Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1416/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Bakı şəhəri Xətai rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilərək icraatıma daxil olmuş İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Xətai rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin mülki iş icraatıma daxil olmuşdur. İş materiallarından və işin aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(011)-903/2022 nömrəli qərardadından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin birdəfəlik 50000 (əlli min) manat, həmçinin mərhumun sığorta pulu və 12 iyul 2018-ci il təvəllüdlü övladı X1 18 yaşı tamam olanadək, yəni 12.07.2036-cı ilədək hər ay 400 manat miqdarında pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20.12.2022-ci il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, məhkəmənin hazırlıq iclası 17.01.20022-ci il tarixə təyin edilmiş və sonradan 31.01.2022ci il tarixə təxirə salınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmiş, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsi mülki işə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalı olması barədə düzgün nəticəyə gəlməmişdir, lakin məhkəmə həmin işi onu göndərən məhkəməyə geri qaytara bilmədiyindən və ya mülki işi aidiyyəti üzrə başqa, üçüncü məhkəməyə göndərə bilmədiyindən, bununla da məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, aidiyyətin düzgün müəyyən edilməsi üçün mülki iş apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici iddianın cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğunu təsbit etmişdir, hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nizami rayonunun ərazisində deyil, ünvan 2 ünvanında yerləşir. Belə olan halda mülki iş aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5-ci maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Mülki qanunvericiliyə görə, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilməməsi o deməkdir ki, mülki iş aidiyyət qaydasında başqa məhkəməyə göndərildikdə işin göndərildiyi məhkəmə həmin işi icraatına qəbul etməkdən imtina edə bilməz, həmin işi onu göndərən məhkəməyə qaytara bilməz, həmin işi göndərən məhkəmənin bu hərəkətindən (yaxud müvafiq qərardadından) hansısa formada şikayət verə bilməz, həmin işi baxılmaq üçün başqa (üçüncü) məhkəməyə göndərə bilməz. Fikir ayrılığının mövcud olması isə o deməkdir ki, işin göndərildiyi məhkəmə həmin işin bu məhkəmədə baxılmalı olmadığını aşkar edir və ya hər hansı başqa əsasla işin ona göndərilməsi ilə razı deyildir. Belə halda işin göndərildiyi məhkəmə həmin işin aidiyyətinin düzgün müəyyən edilməsi üçün onu apellyasiya məhkəməsinə göndərməlidir. Apellyasiya məhkəməsi işə baxacaq məhkəməni müəyyən etməli və həmin işi baxılmaq üçün bu məhkəməyə (özünün müəyyən etdiyi məhkəməyə) göndərməlidir. Bir sözlə, işin göndərildiyi məhkəmə həmin işə aidiyyət qaydalarını aşkar surətdə pozmaqla baxmamalıdır. Beləliklə, hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilərək icraatıma daxil olmuş İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin aidiyyətinin düzgün müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 32.7, 35.2, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilərək icraatıma daxil olmuş İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş aidiyyətinin düzgün müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1416/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1416/2022
28.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver