişlər. X12 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə olan miras paylarını Cavabdeh1 bağışlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği borclu X6 versə də, sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. 15 saylı Xüsusi Notariat Ofisinin 10 fevral 2023-cü il tarixli banka ünvanladığı məktuba əsasən Cavabdeh2 və Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələr kimi qeyd olunduğundan iddiaçı borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir. Lakin məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 vərəsələri qızı- Cavabdeh1, oğlu- X12 və oğlu- Cavabdeh2dur. Həmçinin xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 və Cavabdeh2 “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” verilən zaman öz miras paylarını bacıları Cavabdeh1 bağışlamışlar. Belə olan halda Cavabdeh1 borc alanın qanun üzrə vərəsəsi, həmçinin digər vərəsələr onlara çatası paydan onun xeyrinə imtina etdiyi üçün miras əmlak tam şəkildə onun mülkiyyətinə keçdiyindən borc alanın miras əmlakı ilə birlikdə (miras aktivi) "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2062nkSTB2/19 nömrəli kredit müqaviləsinə əsasən onun öhdəlikləri (miras passivi) üzrə də məsuliyyət daşıyır. Ona görə də məhkəmə iddia tələbində tələb olunan borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına münasibətdə qeyd edir ki, borclu X3 "xxxx" ASC-yə olan 1956.01 manat borcu yalnız Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borclulardan müştərək qaydada borcun tutlması xahiş edilir. İş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan vərəsələri qızı- Cavabdeh1, oğlu- X12 və oğlu- Cavabdeh2dur. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 227.7 kv.m, yaşayış sahəsi 128.5 kv.m, yardımçı sahəsi 99.2 kv.m olan 9 otaqlı fərdi yaşayış evindən miras qoyana məxsus 5/60 hissəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X12 və Cavabdeh2 Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-98 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evindən onlara məxsus olan miras paylarını Cavabdeh1 bağışlamışlar. “Bina.az” və “Yeniəmlak.az” elan saytlarından çıxarılmış elanlardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ünvanında yerləşən evlərin dəyəri 160000-200000 manat arası dəyişir. Miras əmlak olaraq qəbul edilmiş fərdi yaşayış evində Cavabdeh1 5/60 hissədə payı vardır. Bu da borclunun banka ödəməli olduğu 1956.01 manat məbləğindən aşkar surətdə yüksəkdir. (160000 x 5 : 60 =13333,33) Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X1mış miras əmlakın dəyəri açıq-aşkar iddia tələbindən çoxdur. Belə olan halda məhkəmə prosessual qənaət prinsipi baxımından miras əmlakın qiymətləndirilməsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1956.01 manat borc və dövlət büdcəsinə köçürülmüş 50.15 manat dövlət rüsumu “X14” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1956.01 manat borc və dövlət büdcəsinə köçürülmüş 50.15 manat dövlət rüsumu “X14” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar