Məhkəmə qərarları › İş №2(007)-1425/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1425/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1425/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22.06.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan övladları anadan olmuşdur: 23 iyul 2009-cu il təvəllüdlü X7 və 18 sentyabr 2014-cü il təvəllüdlü X6. Bir müddət yaşadıqdan sonra aralarında söz-söhbət çox olduğu üçün nikahın ləğvi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1708/2016 saylı qətnaməsinə əsasən rəsmi nikah münasibətlərinə xitam verilmişdir. 29 sentyabr 2016-cı il tarixli 2(007)-1708/2016 məhkəmə qətnaməsinə əsasən rəsmi nikah münasibətlərinə xitam verilmiş, himayəsində olan yetkinlik yaşına çatmayan 23 iyul 2009-cu il təvəllüdlü X3 və 18 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat miqdarında aliment verilməsi qət edilmişdir. Lakin bu məbləğ ilə övladlarını saxlamaq çox çətindir. Uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkməkdədir. Uşaqlarının saxlanmasının, normal şəraitdə böyüməsinin, təhsil almasının təmin edilməsi, onun məktəbə aparılıb-gətirilməsi xeyli maddi xərc tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh hər ay birgə nikahdan olan övladlarının saxlanması üçün onun xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh təyin olunmuş alimenti vaxtlı vaxtında ödəyir, artıq pul verməyə maddi imkanı yoxdur. O, yeni ailə həyatı qurmuş və bir körpə övladı dünyaya gəlmiş, bundan əlavə xəstə anasına o baxır. Gösərilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.1986cı ildə Naxçıvan şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 59, mənzil 46-da qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 363536 №li doğum haqqında şəhadətnamənin surətinə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 23 iyul 2009-cu ildə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 414221 №li doğum haqqında şəhadətnamənin surətinə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əsasən 18 sentyabr 2014-cü ildə Bakı şəhərində anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1708/2016 №li, 29.09.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Vəliyeva (Abdullayeva) Esmira Nizami qızı arasında 22 iyun 2008-ci il tarixdə Bakı Nikah evində bağlanmış 1687 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş 23 iyul 2009-cu il təvəllüdlü X7 və 18 sentyabr 2014-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanmış, Cavabdeh İddiaçı xeyrinə 23 iyul 2009-cu il təvəllüdlü X7 və 18 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 29.09.2016-cı il tarixdən başlayaraq hər uşağa görə ayda 117 manat olmaqla cəmi, 234 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 01 mart 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə akt qeydləri kitabında 62 № ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra qadına Vəliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 saylı şəhər poliklinikasının 04 mart 2021-ci il tarixli, 92№-li arayışına əsasən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 59, məznil 46-da qeydiyyatda olan X8 07.06.2001-ci il tarixdən “Şəkərli diabet tip İİ insulin tələbli” diaqnozu ilə 26 nömrəli şəhər poliklinikasında dispanser qeydiyyatındadır. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11.08.2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən həmin tarixdə X4 ilə X9 nikahlarını bağlamaqla rəsmiləşdirmiş, bu barədə akt qeydləri kitabında 1863 № ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada qadına Vəliyeva soyadı verilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08.09.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 20 sentyabr 2019-cu ildə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 75.1. maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29.09.2016-cı il tarixli 2(007)-1708/2016 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X7 və 18 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 23 iyul 2009-cu il təvəllüdlü X3 və 18 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmin hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə idda təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar