Məhkəmə qərarları › İş №2(007)-1430/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1430/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1430/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən iddiaçılar pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmənin “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Şəmkir rayonu, Çənlibel kəndi” ünvanında qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçılar tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İddiaçılar buna əsas kimi, cavabdehin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsini iddia ərizəsində qeyd etsələr də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir, bəhs olunan aidiyyət qaydalarının dairəsi mülki prosessual qanunvericilikdə konkret olaraq sadalanmışdır, cavabdehin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi isə həmin əsasla iddianın icraata götürülməsi üçün əsas hesab edilə bilməz. O cümlədən, hazırkı iddia tələbi MPM-in 36-cı maddəsinin təsir dairəsinə də düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Şəmkir Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar