Məhkəmə qərarları › İş №2(007)-1393/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1393/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1393/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vərəsələrdən kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vərəsələrdən kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 787,48 manat əsas; 13,64 manat faiz olmaqla cəmi 801,12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 29 faiz ödəmək şərtilə 650 manat məbləğində kredit verilmişdir. Sorğuları ilə bağlı Bakı şəhəri 15 saylı xüsusi notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 15 saylı xüsusi notariat ofisi borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Yuxanda qeyd olunan maddələrə əsasən eavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Cavabdehlər ərizə verərək bildirmişdir ki, anaları X6 2019-cu il tarixdə 2400 manat nağd və 650 manata nağdsız götürdüyü kredit ilə bağlı onlara bildirmək istəmişlər ki, o, xx.xx.2020-ci il tarixində dünyasını dəyişmiş və onlar dərhal onun ölüm haqqında şəhadətnaməsini "xxxx" KB-nin 28 may filialına təqdim etmişlər. "xxxx" KB ASC-nin iddia ərizəsi ilə bağlı o, Cavabdeh1 qız "xxxx" ASC-də xx.xx.2023-cü il tarixində 17200 manat nağd və 3000 manat nağdsız kredit müqaviləsi bağlanmışdır. Eləcə də qardaşı Cavabdeh2 "xxxx" ASC ilə 7000 USD dəyərində bağlanmış kredit müqaviləsi var, lakin qardaşı işsiz qalması ilə əlaqədar olaraq ödəniş edə bilmədiyinə görə və bu müddətdə "xxxx" ASC ilə bağladığına görə qardaşının qalıq 4384,09 manat borcu Əmanətlərin Sığortalanması Fondunda elektron portala yerləşdirilmişdir. Beləliklə, hər ikisinin borcu ödəyici qabiliyyətlərindən daha artıq olmasına baxmayaraq imkan daxilində analarının kreditini ödəməyə etiraz etmirlər, hətta xx.xx.2023-cü il tarixində 40 manat nağd və 20 manat nağdsız kreditlər üçün ödəniş etmişlər. Qeyd olunanları nəzərə alaraq maddi vəziyyətlərinin diqqətə alınması, analarının borcunu ödəyə bilməmələri üçün aylıq bölgünün gəlirlərinə uyğun paylaşması üçün şərait yaradılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdiklərini, borclarını hissə-hissə ödəməyə hazır olduqlarını, onların qanun üzrə vərəsə kimi tanındıqlarını, analarından onlara ev qaldığını və evin bacısının adına olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, digər cavabdeh tərəf bacısı işə görə gələ bilməmişdir. Anası 3 il əvvəl rəhmətə getmiş, onun ölümü qəfil olmuş, anası vəsiyyət belə edə bilməmişdir. Əgər onlara borc barədə iki il əvvəl deyilsə idi, borcu hazırda çoxdan bağlamışdırlar. xx.xx.2023-cü il tarixində 40 manat nağd və 20 manat nağdsız kreditlər üçün ödəniş etmişlər. Ödənişlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tariхli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 29 faiz ödənilmək şərti ilə 650 manat məbləğində kredit verilmişdir. Lakin bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" KB ASC tərəfindən göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 15 saylı Xüsusi notariat ofisinin cavab məktubu ilə vəfat etmiş X3 ölümü ilə əlaqədar vərəsələri qızı Cavabdeh1 və oğlu Cavabdeh2 xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə X3 iddiaçıya olan borcunun cavabdehdən tutulması üçün hüquqi əsas yaranmışdır. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 787,48 manat əsas, 13,64 manat faiz borcu olmaqla, cəmi 801,12 manat məbləğində borc vardır. Hazırda cavabdehlər həmin kredit müqaviləsi üzrə borcu qəbul etmiş və borc məbləğindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən ümumilikdə 120 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X6 iddiaçı "xxxx" KB ASC ilə bağladığı xx.xx.2019-cu il tariхli kredit müqaviləsi üzrə götürdükləri öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X6 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda X6 vəfat etdiyindən və onun vərəsələri Cavabdeh2 və Cavabdeh1 olduqlarından qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də X6 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh2 və Cavabdeh1 da onun vərəsələri olduqlarından yaranmış borc məbləğini və digər xərclər onlar tərəfindən ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddia ərizəsi verildikdən sonra 120 manat borc məbləğindən ödənildiyindən iddia tələbi qismən təmin edilərək cavabdehdən ümumilikdə 681,12 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 787,48 manat əsas borc, 13,64 manat məbləğində faiz borcu olmaqla, cəmi 801,12 manat borcdan ödənilmiş 120 manat vəsait çıxılmaqla 681,12 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 787,48 manat əsas borc, 13,64 manat məbləğində faiz borcu olmaqla, cəmi 801,12 manat borcdan ödənilmiş 120 manat vəsait çıxılmaqla 681,12 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar